Reklam

Evlənmədən ipoteka ilə götürülən evdə ərin, yaxud arvadın payı var mı? - HÜQUQŞÜNASDAN AÇIQLAMA

Gündəm 21 Avqust 2024 19:06 Oxunub 724
Evlənmədən ipoteka ilə götürülən evdə ərin, yaxud arvadın payı var mı? - HÜQUQŞÜNASDAN AÇIQLAMA
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Son günlər ölkədə nikahdan əvvəl kredit və ya ipoteka yolu ilə əldə edilmiş əmlak ər-arvadın birgə mülkiyyəti hesab edilib-edilməməsi mözusu müzakirə edilir.

Avtosfer.az xəbər verir ki, “Facebook” sosial platformasındakı qurublardan birində  istifadəçi hüquq məsləhətçilərinə sual ünvanlayaraq belə hallarla əlaqədar kömək istəyib.

Məsələ ilə bağlı hüquqşünas, vəkil Nərmin Zülfüqarlı saytımıza açıqlamasında bildirib ki, nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. Ər-arvadın birgə mülkiyyəti üzrə payları nikah dövründə, eləcə də nikah pozulduqdan sonra onların qarşılıqlı razılığı ilə və ya onlardan birinin yaxud hər ikisinin tələbi ilə məhkəmə qaydasında müəyyən edilə bilər.

“Nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır).

Qanunvericilik ər-arvadın hər birinin əmlakının onların ümumi mülkiyyəti hesab edilməsi ilə bağlı xüsusi qayda müəyyən etmişdir. Belə ki, Ailə Məcəlləsinin 35-ci maddəsinə və Mülki Məcəllənin 225.4-cü maddəsinə əsasən, ərə (arvada) ayrıca məxsus olan əmlaka nikahda olduqları dövrdə onların ümumi əmlakı və ya hər birinin əmlakı, yaxud da ər-arvadın hansınınsa əməyi hesabına onun dəyərini xeyli artıran vəsaitin qoyulması (əsaslı təmir, yenidən quraşdırma, avadanlığı dəyişdirmə və s.) müəyyən edilərsə, həmin əmlak onların birgə mülkiyyəti sayıla bilər”.

 

O həmçinin qeyd vurğulayıb ki, ər-arvadın ümumi əmlakının bölünməsi ilə bağlı mübahisələrdə qanunvericiliyin tətbiqi təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12.03.2024-cü il tarixli Qərarına əsasən, ərin - arvadın hər birinin əmlakına istənilən yaxşılaşdırma deyil, yalnız onun dəyərini xeyli (əhəmiyyətli dərəcədə) artıran yaxşılaşdırmanın edilməsi və bu yaxşılaşdırmanın məhz nikah dövründə onların ümumi əmlakı və ya digər tərəfin ayrıca əmlakı hesabına həyata keçirilməsi müəyyən edilərsə, bu maddənin tətbiqi mümkündür.

“Mübahisəli əmlakın dəyərini artıran vəsait nikah dövründə qoyulsa belə, ər-arvadın ümumi əmlakı və ya onların ayrıca əmlakı hesabına deyil, əmlakın məxsus olduğu tərəfin şəxsi vəsaiti hesabına həyata keçirildiyi müəyyən edilərsə, Ailə Məcəlləsinin 35-ci maddəsi mübahisəyə tətbiq edilə bilməz. Belə ki, ər və ya ərvad nikahdan əvvəl kredit və ya digər yolla alınmış əmlaka görə ödənişin bir qismini, yaxud tamamını nikaha daxil olduqdan sonra etmişsə, bu halda ərin (arvadın) həmin əmlaka dair tələb irəli sürmək hüququ yaranır. Bu cür ödənişlərin ər-arvadın ümumi gəliri hesabına həyata keçirildiyi halda, əmlak bölgüsü zamanı əmlakın kimin adına qeydə alınmasından asılı olmayaraq, digər tərəfin həmin əmlakdan pay tələb etməsi mümkündür”.

Nərmin Zülfüqarlı sonda onu qeyd edib ki, nikahdan əvvəl kredit, ipoteka və s. yolla əldə edilmiş əmlakın dəyəri nikah dövründə ödənilərsə, birgə gəlir hesabına ödənilən hissəyə mütənasib olaraq ər-arvadın hər birinin payı müəyyən edilə bilər.

Səfər

ŞƏRH YAZ
Ad

E-mail

Şərh