Banner

Deputat biletsiz sərnişinlərin cərimələnməsindən danışdı

Gündəm 15 Oktyabr 2016 03:25 Oxunub 1899
Deputat biletsiz sərnişinlərin cərimələnməsindən danışdı
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Elmira Axundova: «Bütün bunlar bir sıra müsbət nəticələrə səbəb olacaq»

Milli Məclisin deputatı Elmira Axundova sərnişindaşımada qayda-qanunun bərpası məqsədilə biletsiz sərnişin daşınması ilə bağlı İnzibati Xətalar Məcəlləsinə dünən edilən dəyişikliklə bağlı Avtosfer.az-a açıqlama verib. Millət vəkili bildirib ki, İnzibati Xətalar Məcəlləsinə nəqliyyatda biletsiz sərnişin daşınmasına qarşı cərimə ilə bağlı edilən dəyişiklik labüddür. Çünki günümüzdə şəhərdaxili sərnişin daşımalarında biletdən istifadə olunmur. Ona görə “bilet” sözünün “müvafiq qaydada ödəniş” ifadəsi ilə əvəzlənməsi məntiqidir. Müvafiq qaydada ödəniş dedikdə isə vahid ödəmə kart sisteminə keçid nəzərdə tutulur.

Elmira Axundova xatırladıb ki, Prezidentin 21 dekabr 2015-ci il fərmanı ilə Bakı Nəqliyyat Agentliyi yaradılıb: «Məhz onun nəzarəti altında hazırda bildiyimə görə, Bakı şəhərində 1, 2, 3, 5, 6, 7, 8, 13, 14 saylı marşrut xətlərindəki avtobuslarda, eləcə də metronun "28 May" stansiyasından Heydər Əliyev Beynəlxalq Hava Limanı istiqamətində hərəkət edən "Ekspress" avtobusda kart ödəniş sistemi tətbiq edilir. Kart sistemi tətbiq ediləcək marşrut avtobuslarının keçdiyi ərazilərdə ödəniş terminalları quraşdırılır. Əlbəttə, bütün bunlar bir sıra müsbət nəticələrə səbəb olacaq. 

Əvvəla bu sistemin tətbiqi ilə sürücülərə aylıq əmək haqqı veriləcək, sürücüləri gündəlik plan ödəməkdən azad edəcək. Bununla sürücülərin yollarda sürət həddini aşmasına, dayanacaqlarda uzun müddət dayanmalarına, avtobusa həddən artıq sərnişin mindirməsinə, avtobusu dayanacaqdan kənarda saxlamasına ehtiyac qalmayacaq. İkincisi, bu sistemə keçid həm də ictimai nəqliyyatda ödənişlərin beynəlxalq standartlara uyğunlaşdırılmasına gətirib çıxaracaq. Eyni zamanda sürücü ilə sərnişin arasında birbaşa əlaqəni aradan qaldıracaq. İndiki halda sürücü sərnişindən ödənişi almaq üçün fikri yayınır, bilmir nəqliyyat vasitəsini idarə etsin, pulu alsın, yoxsa sərnişini mindirib-düşürsün. Bu da bir çox hallarda bədbəxt hadisələrə səbəb olur. Üçüncüsü, yeni sistem nəqliyyat sektorunda vəsaitlərin hərəkətinə nəzarəti mümkün edəcək. Çünki vahid ödəniş sistemi nəqliyyat sektorunda ödənişlərlə bağlı dövriyyəni müəyyənləşdirməyə imkan verəcək. Bu da vergiyə cəlb olunma və şəffaflığın təmin edilməsi baxımından əhəmiyyətli olacaq.

Bununla belə demək istərdim ki, artıq cənab prezidentin məlum Fərmanından 1 il keçməsinə baxmayaraq hələ də az iş görülüb. Heç Bakı bütünlüklə vahid kart sistemi ilə təmin olunub başa çatdırılmayıb. Halbuki nəhəng qonşumuz olan 150 milyonluq Rusiyada bu proses tam şəkildə bütün ölkə üzrə həyata keçirilib. Onlarda vahid kart ictimai nəqliyyatın bütün növlərində qüvvəyə malikdir. Bizdə isə bu proses yalnız Bakı şəhərindədir, ikincisi metro və avtobus kartları fərqlidir, üstəlik bu sahədə işlər ləng gedir.

Hesab edirəm ki, digər fikir verməli olacağımız məsələ bu kartların hər kəs üçün əlçatan olmasıdır. Çalışmaq lazımdır ki, 1, 5, 10, 15 və s., yəni hər gedişdə kartlar olsun. Məsələn, mən Rusiyaya gedəndə 1-2 dəfə istifadəlik üçün kart alıram. Əgər ölkəmizə gələn turist və ya elə götürək ölkə vətəndaşı avtobusdan cəmi 2-3 dəfə istifadə edirsə, ona 50 gedişlik kart aldırmağa ehtiyac yoxdur. Bu, insanlar üçün əlavə xərcdir. Buna görə də yenə deyirəm ki, kartların qiymətləri gedişlərinə görə müəyyən edilməlidir. Ümumilikdə isə dəyişikliyi dəstəkləyirəm».

 

Elməddin

ŞƏRH YAZ
Ad

E-mail

Şərh