DİQQƏT! Komendant saatı 21:00-dan 00:00-dək qüvvədə qalır? - VİDEO

Xəbər verdiyimiz kimi, Milli Məclisin bu gün keçirilən iclasında Prezident İlham Əliyevin 2020-ci il dekabrın 12-də saat 00:00-dan Hərbi vəziyyətin ləğv olunması haqqında Fərmanının təsdiq edilməsi barədə Milli Məclisin Qərarına baxılıb.
Qərar səsə qoyularaq qəbul edilib. Beləliklə, bu gecə saat 12:00-dan sonra Azərbaycanda elan olunan şəhər və rayonlar üzrə komendant saatı ləğv edilir.
Qeyd edək ki, 2020-ci il sentyabrın 28-indən etibarən komendant saatı tətbiq edilirdi. Komendant saatının vaxtı isə axşam saat 21:00-dan səhər saat 06:00-a kimi idi.
Milli Məclisin qərarından sonra sosial şəbəkələrdə insanları bir sual maraqlandırır: Bu gün 21:00-dan 00:00-dək komendant saatının tətbiqinə əməl etməmək qanun pozuntusu sayılırmı? Əksər insanlar şənbə-bazar günü olduğundan Bakıdan rayonlara üz tutur. Belə olduğu halda mənzil başına çatmaq vaxtı saat 21:00-ı keçərsə, Hərbi vəziyyət rejiminin tələblərinin pozuntusu kimi sayılarmı?
21:00-00:00-DƏK HƏRBİ VƏZİYYƏT QANUNLARINA ƏMƏL ETMƏMƏK QANUN POZUNTUSU SAYILIRMI?

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov məsələyə aydınlıq gətirib: “Komendant saatı yalnız 12:00-dan sonra ləğv olunacaq”.
Beləliklə, bu gün saat 21:00-dan 00:00-dək hərbi vəziyyət qüvvədə qalır. Hərbi vəziyyət rejiminin tələblərini pozan, komendant saatının təmin olunmasına cəlb edilmiş polis əməkdaşlarının və hərbi qulluqçuların qanuni tələblərinə əməl etməyən şəxslər haqqında hüquqi məsuliyyət tədbirləri görüləcək. Bu gün 00:00-dək hərbi vəziyyət rejiminin tələblərini pozanlar cərimələnəcək.













