Evakuasiyadan əvvəl sürücüyə SMS gəlsin, gəlməsin?

Gündəm 1 Noyabr 2014 08:01 Oxunub 1624
Evakuasiyadan əvvəl sürücüyə SMS gəlsin, gəlməsin?
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Bir çox ölkələrdə avtomobillər evakuasiya edilməzdən öncə sürücüyə məlumat verilir

 

 

Ərşad Hüseynov: «Bizdə avtomobil evakuasiya edildikdən sonra sürücü məlumatlandırılır»

 

Paytaxtda tez-tez rast gəlinən problemlərdən biri də avtomobillərin evakuasiya olunması ilə bağlıdır. Çünki bu evakuasiya avtomobildə yaranan texniki nasazlıq səbəbindən yolda qalması, qəza hadisələri ilə bağlı deyil. Paytaxtda əsas problem nəqliyyatın intensiv hərəkətini bərpa etmək üçün qanunla qadağan olunan yerlərdə dayanan avtomobillərin evakuasiyası ilə bağlıdır. Burada sürücülər qayda pozuntusuna görə cərimə olunmaqla yanaşı, onlardan evakuasiya xidmətinə görə ən azı 20 manat alınır.

Düzdür, son zamanlar müəyyən ərazilərdə pullu dayanacaqların yaradılması ilə bağlı avtomobillərin evakuasiyası bir qədər azalsa da, amma bu hallar yenə də mövcuddur. Avtomobili saxlayıb bir neçə dəqiqəliyə başqa yerə gedib geri qayıtdıqda onu saxladığın yerdə tapmaya bilərsən. Bu, bizdə belədir. Amma artıq dünyanın bir çox ölkələrində bu məsələ ilə bağlı daha sivil metodlar tətbiq edilir. Düzdür, avtomobilini qadağan olunan yerlərdə saxlayan sürücülər inzibati cərimə edilir. Amma evakuasiyadan əvvəl bu barədə səsgücləndirici və ya SMS vasitəsi ilə sürücüyə məlumat verilir ki, avtomobilini həmin ərazidən götürsün. Yalnız bundan sonra avtomobil götürülməzsə, evakuasiya edilir. Bizdə isə tamamilə fərqlidir. Evakuator şirkətləri daha çox qazansın deyə, daha çox avtomobillərin cərimə meydançasına aparılmasına üstünlük verirlər.

Bu günlərdə Rusiyanın Liberal Demokrat partiyası bu məsələni parlamentdə qaldırmaq qərarına gəliblər. Partiyaın iki üzvü, Yaroslav Nilov və İqor Lebedev DİN rəhbəri Vladimr Kolokolçeviyaya məcburi evakuasiya ilə bağlı məsələyə baxılması üçün məktub yazıblar. Məktuba əsasən, partiya üzvləri maşınları məcburi evakuasiya ilə aparan sürücülərə bu haqda SMS vasitəsi ilə xəbər verilməsi təklifini irəli sürüblər. Belə ki, məktubda avtomobillərin məcburi evakuasiya həbsi onların qanunsuz istismarı kimi təqdim  olunub. Partiya üzvlərinin təklifinə görə, dövlət və bələdiyyə xidməti üzrə birxəttli SMS portalı yaradılmalı və evakuasiya ilə bağlı sürücüyə sms göndərilməlidir. Sürücü 15-20 dəqiqə ərzində bu qanunsuz park edilməni başa düşməyib maşını ordan götürməsə, o zaman evakuasiya işləri görülə bilər. Məktubda eyni zamanda maşın dayanacaqları, maşının saxlanması və götürərkən ödənilən pullar, dayanacaqlarda nəzarət edən şəxslər barədə də fikirlər bildirilib. Partiya üzvləri bu məktubla İnzibatı Xətalar Məcəlləsində dəyişiliklər edilməsini və SMS xidməti ilə bağlı təklifin dəyərləndirilməsini istəyiblər.

Ekspert Ərşad Hüseynov deyir ki, avtomobil qadağan olunan ərazilərdə saxlanılıbsa, evakuasiya edilə bilər: «İlk növbədə  dayanma-durmanı, parklanmanı qadağan edən yol nişanlarının təsir zonasında, eləcə də yolun hərəkət hissəsində - ikinci cərgədə, avtobus dayanacaqlarında, yolların kəsişmə nöqtəsinə yaxın məsafədə, piyada səkilərində, zebralar üzərində saxlanılan avtomobillər evakuasiya edilir. Əgər nəqliyyat vasitəsi nəqliyyatın və piyadaların hərəkətinə mane olan yerlərdə saxlanılırsa, evakuasiya xidmətinin nəzdində olan texnika ilə evakuasiya olunur. Bütün bunlar həm nəqliyyatın fasiləsiz, həm də vətəndaşların rahat hərəkətini təmin etmək məqsədi daşımalıdır. Dayanma-durma qaydalarını pozmanın da qanunda şərtləri var. Düzdür, bununla əlaqədar bizim qanunvericilikdə çoxlu problemlər var. Hələlik belədir ki, dayanma-durma qaydalarını pozub, qadağan olunan yerdə saxlanan avtomobil sürücüsü yanında yoxdursa oradan evakuasiya edilə bilər. Belə avtomobillər evakuasiya olunarkən 20 manat rüsum müəyyənləşdirilib, bunu dövlət tənzimləyir. Evakuasiya üçün rüsumu da Tarif Şurası müəyyənləşdirib. Qərarda belə müəyyənləşdirilib ki, Bakı şəhərində, ümumiyyətlə harada olmasından aslı olmayaraq evakuasiya 20 manatdır. Əgər sürücü avtomobili avtobus dayanacağında saxlayıb qayda pozubsa, cərimə 40 manatdır. Dayanacaqlar da sarı qırıq-qırıq xətt nişanlanması ilə müəyyən olunur. Bu nişanlar yoxdursa dirək üzərində avtobus şəkli olan 5.12 nişanı var. Öndən və arxadan 15 metr əhatə dairəsi olur. Duracaqda saxlanılan avtomobilə görə bir sutka üçün saxlama xərci isə 30 qəpikdir. Avtomobil Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının mühafizə olunan duracağına gətirilibsə, nəqliyyat vasitəsinin sahibi və ya inzibati xətanı törətmiş şəxs inzibati cəriməni (müvafiq olaraq hesablanmış dəbbə pulu daxil olmaqla) və nəqliyyat vasitəsinin duracağa gətirilməsi və onun orada saxlanılması üçün haqqı həmin yerdə ödəyə bilər. Bu halda sürücüyə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş nümunədə qəbz verilir və saxlanılmış nəqliyyat vasitəsi dərhal sahibinə qaytarılır. Sürücü inzibati cəriməni nəqliyyat vasitəsinin gətirildiyi yerdə ödəməkdən imtina etdikdə inzibati xəta haqqında iş üzrə icraat bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada həyata keçirilir».

Ə.Hüseynov deyir ki, sürücünün məlumatlandırılması bizim qanunvericilikdə «Yol-patrul xidməti haqqında» təlimatla tənzimlənir: «Əgər avtomobil qadağan olunan ərazidə saxlanılıbsa, yol-patrul xidməti əməkdaşı bu pozuntunun aradan qaldırılmasını həyata keçirməlidir. Sürücü avtomobilin yaxınlığında yoxdursa, yol-patrul xidməti əməkdaşı avtomobilin evakuasiya edilməsi ilə bağlı qərar qəbul edir. Müvafiq sənəd tərtib edib, əraziyə evakuasiya xidməti dəvət edir. Avtomobil evakuasiya edildikdən sonra isə o cərimə meydançasına yerləşdirilir və akt tərtib olunur. Bundan sonra isə sürücü avtomobilinin hansı cərimə meydançasında olması ilə bağlı məlumatlandırılır. Amma bir çox xarici ölkələrdə avtomobil evakuasiya olunmazdan öncə sürücü müxtəlif vasitələrlə, o cümlədən SMS vasitəsi ilə məlumatlandırılır. Ona standart SMS göndərilir ki, müəyyən olunan vaxt çərçivəsində avtomobil həmin ərazidən götürülsün. Amma bundan öncə qaydanı pozan sürücü cərimələnir. Çünki burada əsas məqsəd yolun təmizlənməsi və qayda pozan sürücünün cərimələnməsidir. Avtomobilin cərimə meydançasına aparılmasına isə yalnız son vasitə kimi baxılır. Amma düşünmürəm ki, bu qayda bizdə tətbiq olunsa, icrası asan oqlacaq». Ucnoqta.az

ŞƏRH YAZ
Ad

E-mail

Şərh

Yusif 10 Noyabr 2014 22:55
Sürücü öncədən məlumatlandırılsa yaxşıdır.