Hər kilometri 5.3 milyona başa gələn yol çökdü

Gündəm 11 İyun 2014 12:13 Oxunub 1613
Hər kilometri 5.3 milyona başa gələn yol çökdü
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Bakı dairəvi yolunun üçüncü hissəsi hələ tikilir, birinci və ikinci hissəsi təmirə dayandırılıb

2010-cu ildə dövlət başçısı İlham Əliyev Bakı dairəvi avtomobil yolunun açılışında iştirak edib. O zaman nəqliyyat naziri Ziya Məmmədov məlumat vermişdi ki, paytaxtda nəqliyyat sıxlığının aradan qaldırılması, ağır tonnajlı yük avtomobillərinin şəhərə daxil olmadan hərəkətinin təmin edilməsi baxımından bu yolun xüsusi əhəmiyyəti var. Birinci dərəcəli olan əsas yolun uzunluğu 21,5 kilometrdir. İki istiqamətli yerli yolun uzunluğu isə 4,8 kilometrdir. Dairəvi yol hər iki istiqamətdə 3 hərəkət zolağı olmaqla, altı hərəkət zolağından ibarətdir. 

Z.Məmmədov əlavə etmişdi ki, bu yol gələcəkdə sayı sürətlə artacaq nəqliyyat vasitələrinin maneəsiz hərəkətini təmin edəcək. (mənbə: president.az)

Qeyd edək ki, Bakı dairəvi avtomobil yolu layihəsi üç hissədən ibarətdir. Birinci və ikinci hissələrdə tikinti işləri tamamlanıb və 2010-cu ilin  noyabrında təhvil verilib. Üçüncü hissə isə Lökbatan dairəsindən Ələt-Astara yolunun 22-ci kilometrinə qədər olan hissəsini əhatə edəcək. Yol tikintisini Küveyt Fondu, Abu Dabi Fondu və Azərbaycan hökuməti birgə maliyyələşdirir. Layihənin yekunlaşmış 21,5 km-lik birinci və ikinci hissəsində Azərbaycan tərəfinin payı 114 mlyon manat olub. Azərbaycan hökuməti yolun hər km-nə təqribən 5,3 milyon manat xərcləyib. Lakin burada xarici fondlardan cəlb edilən vəsaitin həcmi göstərilmədiyinə görə, layihənin ümumi smeta dəyərininin nə qədər olduğu demək çətindir. «Bakı dairəvi-2 avtomobil yolunun (Xocəsən-Lökbatan hissəsi) tikintisi isə hələ də davam edir və 2013-cü ilin sonuna kimi 37,6 milyon manat xərclənib. Yolun hələ ikincisi hissəsinin tikintisi başa çatmamış birinci hissəsi təmirə dayandırılıb. Bunun üçün Bakı dairəvi avtomobil yolunun bir hissəsi  tam bağlanıb.

Yeni təhvil verilmiş və milyonlarla xərc çəkilmiş yolun təmirə hansı zərurətdən dayanması sual doğurur. Bununla bağlı Nəqliyyat Nazirliyi və «Azəryolservis» ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyevlə gün ərzində dəfələrlə əlaqə saxlamağa çalışsaq da zənglərimizə cavab vermədi. Onun məsələ ilə əlaqədar mətbuata verdiyi açıqlamasında göstərilir ki, öncə yolun tam bağlanması nəzərdə tutulmamışdı: «Lakin bəzi sürücülərin səriştəsizliyi həmin ərazidə qəzaların yaranmasına gətirib çıxardı. Buna görə də biz qərara aldıq ki, gediş hissəni tam bağlayaq».

«Azad İqtisadiyyata Yardım» İctimai Birliyinin sədri Zöhrab İsmayıl «Bizim Yol»a bildirib ki, avtomobil yollarının keyfiyyətində ciddi problemlər var: «Eyni vəziyyət, demək olar ki, bütün yollarda özünü göstərir. Əgər hökumətin yanaşmasında keyfiyyət əsas olsa, o zaman bu problemi həll etmək olar. Burada podratçı şirkət məsuliyyət daşımalı, çəkilən yola təminat verməlidir. Podratçı şirkət tender ilə rəqabət əsasında seçilərsə, hər hansı bir müsbət dəyişikliyə nail olmaq olar. Pərdəarxası sövdələşmə ilə işi həyata keçirən podratçıdan heç nə əldə etmək olmaz».

Bəs, kredit götürülən beynəlxalq fondların bu işə nəzarət etmək imkanları necədir? Z.İsmayıl bildirdi ki, sözügedən məsələlər vəsait ayıran fondları maraqlandırmır: «Onlar Azərbaycana kredit verir. Bakı dairəvi yola pul ayıran ərəb fondları kreditlərini veriblər, indi də yavaş-yavaş geri alırlar. Həmin fondlar icra olunan layihələrin şəffaflıq məsələsinə məsuliyyət daşımırlar. Onlar bu məsələyə kommersiya kimi baxırlar. Ərəb Fondlarının pulları çox, xərcləməyə yer tapa bilmirlər. Bu cür layihələr onlar üçün göydən düşmədir. Özü də kreditlərini kifayət qədər aşağı faizlə verirlər. Abu Dabi Fondunun ictimai nəzarət siyasəti, ümumiyyətlə, mövcud deyil. Beynəlxalq maliyyə təşkilatları düşünür ki, şəffaflıq və keyfiyyət məsələsinə hökumətin özün diqqət yetirməlidir. Doğrudan da, hökumətin özü məsuliyyət daşımalıdır, çünki yolları o istifadə edir».

 

“Bizim yol” qəzeti

ŞƏRH YAZ
Ad

E-mail

Şərh