Dövlətlər mobil cihazların istehsalında partlayıcı materiallardan istifadəni qadağan etməlidir – MÜTƏXƏSSİSDƏN XƏBƏRDARLIQ
Son günlər İran və İsrail arasında gərginlik artmaqdadır. Hər iki tərəf arasında baş verən siyasi və hərbi hadisələr bölgədəki sabitliyə ciddi şəkildə təsir edir.
Avtosfer.az xəbər verir ki, dünən Livanda baş verən hadisə regional gərginliyi daha da artırdı. Bəzi Hizbullah üzvləri, İranın Livandakı səfiri və digər tanınmış şəxslərin üzərindəki mobil cihazlar İsrail tərəfindən həyata keçirilən kiberhücuma məruz qalıb. Hədəf alınan mobil cihazların heklənməsi son nəticədə partlayışlara səbəb olub. Hadisədə 2 mindən çox insan yaralanıb, bu isə bölgədəki təhlükəsizliklə bağlı vəziyyətin nə qədər həssas olduğunun sübutudur.
İnformasiya və kommunikasiya texnologiyaları üzrə mütəxəssis Elvin Abbasov saytımıza açıqlamasında deyib ki, Livanda baş verən peycer partlayışları texnoloji sabotaj və ya hədəfli bir kiberhücum kimi qiymətləndirilə bilər.
“Cihazların eyni vaxtda partladılması, çox güman ki, xarici müdaxilə ilə əlaqəlidir və bu, peycerlərin zəif şifrələməsi və ya idarəetmə sistemlərindəki boşluqlardan istifadə olunaraq həyata keçirilib.
Bu cür hücumlar adətən iki əsas yolla həyata keçirilə bilər. Birincisi, cihazların istehsal və ya çatdırılma mərhələsində zərərli proqram və ya partlayıcı maddələrin yerləşdirilməsi ilə. İkincisi isə, cihazların şəbəkə vasitəsilə uzaqdan idarə olunması və sinxron şəkildə partladılması ilə mümkündür. Hər iki halda da yüksək səviyyəli texniki bilik və koordinasiya tələb olunur.
Bu hadisə göstərir ki, rabitə cihazları, xüsusən də qapalı sistemlərdə işləyən texnologiyalar hər zaman yüksək səviyyədə qorunmalıdır. Təhlükəsizlik tədbirləri yetərli səviyyədə olmasa, bu cür hücumlar daha geniş miqyasda həyata keçirilə və ciddi nəticələrə səbəb ola bilər. Xüsusilə dövlət qurumları və təşkilatlar belə cihazların şifrələmə səviyyəsini və təhlükəsizlik protokollarını gücləndirməlidir ki, bu cür kütləvi hücumların qarşısı alına bilsin”.
Beynəlxalq əlaqələr üzrə mütəxəssis Fərhad Mehdiyev redaksiyamıza açıqlamasında bildirib ki, işin hüquqi tərəfinə gəldikdə, nə telekommunikasiya, nə də telefon istehsalatçıları belə vəziyyətdə məsuliyyət daşıyır, çünki bu fövqəladə haldır.
“Bu cür telefonların partlaması istehsalat qüsurları kimi irəli sürmək indiki halda düzgün deyil. Materialların istifadəsi ilə bağlı dövlətlər müəyyən qadağalar qoymalıdır, çünki həmin maddələr partlayışa səbəb olur. Hökümətlər proqram təminatı səviyyəsində müəyyən tədbirlərin alınmasını şərt olaraq irəli sürə bilər. Bu cür kiberhücümları həyata keçirənlərin kifayət qədər proqram təminatı biliyi var. Proqram təminatı məsələsi nisbidir, yəni həqiqi qorumanı təmin etməyə bilər. Belə qorumanın yeganə yolu alışmaya meyilli materiallardan istifadə olunmamasıdır. Mövcud vəziyyətdə qüsurlu xidmət, qüsurlu mal anlayışını ortaya qoya bilmərik. Çünki bu birdən-birə patlayan maddə deyil. Ona qalsa, bunun partladılmasının özü texniki yenilikdir. Məsuliyyətin yaranması üçün hüquqda bir qayda var, nəzərə alına bilmə. Əgər bir məsələ nəzərə alına bilmirsə, kiminsə qüsurlu hərəkət etdiyini irəli sürmək mümkün deyil. Düzdür, ara-sıra eşidirdik ki, kiminsə telefonu partladı, amma bu çox nadir olub.
Mütəxəssis sonda onu da vurğulayıb ki, yalnız nəzərə alına bilmə halı ortaya çıxarsa, bundan sonra batareyanı o şəkildə istehsal edənlər məsuliyyətə cəlb oluna bilər və öngörülə bilmə elemənti meydana gəlmiş olur ki, bəli, batareyalar partlaya bilər.
Qeyd edək ki, Livanda mobil cihazların partlaması ilə bağlı Tayvana aid şirkətlə əlaqədar ölkədə araşdırmalar başladılıb. Həmçinin mobil qurğuların “Motorolla” brendinə aid olması da dünya mediasında yayılan faktlardan biridir.
Hülya