Gürcüstandakı məmurlar bizim məmurlardan daha insaflıdır - EKSPERT RƏYİ - VİDEO

Gündəm 14 Oktyabr 2024 19:58 Oxunub 464
Gürcüstandakı məmurlar bizim məmurlardan daha insaflıdır - EKSPERT RƏYİ - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Oktyabr ayının 4-ü İnzibati Xətalar Məcəlləsinə edilən dəyişikliklərə əsasən, məişət tullantılarının tutumlardan (urnalardan) kənar yerlərə atılmasına görə fiziki şəxslər 300 manat məbləğində, vəzifəli şəxslər 1000 manat məbləğində, hüquqi şəxslər 4000 manat məbləğində cərimə ediləcək. Nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə görə fiziki şəxslər 1000 manat məbləğində, vəzifəli şəxslər 1500 manatdan 2000 manatadək məbləğdə cərimə edilir, yaxud işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, 60 saatdan 100 saatadək ictimai işlər tətbiq olunur, hüquqi şəxslər 5000 manatdan 7000 manatadək məbləğdə cərimə edilir.

 

Avtosfer.az xəbər verir ki, yeni qərar artıq vətəndaşların bu mövzuda narazılığına səbəb olub. Məsələ ilə əlaqədar şəhərsalma və arxitektura, memarlıq sahəsi üzrə mütəxəssislər də son günlər dəfələrlə açıqlama verərək vurğulayıblar ki, zibil qutularının qıtlıq təşkil etdiyi ərazilərdə kiməsə cərimə yazılması heç bir məntiqə sığmır.

 

Nəqliyyat eksperti Elməddin Muradlı Gürcüstana səfəri zamanı rastlaşdığı mənzərə ilə əlaqədar qonşu ölkənin magistral yollarındakı ekoloji vəziyyətlə Azərbaycandakı eyni ərazilərin ekologiyasını müqayisə edərək video çəkib. Ekspert bildirib ki, Gürcüstanda küçələr tamamilə zibil qutuları ilə təmin edilib:

“Küçələri zibilləmək əlyehinə tədbirlər görülür. Təbii ki, bunun qarşısını almaq üçün cərimələr tətbiq edilir. Bu çəkdiyim Gürcüstandakı parkdan zibil qutusudur. Gözəl texnologiya tətbiq ediblər. Plastik zibil qutusunun üzərinə siqareti söndürə bilmək, eyni zamanda qutuya zərər verməmək üçün dəmir lövhə yerləşdiriblər. Sönən siqareti qutuya atdıqda plastik zərər görmür. Təxminən 100 metr məsafədə 6 zibil qutusu görürəm. Bizim ölkəmizdə 100 metr məsafədə maksimum 2 ədəd zibil qutusu taparsız. Buradakı məmur insaflıdır. Bizdə isə icra hakimləri gəlirlərin 50%-ni yeyib dağıdır, 50-100 metrdən bir gətirib küçəyə zibil qutusu atır, sonra da deyir, zibili yerə atmayın”.

Məsələ ilə əlaqədar saytımıza müsahibə verən sosioloq Üzeyir Şəfiyev bildirib ki, əvvəlki illərə nisbətdə hazırda ölkəmizin parklarında, küçə və xiyabanlarında fərqi görmək olur:

“Lakin hələ də bələdiyyə və icra hakimiyyətlərinin bu mövzuda görüləcək işləri dərinləşdirmələri mütləqdir. Zamanın çağırışlarına uyğun funksional iş görməlidirlər. Nəzərə alsaq ki, son dövrlərdə Azərbaycanda keçirilən bir sıra aspektdə keçirilən və gələn ay keçiriləcək COP29 kimi vacib beynəlxalq tədbirlərə ev sahibliyi edir və edəcək, o zaman ölkədə ətraf mühitin qorunması, xüsusən paytaxtın küçə və prospektlərində təmizlik işlərinin aparılması sistemli şəkildə yerinə yetirilməlidir. Bununla yanaşı, vətəndaşlar arasında ekoloji təfəkkürün artırılması üçün müəyyən təbliğat, maarifləndirmə işləri görülməlidir”.

Elməddin Muradlının Gürcüstanda qeydə aldığı görüntüləri sizə təqdim edirik:

Səfər

ŞƏRH YAZ
Ad

E-mail

Şərh