Banner

Günü-gündən sayı artan piyada ÖLÜMLƏRİ – Səbəb yüksək sürətdir, yoxsa MƏSULİYYƏTSİZLİK?

Gündəm 9 Dekabr 2024 10:28 Oxunub 182
Günü-gündən sayı artan piyada ÖLÜMLƏRİ  – Səbəb yüksək sürətdir, yoxsa MƏSULİYYƏTSİZLİK?
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Son günlər piyadavurmaların sayı artıb. Hətta bu günlərdə Daxili İşlər Nazirliyinin Dövlət Yol Polisi İdarəsi bununla bağlı piyadalara müraciət ünvanladı. Qurumdan bildirildi ki, son üç gün ərzində 7 piyadavurma hadisəsi baş verib. Nəticədə 4 nəfər həyatını itirib, 4 nəfərsə ciddi xəsarət alıb.



Bəs, piyadavurmaların artmasının səbəbləri nədir? Piyada məsuliyyətsizliyi, sürücü səhlənkarlığı, yoxsa, yol infrastrukturundakı çatışmazlıqlar?

Mövzu ilə bağlı danışan nəqliyyat eksperti Elməddin Muradlının fikrincə, bu məsələdə hər iki tərəfin bir qədər payı var:

“Yol qəzalarının baş verməsi 3 mühüm məsələ ilə bağlıdır. Nəqliyyat vasitələrinin təhlükəsizliyi, texniki vəziyyəti, ikincisi, sürücülərin səhlənkarlığı, yol hərəkəti qaydalarına əməl etməməsi, üçüncüsü, yol təsərrüfatı. Üçüncü həm sürcülərə, həm də piyadalara aiddir. Çünki məsuliyyətsiz piyadalarımız həddən artıq çoxdur. Onların əksəriyyəti yolu qaça-qaça keçirlər. Bunun nəticəsində nə qədər piyadanı keçidin yaxınlığında maşın vurub. Niyə? Çünki beş addım o tərəfdəki piyada keçidindən keçməyə tənbəlik edirlər, ərinirlər. Deyir, qaça-qaça keçərəm, heç nə olmaz. Nəticədə də ağır faciələr baş verir”.



Ekspert bildirib ki, uzun zamandır bu istiqamətdə təbliğat, maarifləndirmə aparılsa da, nəticə zəidfir:

“Ona görə də düşünürəm ki, bu məsələdə inzibatçılığa ehtiyac var. Cərimələrin tətbiqi bəlkə bu sahədə müəyyən nəticələrə gətirib çıxara bilər. Çünki söz, xahiş, müraciət, maarifləndirmə  kimi addımları qəbul etməyən insanlar var. Görünür, onlar cəriməsiz dəyişməyəcəklər. İllər əvvəl bu, tətbiq olunurdu və yol polisi bunlara nəzarət edirdi. Bu yöndə piyadalarla ciddi işlər aparırdılar. Qayda pozanları, keçiddən istifadə etməyənləri cəzalandırırdılar. Amma sonra bu məsələ səngidi,  durğunluq yarandı. Təəssüf ki, nəzarət mexanizmi zəif olan kimi vəziyyət gəlib bu həddə çatır”.

E.Muradlı hesab edir ki, problemin həlli üçün bəzi məsələlərə diqqət də artırılmalıdır:

“Bununla bağlı qanunlara baxmaq lazımdır. Eyni zamanda piyadalar üçün infrastruktura diqqət etmək lazımdır. Yəni problemlər dərindən analiz olunmalıdır. Əgər problem yol infrastrukturu ilə bağlıdırsa, bunun aradan qaldırılmasına çalışmalıyıq.



Məsələn, bəzi yeraltı piyada keçidləri gecə işıqlandırılmır. Qadınlar, uşaqlar ordan keçməyə qorxurlar. Elə Qaradağ rayonu ərazisində yeraltı və yerüstü piyada keçidlərini götürək, sərnişinlər deyir ki, qaranlıq olur. Axşamlar orda “bomj”lar, evsiz-eşiksizlər yatır, narkomanlar ora yığışır. Biz qorxuruq. Ona görə keçiddən istifadə etmirik. Bu kimi səbəbləri araşdırıb baxmaq lazımdır.

Eləcə də, keçidlər arasındakı məsafəyə diqqət olunmalıdır. Bu məsafə yetərlidirmi, yaxındırmı? Əminəm ki, bu məsələdə də ciddi problemlər ortaya çıxacaq. Ona görə də bu məsələlərin hamısı təhlil olunmalıdır”.

(bizim.media)

ŞƏRH YAZ
Ad

E-mail

Şərh