Gömrük Komitəsi əlavə haqq tələb edir?

Gündəm 25 May 2016 18:01 Oxunub 1721
Gömrük Komitəsi əlavə haqq tələb edir?
WhatsApp kanalımıza abunə ola bilərsiniz
"“Ekspertlər” tərəfindən “qəzet kağızlarının idxalı zamanı ƏDV-nin tətbiq olunmamalıdır” kimi verilən əsassız şərhlər heç bir məntiqə sığmır"

Dövlət Gömrük Komitəsi qeyri – qanuni olaraq ƏDV tələb etməsi ilə bağlı yayılan məlumatlara cavab verib. Avtosfer.az xəbər verir ki, bu barədə qurumun mətbuat ximətindən “qafqazinfo”ya daxil olan xəbərdə bildirilir ki, bu gün bəzi kütləvi informasiya vasitələrində “Gömrük Komitəsinin qeyri-qanuni ƏDV tələbi” başlıqlı yazılar dərc edilib. Bununla bağlı Dövlət Gömrük Komitəsi bildirir ki, Vergi Məcəlləsinin 164.2-ci maddəsinin tətbiqi ilə əlaqədar olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Azərbaycan Respublikası ərazisinə gətirilən, əlavə dəyər vergisindən azad olunan malların siyahısı haqqında” 31.01.2005-ci il tarixli 11 nömrəli qərarına (əlavə və dəyişikliklərlə) əsasən Xarici İqtisadi Fəaliyyətin Mal Nomenklaturasının (XİFMN) 4801000000 mal mövqeyində sinifləşdirilən qəzet kağızının idxalı əlavə dəyər vergisinin (ƏDV) tətbiqindən 01 yanvar 2016-cı il tarixinədək olan müddətə azad edilib.

“Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 20.10.2015-ci il tarixli 1384-IVQD nömrəli Qanununun 1.18.3-cü maddəsi ilə Vergi Məcəlləsinin 164.2-ci maddəsi ləğv edilmiş və 01 yanvar 2016-cı il tarixindən etibarən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31.01.2005-ci il tarixli 11 nömrəli qərarı hüquqi qüvvəsini itirərək XİFMN-in 4801000000 mal mövqeyində sinifləşdirilən qəzet kağızı ƏDV-yə cəlb olunur. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 164.1-ci maddəsində göstərilir ki, “Malların ixracından başqa, malların təqdim edilməsinin, işlər görülməsinin və xidmətlər göstərilməsinin aşağıdakı növlərindən, habelə idxalın aşağıdakı növlərindən ƏDV tutulmur”.

Göründüyü kimi Məcəllənin 164.1-ci maddəsində ixrac olunan mallar bütövlükdə ƏDV-dən azad olunmaqla, yalnız idxal deyil, həmçinin malların təqdim edilməsinin, işlər görülməsinin və xidmətlər göstərilməsinin ƏDV tutulmayan növləri sadalanıb.


Məcəllənin 164.1.7-ci maddəsində isə müəyyən edilib ki, kütləvi informasiya vasitələri məhsullarının alqı-satqısının bütün növləri üzrə dövriyyələrdən ƏDV tutulmur.

Yuxarıda qeyd olunanlara əsasən Vergi Məcəlləsinin 164.1.7-ci maddəsi kütləvi informasiya vasitələri məhsullarının idxalını əhatə etmir, yalnız belə məhsulların satışı üzrə dövriyyələrin ƏDV-dən azad olunması müəyyən edilir.

Bu baxımdan hal-hazırda qüvvədə olan qanunvericiliyə uyğun olaraq idxal olunan qəzet kağızına 18% həcmində ƏDV tətbiq olunur.

Vergi Məcəlləsinin şərhi ilə məşğul olan bəzi “ekspertlərin” məqalədə qeyd etdikləri məntiqlə yanaşılarsa, 27 yarımbənddən ibarət olan Vergi Məcəlləsinin 164.1-ci maddəsinin bütün yarımbəndləri idxal əməliyyatlarını əhatə etməlidir. Qeyd olunan ekspert şərhləri yanlışdır. Və mövcud qanunlara dair şərhləri yalnız həmin normativ hüquqi aktı qəbul etmiş normayaratma orqanı və ya Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi verə bilər.

“Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 90.1-ci maddəsinə əsasən normativ hüquqi aktın məzmununda qeyri-müəyyənliklər və fərqlər, habelə tətbiqi təcrübəsində ziddiyyətlər aşkar edildikdə həmin aktı qəbul etmiş normayaratma orqanı və ya Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin IV hissəsinə uyğun olaraq Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi müvafiq normaları rəsmi şərh edir.

Qüvvədə olan sahə qanunvericilik aktları müzakirə predmeti ola bilməz, yalnız icra olunmalıdır. Bu baxımdan kütləvi informasiya vasitələrinə “ekspertlər” tərəfindən “qəzet kağızlarının idxalı zamanı ƏDV-nin tətbiq olunmamalıdır” kimi verilən əsassız şərhlər heç bir məntiqə sığmır. Cəmiyyətdə bu barədə yanlışlıq yaratmağa çalışırlar. Bu isə qəbul edilməzdir.

Qeyd edək ki, sözügedən informasıya “Azadlıq” qəzetində dərc olunub. Yazıda bildirilir ki, yanvarın 1-dən ölkəyə idxal olunan qəzet kağızlarına Gömrük Komitəsi ƏDV tətbiq etməyə başlayıb və bu bu addım mətbuatın onsuz da çətin olan vəziyyətini daha da çətinləşdirir.

Qəzet yazır: “ƏDV-in tətbiqi tələbi onunla əsaslandırılır ki, Vergi Məcələsinin 164.2 maddəsi ləğv edilib. Ekspertlərə görə, əslində bu maddənin idxal olunan qəzet kağızlarına heç bir aidiyyatı yoxdur.

Ümumiyyətlə ƏDV-dən azad olmalar VM 164.1, 164.1.7 ci maddələri ilə tənzimlənir. Belə ki, 164.1 maddə: “Malların ixracından başqa, malların təqdim edilməsinin, işlər görülməsinin və xidmətlər göstərilməsinin aşağdakı növlərdən, habelə idxalın aşağdakı növlərindən ƏDV tutulmur”, 164.1.7-ci maddə: “KIV məhsullarının alqı-satqısının bütün növləri üzrə dövriyyələr, mətbu KIV məhsullarının istehsalı ilə bağlı redaksiya, nəşriyyat və poliqrafiya fəaliyyəti” qeyd edilir.

Gömrük Komitəsinin özü də gözəl bilir ki, idxal olunan qəzet kağızlarına ƏDV-inin tətbiqi qeyri qanunidir. Digər tərəfdən ölkəyə idxal olnunan qəzet kağızına görə alınan ƏDV böyük vəsait deyil. Amma bu böyük olmayan vəsait mətbuatın vəziyyətini və problemlərini bir qədər də artırır.

Mövzuyla bağlı söhbət etdiyimiz ekspert qəzetimizə maraqlı faktlar təqdim etdi. Məlumdur ki, 2005-ci ilə qədər idxal olunan qəzet kağızlarının ƏDV-dən azad olunması Vergi Məcəlləsi ilə tənzimlənirdi. Həmin ilin yanvarında Nazirlər Kabineti 11 saylı qərar qəbul edib. Bu qərara əsasən digər məhsullarla yanaşı idxal olunan qəzet kağızları da ƏDV-dən azad olundu. Vergi Məcəlləsinin 164.1 və 164.1.7-ci maddələri qüvvədə ola-ola qəzet kağızlarının Nazirlər Kabinetinin 11 saylı qərarına salınması qanuna zidd idi. Iyirmi oktyabr 2015-ci il tarixində 1384-IVQD saylı qanun ilə VM 164.2 maddəsi ləğv edildi. Bununla da Nazirlər Kabinetinin 11 saylı qərarı qüvvədən düşmüş oldu. Lakin VM-nin 164.1 və 164.1.7-ci maddələri qüvvədədir və idxal olunan qəzet kağızları ƏDV-dən azaddır. Buna baxmayaraq Gömrük Komitəsi idxal olunan qəzet kağızlarına ƏDV tələb edir. Burada sual yaranır. Ya Gömrük Komitəsi “qərar” ilə “qanun”un fərqin bilmir. Ya da Nazirlər Kabinetinin hansısa sifarişini yerinə yetirir”.

 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh