Banner

Gəncə terrorunda valideynlərini itirən üç yaşlı Xədicə nənəsinin himayəsinə verildi - VİDEO

Gündəm 6 Noyabr 2020 12:40 Oxunub 1742
Gəncə terrorunda valideynlərini itirən üç yaşlı Xədicə nənəsinin himayəsinə verildi - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

“Ermənistan silahlı qüvvələri tərəfindən Gəncə şəhərinin ballistik raketlə vurulması nəticəsində valideynlərini və bacısını itirən Şahnəzərli Xədicə Röyal qızı ilə bağlı kütləvi informasiya vasitələrində və internet resurslarında məlumatlar yayılıb. Bu görüntülər haqlı olaraq cəmiyyətdə narahatlığa səbəb olub”. Bununla bağlı Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin yaydığı məlumatda deyilir. “Bildiririk ki, noyabrın 3-də Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin nümayəndələri vəziyyəti araşdırmaq məqsədilə ailəyə səfər ediblər. Üç yaşlı X.Şahnəzərli Samux rayonu Seyyidlər kəndində ana nənəsinin himayəsindədir, yaşadığı ev uyğun şəraitlidir və psixoloji vəziyyəti normal olaraq qiymətləndirilir.

Hazırda kütləvi informasiya vasitələrində yayılmış məlumatı nəzərə alaraq bildiririk ki, azyaşlı Komitə tərəfindən nəzarətə götürülüb, qiymətləndirilmə aparılaraq qanunvericilikdə nəzərdə tutulmuş qaydada uşağın ən yaxşı maraqlarına uyğun tədbirlər görüləcək.

Qeyd edək ki, həyata keçirilən tədbirlərlə bağlı ictimaiyyətə ətraflı məlumatlar təqdim ediləcək”, - məlumatda vurğulanıb.

***

Oktyabrın 17-də Ermənistanın Gəncə şəhərini bombalaması nəticəsində atasını, anasını və yaş yarımlıq bacısını itirən 3 yaşlı Xədicə Şahnəzərova ilə bağlı dünəndən sosial şəbəkələrdə video yayılıb. Görüntülərdə Xədicənin dayanmadan ağlaması və böyüklərin bir-biri ilə uşağa görə mübahisə etdiyi yer alıb. Məlum olub ki, hadisədən bir neçə həftə keçməsinə baxmayaraq, hələ də, körpənin kimin himayəsində qalması ilə bağlı məsələ həll olunmayıb. Elə videoda da onun kimlə getməsi ilə bağlı ana və ata tərəfdən olan yaxınları razılığa gələ bilmir. Bu hadisə sosial şəbəkələrdə geniş müzakirələrə və hiddətə səbəb olub, yaxınlarının bu hərəkəti azyaşlıya təzyiq kimi qiymətləndirilib. 

Məsələ ilə bağlı millət vəkili Naqif Həmzəyev “Qafqazinfo”ya bildirib ki, çox təəssüf ki, 3 yaşlı Xədicənin himayəyə götürülməsilə bağlı iki tərəf arasında anlaşılmazlıq var və tərəflər razılığa gələ bilmir: “Bu məsələ ilk andan hər kəsi narahat edir. Hər iki tərəf öz nəvələrini istəyir və uşağı himayəyə götürməyə iddialıdır. Hazırda məhkəməyə müraciət olunub və ümid edirəm ki, hansı tərəf uşağın psixoloji cəhətdən qorunmasına və sağlam, savadlı övlad kimi böyüməsinə şərait yarada biləcəksə, o tərəfə veriləcək. Zərurət yarandığı təqdirdə aidiyyati qurumlar tərəfindən lazımi dəstək göstəriləcək”. 

“Təmiz Dünya” İctimai Birliyinin rəhbəri Mehriban Zeynalova bildirib ki, 3 yaşlı Xədicəyə Ombudsman Aparatının əməkdaşları tərəfindən psixoloji yardım göstərilib. Yaxşı olardı ki, ailəsinə, o cümlədən, uşağı himayəyə götürmək istəyən şəxsə də psixoloji yardım göstərilsin: “Xədicəni himayəsinə götürəcək şəxsin özünə də psixoloji yardım göstərilib, sonra himayəyə verilməlidir. Ümumiyyətlə, Xədicə  bu dövrü, ən azı 1-1,5 ay psixoloji yardım almalı idi”.

Qeyd edək ki, Xədicənin taleyi təkcə yaxınlarını deyil, bütün Azərbaycanı narahat edir. 


ŞƏRH YAZ
Ad

E-mail

Şərh