Ekspert: Taksilərə verilən müddət ən azı dekabra kimi uzadılmalıdır

Gündəm 4 İyul 2024 14:40 Oxunub 250
Ekspert:  Taksilərə verilən müddət ən azı dekabra kimi uzadılmalıdır
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Baş nazir taksilərlə bağlı qərar imzalayıb.  Belə ki, “Ümumi istifadədə olan avtomobil nəqliyyatı ilə ölkədaxili sərnişin və yük daşımalarını yerinə yetirən sürücülərin peşə fəaliyyətinə və davranışına, iş və istirahət rejiminin xüsusiyyətlərinə, habelə avtomobil nəqliyyatı ilə sərnişin və yük daşımalarını tənzimləyən normativ hüquqi aktlara və taksi minik avtomobillərinin sürücüləri üçün etik davranış və avtomobil nəqliyyatı ilə sərnişin daşımalarını tənzimləyən normativ hüquqi aktlara dair xüsusi hazırlığın qiymətləndirilməsinin nəticələrinə dair sənədin forması və qiymətləndirilmənin aparılmasına görə haqqın məbləği”ni təsdiq edib.
 
Bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb.
Qərara əsasən, “Ümumi istifadədə olan avtomobil nəqliyyatı ilə ölkədaxili sərnişin və yük daşımalarını yerinə yetirən sürücülərin peşə fəaliyyətinə və davranışına, iş və istirahət rejiminin xüsusiyyətlərinə dair xüsusi hazırlığının qiymətləndirilməsinin nəticələrinə dair sənədin forması”, eləcə də “Taksi minik avtomobillərinin sürücülərinin etik davranış və avtomobil nəqliyyatı ilə sərnişin daşımalarını tənzimləyən normativ hüquqi aktlara dair xüsusi hazırlığının qiymətləndirilməsinin nəticələrinə dair sənədin forması” təsdiq edilib, Dövlət İmtahan Mərkəzi tərəfindən ümumi istifadədə olan avtomobil nəqliyyatı ilə ölkədaxili sərnişin və yük daşımalarını yerinə yetirən sürücülərin peşə fəaliyyətinə və davranışına, iş və istirahət rejiminin xüsusiyyətlərinə dair hazırlıqlarının, habelə taksi minik avtomobillərinin sürücülərinin etik davranış və avtomobil nəqliyyatı ilə sərnişin daşımalarını tənzimləyən normativ hüquqi aktlara dair xüsusi hazırlıqlarının qiymətləndirilməsinin aparılmasına görə haqqın məbləği 35 manat müəyyən edilib.
  Qərar “Ümumi istifadədə olan avtomobil nəqliyyatı ilə ölkədaxili sərnişin və yük daşımalarını yerinə yetirən sürücülərin peşə fəaliyyətinə və davranışına, iş və istirahət rejiminin xüsusiyyətlərinə, habelə avtomobil nəqliyyatı ilə sərnişin və yük daşımalarını tənzimləyən normativ hüquqi aktlara dair hazırlıq üzrə Xüsusi Proqram”ı bitirmək haqqında müvafiq şəhadətnamələrə malik şəxslərə şəhadətnamənin etibarlılıq müddətinin sonunadək və 2024-cü il 1 iyul tarixinədək “Taksi minik avtomobillərinin sürücüləri üçün etik davranış və avtomobil nəqliyyatı ilə sərnişin daşımalarını tənzimləyən normativ hüquqi aktlara dair xüsusi hazırlıq” keçmiş şəxslərə şamil edilmir.
 
Avtosfer.az-ın məlumatına görə, nəqliyyat eksperti İlqar Hüseynli isə açıqlamasında deyib ki, taksi sürücülərinə öz fəaliyyətlərini leqallaşdırmaları, xidmət keyfiyyətlərini yüksəltmələri üçün iyulun birinə qədər vaxt verilməsi doğru deyil:
 
“Bu tarix çox qısadır,  ən azı dekabr ayına kimi uzadılmalıdır ki, taksi xidməti  kimi fəaliyyət göstərmək istəyən sürücülər də icazə ala bilsinlər. Sənədlərinin düz olmasına rəğmən sıxlıq, növbə səbəbindən əksəriyyət heç qeydiyyatıını təsdiqlədə bilmir. Bu da özlüyündə korrupsiyaya, tapşırıq kimi qanunsuz əməllərə  yaşıl işıq yandırır. Bəzi “işbaz”lar  sürücülərdən pul tələb edir ki, sənədlərini axşam gətir, sabaha qədər həll olunacaq. 
 
Taksi xidməti kimi fəaliyyət göstərən nəqliyyat vasitələrinə imkan yaradılmalıdır ki, işini davam etdirə-etdirə sənədlərini qaydaya salsınlar. Ən azından rayonlara uyğun kvotalar verilməlidir ki, filan vaxta qədər filan rayonda qeydiyyatda olan taksi sürücüləri buraxılış kartı almalıdır. Birdən-birə bu qədər sürücünü  bir qurumun qapısına yığmaq düzgün deyil. Bu, istənilən halda xidmətdə defisit yaradacaq”. 
  Ekspertin sözlərinə görə, tələb edilən şərtlərə cavab verməyən sürücülər yenə də xidmətlərini davam etdirəcəklər: 
“Cərimələnsə belə vətəndaşlar  yenə də işləməyə məcburdur. Cərimələrlə, qadağalarla, 60-70 min insanın qarşısını almaq mümkün olmayacaq. Başqa yolları da yoxdur. Bu insanlar öz işlərini itirməmək üçün bu yolla mübarizə aparacaqlar. Aidiyyəti qurum elə bir mexanizm yaratmalı idi ki,  insanlar bilərəkdən qanun pozuntularına yol verməsin. Təsəvvür edin, dünənə kimi  leqal hesab olunan xidmət artıq bu gün qeyri-leqal fəaliyyət kimi qəbul edilir. Buraxılış kartının alınması ilə bağlı müddət ilin sonuna qədər uzadılsa, bəlkə də, leqallaşma prosesinin 70 faizinə nail ola bilərik”. 
Qiymət bahalaşmasına gəldikdə isə ekspert deyib ki, bundan sonra o qədər də bahalaşma olmayacaq. 
 
İqtisadçı alim Fikrət Yusifov isə hesab edir ki, taksi ilə sərnişin daşınması sahəsində son bir neçə ildə formalaşmış qiymətlər reallıqdan çox uzaq idi. Onun sözlərinə görə, bunu Azərbaycanda hər kəs bilir: “Qiymətlərin belə ucuz olması demək olar ki, həm müştərilər, həm də taksi xidməti göstərən şirkətlər üçün sərf edirdi. Məsələn, şəhər daxilində yaxın məsafəyə getmək üçün taksi sifariş edəndə bəzən gediş haqqı manatla deyil, qəpiklə ölçülürdü. Dünyanın heç bir yerinə belə qiymətlər yoxdur. Taksi xidməti göstərən şirkətlər işə götürdükləri sürücüləri amansızcasına istismar edirdilər. Taksi sürücüsü bir növbə ərzində 28-30 daşıma edir və bunun üçün bəzən 15-16 saat çalışırdı ki, bu da fiziki cəhətdən çox ağır idi. Belə sürücülər yorğunluq səbəbindən tez-tez qəzalar törədirdilər. İşə götürülən sürücülərin sağlamlığı, geyimi, sərnişinlə davranış mədəniyyəti isə şirkət sahiblərini qətiyyən maraqlandırmırdı”. Sabiq nazir deyib ki, bu biabırçılığa son qoyulmalı idi: “Nəticədə bu addım atıldı. İndi taksi xidməti göstərən şirkətlərin qarşısında konkret tələblər qoyulub və bu tələblərə əməl etməyənlər xidmət göstərə bilməzlər. Qiymətlərə gəlincə, normal taksi xidməti olan yerdə daşımanın qiyməti də real olmalıdır. Biz yeni qiymətlərin baha olduğunu ona görə iddia edirik ki, öncəki qiymətlər real deyildi. Yəni indiki qiymətləri əvvəl mövcud olmuş ucuz və real olmayan qiymətlərlə müqayisə edib, bu qənaətə gəlirik”.
 
(sherg.az)
ŞƏRH YAZ
Ad

E-mail

Şərh