Deputatdan deputatlara cavab: «DYP bizi cərimələyə bilər»
Ölkəmizdə yol hərəkəti ilə bağlı ciddi problemlərin olduğunu desək yanılmarıq. Bunlardan biri də "yol terroru” ilə mübarizə aparmaqdır. Əvvəllər bu problemin radarlar vasitəsilə müəyyən qədər həll ediləcəyi düşünülsə də, bu, özünü tam doğrultmadı. Doğrudur, ölkənin əsas yollarınmda radar, kamera sisteminin quraşdırılması bir sıra pöroblemlərin həllinə kömək edib, amma bu sahədə çətinliklər hələ də qalır. Bu gün cəmiyyətdə “Yol hərəkəti haqqında” qanuna uyğun olaraq, respublika avtomobil yollarında gizli radarların quraşdırılması, kimlərinsə radarlardan "toxunulmazlıq" statusuna malik olması ilə bağlı müxtəlif fikirlər səsləndirilir. Xüsusən də, deputatlar Milli Məclisin iclasında bu məsələyə xüsusi yanaşma tələb edərək radara düşdükdə cərimədən azad edilmələrini istəyiblər. Bunun nə dərəcədə doğru olub-olmaması ilə bağlı ekspertlərin rəyi maraq doğurur.
Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü, millət vəkili Rafael Cəbrayılov Avtosfer.az-a açıqlamasında deyib ki, qanunvericiliyə görə, deputatın toxunulmazlıq hüququ yalnız cinayət qanunvericiliyinə aiddir. Ona görə də, inzibati xəta törətmiş – yəni, avtomobil idarə edərkən sürət həddini aşan, svetoforun qırmızı işığından keçən, dayanma-durma və digər yol hərəkəti qaydalarını pozan deputatlar dövlət yol polisi əməkdaşı tərəfindən cərimə oluna bilər: «Buradan belə aydın olar ki, yalnız inzibati həbs tətbiq oluna bilməz. Amma deputat maşını özü idarə edirsə və yol hərəkəti qaydasını pozursa, bu artıq tamamilə başqa bir məsələdir. Yəni, yol polisinin onu saxlaması və cərimə tətbiq etməsi mümkündür. Amma yenə deyirəm ki, inzibati həbs və digər məcburi hərəkətlərdən söhbət gedə bilməz. Məsələn, avtomobilə baxış keçirmək və digər bu kimi hərəkətlər cinayət hüququ tədbirləri sayılır. Hətta, deputat avtomobili sərxoş vəziyyətdə idarə edərsə və yol polisi bunu aşkarlayarsa, avtomobil cərimə meydançasına da aparıla bilər».
Bütün bunlarla yanaşı, millət vəkili hesab edir ki, toxunulmazlıq hüquq ilə bağlı ayrıca qanunun qəbul edilməsi vacib məsələdir. Burada toxunulmazlıq hüququ olan şəxslərin mülki, inzibati və cinayət məsuliyyətinə qədər bütün məsuliyyət növləri dəqiq müəyyən edilməlidir: «Bu gün bu məsələlər hüquqda kifayət qədər düzgün əksini tapmayıb»
Hüquqşünas, ekspert Şəmsəddin Əliyev anspress-ə bildirib ki, ölkədə sürücünün hərəkət zamanı sezə bilmədiyi özəl və gizli radar kameraların quraşdırılması qanunun tələbinə ziddir. Çünki radarların quraşdırılmasında məqsəd sürücülər tərəfindən baş verə biləcək yol nəqliyyat hadisələrinin qarşısını almaqdan ibarətdir. Sürücü bir növ texniki qurğunu görüb əyləci basır, hərəkət istiqamətinə daha diqqətli olur. Nəticədə hadisənin qarşısı alınır.
Onun sözlərinə görə, Bakı şəhərində ictimai asayişin və hərəkətin təhlükəsizliyini təmin etmək məqsədilə mövcud 643 yolayrıcında, 59 yeraltı və yerüstü piyada keçidində, 267 işıqforda 1200 ədəd veb kameraların quraşdırılması planlaşdırılıb. Bu proses iki mərhələdə başa çatacaq. İlk mərhələdə 800-ə yaxın veb-kameralar quraşdırılıb, proses davam edir.
"Polisə dəstək" İctimai Birliyi sədrinin fikrincə, sükan arxasında kimin əyləşməsindən asılı olmayaraq o, mədəni, sürücü peşəsinin peşəkarlığını artırılmalı, ağılla idarə etməyi bacarmalı, qanunla onun tələbi əsasında quraşdırılan qurğuların işarələrinə hörmətlə yanaşmalıdır. Belə olmayanda ciddi fəsadlar ortaya çıxır. Statistikaya görə, son üç rübdə yol-nəqliyyat hadisələri nəticəsində ölkə üzrə 845 nəfər dünyasını dəyişib, 253 nəfər xəsarət alıb. Bunun 74 nəfəri, xəsarət alanlardan isə 175 nəfəri uşaqlar olub. Ümumilikdə, əvvəlki ilin 9 ayı ilə müqayisədə bu il nisbətən ölüm faktı artıb. Yaralıların sayı isə 5 faiz azalıb.
Hüquqşünas "toxunulmazlıq" məsələsinə də aydınlıq gətirib: "Qanunvericilikdə belə hal mövcud deyil. Hər kəs qanunun tələblərinə əməl etməlidir."
Xatırlatmaq yerinə düşər ki, bir müddət əvvəl Milli Məclisin iclasında “Yol hərəkəti haqqında” qanuna əlavə və dəyişikliklər müzakirəyə çıxarılan zaman parlament üzvləri avtomobillərinin yollarda elektron radara düşməsindən və buna görə cərimələr tətbiq olunmasından şikayətləniblər. Onlar cərimələrin tətbiqi zamanı deputatların fəaliyyətlərinin nəzərə alınmasını təklif ediblər.
Ş.Əliyev deyib ki, müasir dövr, demokratik ölkələrdə Konstitusiyanın inkişaf meyli deputat immunitetinin zəiflədilməsi, tədricən aradan qaldırılması ilə xarakterizə olunur. İndi bəzi parlament üzvləri bu imtiyazdan istifadə edib dövlət orqanlarına təsir edir, sahibkarlıq və kommersiya fəaliyyəti ilə məşğul olurlar. Lakin təşəkkül tapmış və dairəsini genişləndirmiş demokratik ölkələrdə deputat toxunulmazlığının heç bir mənası yoxdur.
Yol hərəkəti üzrə ekspert Ərşad Hüseynov da bildirib ki, qanunvericilikdə heç kimin cəriməni ödəməkdən azad olunması kimi istisna halı yoxdur: "Deputat toxunulmazlığı millət vəkilinə qanunu pozmağa icazə vermir. Bu, qanunu pozan deputatın məsuliyyətə cəlb olunmasının xüsusi qaydasıdır. Yəni onların qanunu pozmaq yox, qanunu pozduğu halda bir qədər fərqli qaydada cəzalanmaq hüququ var».
Nurlan