Banner

Eşitmə əngəlli sürücü qadın sərnişinə qorxunc anlar yaşatdı - DİN-ə MÜRACİƏT

Gündəm 17 Dekabr 2025 11:18 Oxunub 542
Eşitmə əngəlli sürücü qadın sərnişinə qorxunc anlar yaşatdı - DİN-ə MÜRACİƏT
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Bakıda taksi sürücüsünün sərnişinə qarşı aqressiv davranışı ilə bağlı ciddi iddia səsləndirilib. Jurnalist Nigar Orucova yaşadığı hadisə ilə bağlı Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəisi Elşad Hacıyevə müraciət edərək vətəndaş kimi dəstək istədiyini bildirib.

Avtosfer.az xəbər verir ki, jurnalistin sözlərinə görə, o, “Uber” tətbiqi vasitəsilə taksi sifariş edib. Proqramda sürücünün eşitmə məhdudiyyətli olduğu qeyd edilsə də, əvvəlki təcrübəsində bu cür sürücü ilə problem yaşamadığı üçün sifarişi ləğv etməyib. Avtomobilə əyləşdikdən sonra marşrutu telefonda yazaraq sürücüyə göstərib. Lakin sürücü oxuya bilmədiyini bildirib. Bu səbəbdən sərnişin avtomobildən düşmək qərarı verib.

Nigar Orucova qeyd edir ki, avtomobil hələ həyətlərindən çıxmadığı üçün ödəniş etməyib. Məhz bundan sonra sürücü onun arxasınca düşərək hücum etməyə cəhd göstərib. Yalnız həyətdə olan qonşuların müdaxiləsi nəticəsində hadisənin daha ağır nəticə almasının qarşısı alınıb. Jurnalistin sözlərinə görə, sürücü daha sonra telefonunu çıxararaq onun şəklini çəkib və ərazidən uzaqlaşıb.

Hadisə bununla da bitməyib. Şikayət etmək məqsədilə avtomobilin fotosunu çəkmək istəyən Nigar Orucova bildirir ki, bunu görən sürücü avtomobili yüksək sürətlə arxaya sürərək onun üzərinə istiqamətləndirib. Yalnız son anda yoldan kənara çəkilməklə xəsarət almaqdan xilas ola bilib.

Jurnalist vurğulayır ki, bu cür davranış nümayiş etdirən sürücülər potensial təhlükə mənbəyidir və istənilən an vətəndaşların həyat və sağlamlığına ciddi risk yarada bilərlər. O, bildirir ki, əgər həmin an ətrafda kömək edəcək insanlar olmasaydı, hadisə daha ağır nəticələnə bilərdi.

Qeyd edək ki, Nigar Orucovanın sözlərinə əsasən, sürücünün əl hərəkətləri ilə təhqir etdiyini əks etdirən fotoşəkillər də mövcuddur. O, aidiyyəti qurumlardan hadisənin araşdırılmasını və sürücü barəsində müvafiq tədbirlərin görülməsini xahiş edir.

Eltac Zülfüqaroğlu

ŞƏRH YAZ
Ad

E-mail

Şərh