Əlil arabasında olan insanların ən böyük problemi - Bu yerlərdən necə keçsinlər?

Fiziki məhdudiyyətli insanların piyada keçidlərindən rahat istifadə etməsi hələ də problem olaraq qalır. Düzdür, bəzi keçidlərdə onlar üçün imkanlar yaradılıb. Lakin buna baxmayaraq, fiziki məhdudiyyətli insanlar bu məsələ ilə bağlı çətinliklərlə qarşılaşırlar və digər şəxslərin köməyi olmadan keçiddən istifadə edə bilmirlər.
Bununla əlaqəli yol-nəqliyyat məsələləri üzrə ekspert Elməddin Muradlı Primetime.az-a danışarkən əlillərin istər yeraltı, istərsə də yerüstü piyada keçidlərindən istifadə etməsinin problem olaraq qaldığını deyib:
“Burda infrastruktur elə qurulub ki, əlillərin başqalarının köməyi olmadan küçələrdə, yollarda, keçidlərdə sərbəst hərəkəti mümkün deyil. Bəzən çox çətin olur. Bunun təkcə Azərbaycanda belə olduğunu düşünmək də düzgün deyil. Çünki dünyanın bir çox ölkələrində vəziyyət bu yerdədir. Hətta avropalı bir blogger bir çox yerlərdə əlil arabasında xüsusi dəbilqə və digər vasitələrdən istifadə edərək test edib və bir neçə dəfə yıxılıb xəsarət almışdı. Yəni, bu infrastruktur elə qurulmalıdır ki, əlillər həqiqətən də başqalarının köməyi olmadan piyada keçidlərindən istifadə edə bilsinlər. Reallıq isə bunu əngəlləyir. Yeraltı, yerüstü keçidlər elə tikilir ki, sərt eniş, sərt yoxuş əmələ gəlir və nəticədə əlillərin sərbəst hərəkəti çətin olur. Bu baxımdan düşünürəm ki, işlər görülərkən layihələndirmədə bu məsələyə diqqət yetirmək lazımdır”.
Ekspert qeyd edib ki, layihələr başa çatandan sonra “burda əlillər üçün hərəkət nəzərdə tutumalıdır” düşüncəsi gözlənilən effekti verməyəcək:
“Bakı Nəqliyyat Agentliyi səkilərdə əlillərin hərəkəti, keçidlərdən istifadə etməsi üçün panduslar yaratdı. Bu, atılan ilkin addımlardır. Fikrimcə, yaxın gələcəkdə digər vasitələrdən də istifadə etmək olar. Amma əlil arabalarının tam olaraq sərbəst hərəkətinin mümkün olmasını düşünmürəm. Bir çox ölkələrdə də problem təxminən eynidir və həlli ilə bağlı addım atmaq mümkünsüzdür. Ola bilər bəzi ölkələrdə normal şərait yaradılıb. Amma konkret olaraq MBD məkanında, bizə yaxın olan digər ölkələrdə bu, bir az çətin məsələdir. Gələcəkdə yol infrastruktru yeniləndikcə bu məsələlərə diqqət göstərmək faydalı olar”.
Əlil Təşkilatları İttifaqının sədri Davud Rəhimli isə saytımıza açıqlamasında bildirib ki, bu istiqamətdə son vaxtlar qanunvericilik və icra sahəsində bəzi irəliləyişlər var:
“Baxmayaraq ki, bizdə hələ standartlar qəbul olunmayıb. Xüsusilə Nazirlər Kabinetinin 405 saylı qərarı, Bakı Nəliyyat Agentliyinin həyata keçirtdiyi yüksək keyfiyyətli fəaliyyətləri qeyd etmək lazımdır. Ancaq təəssüflə qeyd etməliyik ki, Bakı şəhəri və eləcə də regionlar əlilliyi olan şəxslər üçün müyəssər deyil. Qeyd etdiyiniz məsələ ümumi problemin bir hissəsidir və bu sahədə də vəziyyət ürəkaçan görünmür”.
D.Rəhimli bildirib ki, təkcə keçidlər deyil, həmçinin Bakı Metropoliteni də fiziki qüsurlu şəxslərin istifadəsi üçün uyğun deyil:
“Yeni tikilən stansiyalarda bu, nəzərə alınır və müsbət haldır. Lakin əksəriyyət təşkil edən digər stansiyalar müyəssər deyil. Bir neçə ay əvvəl metropoliten səlahiyyətləri bəzi qurğuların gətirildiyini bildirdilər və nümayiş etdirdilər. Bu isə məsələnin həlli deyil və problemi həll edə bilməz. Buna başqa yanaşma lazımdır».
Müsahibimiz düşünür ki, yeraltı keçidlərdə qoyulan ramplar standartlara uyğun deyil: “Və istifadə üçün yararsızdır. Quraşdırılan müasir qurğuların da əksəriyyətinin istifadə qaydaları yoxdur. Bütün bu işlər kompleks həll olunmalı, bunun üçün qaydalar təsdiq edilməlidir. Əks təqdirdə pərakəndə, qeyri-standart fəaliyyətlər davam edəcək”.
Məsələ ilə bağlı "Bakı Metropoliteni" QSC mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov bildirib ki, bu istiqamətdə bu il mart ayının sonlarından metro tarixində ən əhəmiyyətli sosial layihə kimi "Əlçatan metro" layihəsinə start verilib:
“Layihə qeyd edilən kateqoriyadan olan sərnişinlərin metropolitendən rahat istifadə etməsinə mövcud infrastruktur daxilində ən münbit və rahat şəraiti yaratmaqdır. Bu xüsusda 2018-ci ildə dünya təcrübəsi öyrənilərək və Bakı metropoliteninin texniki xüsusiyyətləri nəzərə alınmaqla təhlillər aparıldı. Optimal variant kimi əlil arabasından istifadə edən insanlarımız üçün xüsusi texniki qurğulardan istifadə olunması qərara alındı. Məhz bu layihə cari il mart ayının sonlarından tam xidmətdədir.
Bunun üçün qatarlarda da əlil arabası üçün yerlər hazırlandı. Bu yerlər baş vaqonların maşinist kabinasına yaxın hissələrində ayrılıb. Müvafiq xidmət yaradılıb və metropolitenin bu təcrübəli mütəxəssislərindən xüsusi təlimlər keçərək hazırlanıb. Hazırda 10 nəfərlik briqada bu işi icra edir.
Səhər saat 9:00-dan axşam saat 21:00-a qədər sifarişlər yerinə yetirilir. Sifarişi internet üzərində mobil əlavə və ya mobil tətbiq adlandırılan proqram təminatı və mobil telefon nömrələri ilə vermək mümkündür. Sifarişi 1-24 saat ərzində vermək olar. Zərurət olmasa, ondan imtina etmək də olar. Xidmət tam pulsuzdur və sərnişin yalnız gediş haqqını ödəyir.
Bu xüsusda həmin qrup aşağıdakı xidmətləri də göstərir:
əlil arabası ilə hərəkət edənlər;
əsa və qoltuqaltı ağac ilə hərəkət edənlər;
görmə qabiliyyəti məhdud olanlar;
eşitmə qabiliyyəti məhdud olanlar;
uşaq arabacıqları ilə hərəkət edənlər;
ahıllar;
əl yükü olan hamilə qadınlar.
Yəni, bu kateqoriyadan olan sərnişinlər də xidmət sifariş edə bilərlər”.
B.Məmmədov qeyd edib ki, ola bilər, hər hansısa insan müvəqqəti olaraq metropolitendən istifadə edə bilmir:
“Bu hallar da nəzərə alınıb. Hazırda 5 ədəd əlil arabası var. Əlil arabası olmayan, lakin metropolitendə eskalator və ya pilləkənlərdən istifadə edə bilməyənlər, yaxud çətinlik çəkənlər də bu xidməti sifariş verə bilərlər. Əlil arabaları məhz bu hallar üçün nəzərdə tutulub.
Ümumən hazırda sifarişlərin həftə ərzində 15-30 arasında dəyişir. Mart ayı ilə müqayisədə daha çox insan bu xidmətdən istifadə etməyə başlayıb.
Bu istiqamətdə təkmilləşdirmə, dünya təcrübəsinin öyrənilməsi də davam etdirilir. Hər bir texniki yeniliklər diqqəitdə saxlanılır. Bu, sadəcə, başlanğıcdır. Gələcəkdə həm tələbatdan, həm də metropolitenimizin xüsusiyyətləri nəzərə alınmaqla, mümkün digər yeniliklər də ediləcək.
Onu da qeyd edim ki, bundan əlavə son illərdə yeni inşa olunan və əsaslı təmir edilərək, yenidən qurulan stansiyalarda görmə qabiliyyəti məhdud insanlar üçün xüsusi zolaqlar da salınır”.













