Evakuasiya ilə bağlı möhtəşəm təkliflər

Gündəm 22 İyul 2014 15:42 Oxunub 2379
Evakuasiya ilə bağlı möhtəşəm təkliflər
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Ərşad Hüseynov: «Problemin həlli üçün evakuasiya işinə biznes fəaliyyəti kimi baxışı dəyişmək lazımdır»

 

 

«Dayanma-durma qaydalarını pozan avtomobillərin evakuasiyasının birdəfəlik ləğvindən söhbət gedə bilməz»

 

Bakı şəhərində dayanma və durma qaydalarını pozan avtomobillərin evakuasiyasının yığışdırılması və ya bu işin DYP-dən alınaraq başqa quruma həvalə olunması barədə məlumatlar yayılmaqdadır. Avtosfer.az-ın məlumatına görə, bildirilir ki, Bakıda evakuasiya avtomobillərinin fəaliyyəti məhdudlaşdırılıb. Bu işin gələcəkdə Bakı şəhər İcra Hakimiyyətinə həvalə olunacağı da bildirilir. Bu məlumatların nə dərəcədə doğru ola biləcəyini yol hərəkəti təhlükəsizliyi məsələləri üzrə ekspert, hüquqşünas Ərşad Hüseynovdan soruşduq. O, həmin məlumatları inandırıcı saymır. Amma belə məlumatların avtomobillərin evakuasiyası işindəki çox ciddi problemlərdən qaynaqlandığını düşünür. Ərşad Hüseynov bildirdi ki, ümumiyyətlə, dayanma və durma qaydalarını pozan avtomobillərin evakuasiyasının birdəfəlik ləğvindən söhbət gedə bilməz: «Evakuasiya dünyanın iri şəhərlərində tıxacların qarşısının alınmasının, yolların intizamsız sürücülərin atıb getdiyi avtomobillərdən təmizlənməsinin hələ ki, alternativsiz üsuludur. Ona görə də bunun mövcudluğu zəruridir. Hazırda yay vaxtı olduğundan Bakıda avtomobillərin sayı minimal həddədir, amma təhsil müəssisələri işə başladıqdan sonra küçələrdə intensivlik artacaq və belə olan şəraitdə intizamsız sürücülərin harada və necə gəldi avtomobili qoyaraq getməsi çoxlarımızı bezdirəcək. Bunun qarşısını isə yalnız həmin avtomobilləri oradan evakuatorla yığışdıraraq almaq olar».

Evakuasiyanın başqa quruma həvalə edilməsini də doğru saymayan Ərşad Hüseynov qeyd etdi ki, dayanma və durma qaydalarını pozan avtomobillərin evakuasiya edilməsi yolların təmizlənməsi ilə yanaşı, qanunvericiliyə əsasən, həm də inzibati məsuliyyətə cəlb etmə üçün təminetmə tədbiridir: «Məlumdur ki, yol hərəkəti qaydalarını pozmaya görə məsuliyyətə cəlbetmə birmənalı olaraq DYP-nin səlahiyyətinə aiddir. Evakuasiya da bu səlahiyyətin tərkib hissələrindən biridir. Özü də dayanma və durma qaydalarını pozma halında sürücü nəqliyyat vasitəsinin yanında olduqda yerində də məsuliyyətə cəlbetmə var. Ona görə də, yerində məsuliyyətə cəlbetməni bir quruma, evakuasiyanı isə başqa quruma həvalə etmək mümkün deyil. Əgər belə olsa, həmin fərqli qurumlar arasında bu məsələdə rəqabət və çəkişmə yaranar, bundan isə əziyyət çəkən yalnız vətəndaşlar ola bilər. Ona görə də evakuasiya işini həyata keçirmək məsələsində DYP-nin alternativi ola biləcək qurum yoxdur». 

Ekspertin fikrincə, əslində əsas hədəf evakuasiyanı birdəfəlik ləğv etmək və ya onu başqa quruma vermək yox, bu işdəki çox ciddi problemləri həll etmək olmalıdır. «Həqiqətən də bu işdə xeyli problemlər var və bu problemlər həm vətəndaşları, həm də elə DYP-nin rəhbərliyini də ciddi narahat edir. Bunları aradan qaldırmaq isə o qədər də çətin deyil. Bu problemləri aradan qaldırmaq üçün öncə evakuasiya işinə biznes fəaliyyəti kimi baxışı dəyişmək lazımdır. Axı əsas hədəf dayanma və durma qaydalarını pozanlarla mübarizədir.». 

Ərşad Hüseynov bu mübarizənin səmərəliliyi üçün aşağıdakıları təklif edir:

1) şəhərimizin küçələrində dayanma və durmanın qadağan edilməsi ilə bağlı bütün anlaşılmazlıqlar aradan qaldırılmalıdır. Xüsusi vurğulamaq istəyirəm ki, sarı xətt kimi tanıdığımız 1.4 nişanlanmasının əvvəlki mənası bərpa olunmalıdır, şəhərin küçələri indiki vəziyyətdə bu sarı xətdən təmizlənməlidir, daha sonra bütün küçə və prospektlər diqqətlə araşdırılmalı, dayanma və durmanın qadağan olunmasının zəruri olduğu yerlərə standartlara uyğun olaraq sarı xətlər çəkilməlidir. Elə edilməlidir ki, heç bir sürücü heç bir küçə və ya prospektin heç bir yerində dayanma və durmanın qadağan edilib-edilməməsi ilə bağlı anlaşılmazlıqla üzləşməsin; 

2) dayanma və durma qaydalarını pozmaya görə sürücülərin yerində məsuliyyətə cəlb edilməsinə üstünlük verilməlidir. Hətta bunun üçün nəzarət kameralarından da istifadə oluna bilər. Çünki bu kameralar dayanma və durma qaydalarının pozulmasını daha dəqiq qeydə alır. Əgər sürücülər bilsələr ki, onların dayandığı ərazidə olan kamera dayanma və durma qaydalarını pozmanı qeydə alır və buna görə cərimə ödənilməsi qaçılmaz olacaq, onda qanunsuz dayanma və durma halları xeyli azalacaq. Nəzarət kameraları olmayan yerdə isə yol-patrul xidməti əməkdaşları tərəfindən yerində məsuliyyətə cəlb edilmə işinə üstünlük verilməlidir;

3)  dayanma və durma qaydalarını pozan nəqliyyat vasitələrinin evakuasiyasının qaydasını müəyyən edən ayrıca bir normativ akt qəbul edilməlidir. Bu normativ aktda evakuasiyanın tətbiq edilməsi halları və şərtləri dəqiq göstərilməli, daha sonra evakuasiya üzrə hərəkətlərin konkret ardıcıllığı müəyyən edilməlidir. Məsələn, həmin normativ aktda təsbit edilməlidir ki, dayanma və durmanın istənilən qaydasının pozulduğu halda yox, yalnız belə dayanma və ya durma ilə başqalarına təhlükə yarandıqda, habelə başqalarının hərəkətinə maneə yarandıqda (o cümlədən ləngimə və tıxac yaradıldıqda) sürücüsü yanında olmayan nəqliyyat vasitələri evakuasiya oluna bilər. Qalan bütün hallarda, o cümlədən sürücü avtomobilin yanında olduğu istənilən halda yalnız yerində məsuliyyətə cəlb etmə tətbiq edilməli və nəqliyyat vasitəsi sürücünün özü tərəfindən dərhal oradan uzaqlaşdırılmalıdır;

4) evakuasiyaya görə haqq alınması ləğv edilməlidir. Evakuasiya üçün yalnız DYP-nin evakuatorlarından istifadə olunmalıdır (özəl şirkətlərə məxsus avtomobillərdən bu məqsədlə heç vaxt istifadə edilməməlidir). Evakuatorların yanacağının xərci, onların sürücüsünün əmək haqqı yığılan cərimələr (o cümlədən yerində tətbiq olunan cərimələr) hesabına ödənilməlidir. Belə olduqda evakuasiya işinə biznes kimi baxılmayacaq, indiki kimi bəzi evakuatorların heyəti sürücünün avtomobildən düşərək uzaqlaşmasını gözləyərək bir göz qırpımında avtomobili evakuasiya etməyəcək;

5) evakuasiya işi və bundan sonra sürücünün məsuliyyətə cəlb edilməsi, onun avtomobilinin özünə qaytarılması qanunvericiliyə ciddi riayət edilməklə həyata keçirilməlidir. Xatırladıram ki, İnzibati Xətalar Məcəlləsinə 2 may 2014-cü il tarixli Qanunla edilmiş və 27 may 2014-cü il tarixdən qüvvəyə minmiş dəyişikliklərə əsasən, dayanma və durma qaydalarını pozmuş sürücü nəqliyyat vasitəsinin yanında deyilsə, onun iştirakı olmadan foto və ya video çəkiliş aparılmaqla nəqliyyat vasitəsinin istifadəçisi barədə inzibati xəta haqqında protokol tərtib edilməli və nəqliyyat vasitəsi yalnız bundan sonra evakuatorla mühafizə edilən duracağa aparılmalıdır. Bu halda inzibati xəta haqqında protokolda nəqliyyat vasitəsinin aparıldığı duracağın ünvanı göstərilməlidir. Protokol DYP-nin avtomobilində quraşdırılmış bort-kompyuter vasitəsilə tərtib olunaraq dərhal DYP-nin mərkəzi informasiya sistemində yerləşdirilməli və avtomobili evakuasiya edilən sürücüyə həmin protokol barədə müvafiq qaydada (SMS-lə, E-mail-lə, yaxud məktubla) məlumat verilməlidir. Hər bir halda qanunun bu tələbinə riayət olunmalıdır. Eyni zamanda heç bir sürücüyə onun idarə etdiyi nəqliyyat vasitəsindən, həmin nəqliyyat vasitəsinin nömrəsindən və s. asılı olmayaraq fərq qoyulmamalıdır. Hər kəs bilməlidir ki, qaydaları pozacağı təqdirdə məsuliyyət qaçılmaz olacaq, avtomobili qadağan olunmuş yerdə atıb getdikdə isə həm də geri qayıdarkən onu qoyduğu yerdə yox, cərimə meydançasında tapacaq.  

Ərşad Hüseynov hesab edir ki, avtomobillərin evakuasiyasında son günlər yaranmış fasilədən istifadə edərək yuxarıda göstərilən tədbirləri həyata keçirmək lazımdır. Daha sonra evakuatorların işçi heyətini, habelə DYP-nin bu işə cəlb olunan əməkdaşlarını yaxşı təlimatlandırmaq lazımdır. Eyni zamanda sürücüləri, də maarifləndirmək və bu işin zəruriliyinə inandırmaq lazımdır. Belə edilən halda evakuasiya ətrafında yaranan söz-söhbətlər, çoxları üçün baş ağrısına çevrilən bu problem birdəfəlik həll oluna bilər.

 

Seymur Əliyev

ŞƏRH YAZ
Ad

E-mail

Şərh