Hərbi formanı tikintidə işləyən fəhlələrin geyinməsi doğrudurmu?
Qənirə Paşayeva: “Hərbi xidmətdən yeni gələn gəncin bəlkə geyinməyə paltarı yoxdu?”
Şərəfimiz hesab olunan ordumuzun hərbi geyimi hər birimizin qürur mənbəyidir. Bu geyim himn, gerb, bayraq qədər müqəddəsdi. Ən azı ona görə ki, bu formanın içində neçə-neçə qəhrəmanımız Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçib. Bir çoxları əl-ayaqlarını itirib. Əlil olub. Bu formanı daşıyan əsgərlərimiz hazırda cəbhədə düşmənlə üz-üzədir. Hər an ölüm təhlükəsi daşıyır. Çox təəssüf ki, son zamanlar bu formanı tikinti sektorunda, maşın düzəldilən servislərdə işləyən ustalar və fəhlələr də geyinir. Hətta zibil daşıyan maşınlarda işləyən insanların da əynində bu formalara rast gəlmək olur. Müqəddəs sayılan geyimlə bu işləri görən insanlar Azərbaycanın milli hərbi formasına hörmətsizlik etmirmi?
“Fəhlə, maşın ustası əsgər geyimini geyinməməlidir”
Ehtiyatda olan zabit, hərbi ekspert Üzeyir Cəfərov hesab edir ki, belə çirkli işlərdə hərbi geyimin istifadə edilməsi təhqirdir: “Bəzən mazutda, ara işlərdə həmin formanı geyinirlər. Əslinə qalsa, müvafiq qurumlar bu məsələ ilə əlaqədar münasibət bildirməlidirlər. Yəni fəhlə, maşın ustası öz işində Silahlı Qüvvələrin atributu olan əsgər geyimini geyinməməlidir. Mən onun tərəfdarıyam ki, hərbi geyimin hərbiyə aid olmayan şəxslər tərəfindən geyinilməsi məsələsi qanunvericilikdə tənzimlənməlidir. Yoxsa hər yoldan keçən o formadan alıb, sabah onunla sərxoşluq, əyyaşlıq edəcək. Axırda elə olacaq ki, cəmiyyətdə əsgər geyiminə qarşı xoşagəlməz obraz yaranacaq. Bu barədə ciddi mənada nizam-intizam yaradılmalıdır. İndi kimə gəldi bu geyimi veriblər. Əslində bu şəxslər formaya görə məsuliyyət daşımalıdır. Dövlət bu geyimi istehsal etmir ki, istədiyin işdə bunu geyinəsən. Forma verilir ki, xidməti vəzifələrin icrası ilə bağlı istifadə edəsən. Bu məsələ çox narahatedicidir. Azərbaycandan başqa çox ölkədə olmuşam, amma belə məsələ ilə heç rastlaşmamışam. Bu formadan küçədə, bayırda istifadə etmək ciddi mənada təhqirdir. Sovetlər dönəmində hərbçi olmayan şəxslərə forma satılmırdı, amma indi bazar iqtisadiyyatı adı altında hamıya verilir, bu da düzgün deyil”.
“Bu, hörmətsizlikdi”
Qarabağ veteranlarından olan Rey Kərimoğlu da hərbi geyimi çirkli işlərdə geyinən insanları pisləyərək onların böyük hörmətsizlik etdiklərini bildirdi: “Əlbəttə ki, aiddiyatı olmayan insanların hərbi geyim geyinməsi yaxşı hal deyil. Təsəvvür edin ki, Mətbuat Şurası ilə Daxili İşlər Nazirliyinin verdiyi jurnalist gödəkçəsini bir usta geyinib iş görür. Necə də anormal olduğunu görürsünüz. Bu, heç bir jurnalistə yaxşı təsir bağışlamaz. Geyim hərbiçilər üçün şərəf məsələsidir. Əsgər geyimini belə çirkli işlərdə geyinənlərə pis baxsam da, ediləcək bir şey yoxdur. Ümumilikdə bu məsələ anormallıqdır. Qanunvericilikdə bununla bağlı bir müddəa olduğunu dəqiq bilmirəm, amma bu, mütləq cəzalandırılmalıdır”.
Müdafiə Nazirliyi nə deyir?
Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Vaqif Dərgahlı isə hərbi geyimlə bağlı məsələyə belə yanaşdı: “Hərbi formanın mülki vətəndaşlar tərəfindən geyinilməsi məqbul sayılmır. Düzdür, qanunvericiliklə hərbi formanın mülki vətəndaşlar tərəfindən alınmasına, satılmasına, onun daşınmasına qadağa qoyulmasa da, burada məsələnin mənəvi tərəfi var. Söhbət mülki vətəndaşlarımızın hərbi libası daşımaq haqqından və hüququndan gedir. Bu məsələdə vətəndaşlarımız hərbi geyimin, hərbi xidmətin, hərbi qulluqçunun nüfuzunun artırılması baxımından özləri hərbi libasa yüksək qiymət verməli və məhdudiyyət qoyulmasına anlayışla yanaşmalıdırlar”.
“Hərbi xidmətdən yeni gələn gəncin bəlkə geyinməyə paltarı yoxdu?”
Millət Vəkili Qənirə Paşayeva da belə hesab edir ki, belə halların baş verməsi yaxşı deyil: “Sözsüz ki, o formanı geyinib işdə istifadə edən adamlar da hərbini, hərbi formanı sevir. Sadəcə hərbiçilərə qarşı hörmətsizlik etdiklərini bilmədən, anlamadan ondan istifadə edir. Ölkədə Silahlı Qüvvələrin geyim formaları haqqında qanun qəbul edilib. Bizim sənətçilərimiz də hərbi geyimdən konsertlərdə istifadə edirlər. Yəni ki, xeyirli işlərdə bu formanı geyinmək olar”.
Milli Məclisin Müdafiə və təhlükəsizlik komitəsinin üzvü, yazıçı Aqil Abbasın mövqeyisə tam fərqli oldu. O bildirdi ki, fəhlə və ustaların hərbi gödəkcəni və şalvarını geyinərək çalışması normaldır. “Onların geyindiyi səhra formasıdır. Burda qeyri-adi bir şey yoxdur. Hərbi forma o zaman olur ki, formalarda hərbi rütbə, etiket, hərbiyə aid atributlar olsun. Hərbidən yeni gələn gəncin bəlkə geyinməyə paltarı yoxdur? Dövlət formanı ona hədiyyə edir. Qanunla götürsək də, o gəncin həmin hərbi geyimin etiketinin rütbəsini, özünəməxsus atributlarını sökəndən sonra ondan istifadə etmək hüququ var. O da onu öz işlədiyi yerdə geyinə bilər”.