Heydər Əliyev Aeroportunun sərnişin dövriyyəsi növbəti rekord göstəriciyə yaxınlaşır

Heydər Əliyev Beynəlxalq Aeroportu 2017-ci ilin yanvar-avqust ayları ərzində 2,7 milyondan çox sərnişinə xidmət edib ki, bu da ötən ilin analoji göstəricisindən 29 faiz çoxdur. Avtosfer.az xəbər verir ki, bu barədə Trend-ə Heydər Əliyev Beynəlxalq Hava Limanının mətbuat xidmətindən məlumat verilib. İlin sonunadək yekun sərnişin dövriyyəsinin ötən ildəki 3,5 milyon nəfərdən çox olması gözlənilir ki, bu da aeroportun növbəti rekord göstərici olacaq. Hesabat dövründə “Azərbaycan Hava Yolları” (AZAL) milli aviadaşıyıcısının payına 1,61 milyon sərnişin düşmüşdür ki, bunun da 408 min nəfəri daxili reyslərlə daşınıb. Sərnişinlərin 84,9 faizi beynəlxalq reyslərin payına düşüb. Bu ilin ilk səkkiz ayı üzrə statistikaya əsasən Bakıdan ən populyar beynəlxalq istiqamətlər - Moskva, İstanbul, Dubay, Kiyev və Tehran olmuşdur. Bu istiqamətlər üzrə 1,34 milyon sərnişin daşınıb.
Göstərilən dövr ərzində ən fəal aviaşirkətlərin beşliyinə AZAL, Turkish Airlines, flyDubai, Aeroflot və “Ukrayna Beynəlxalq Hava Yolları” aviaşirkəti daxil olub. Bu aviaşirkətlərin reysləri ilə beynəlxalq istiqamətlər üzrə 1,78 milyon sərnişin daşınıb.
Hazırda Heydər Əliyev Beynəlxalq Aeroportu 53 istiqamət üzrə 29 aviaşirkətə xidmət göstərir. Yeddi aviaşirkət – “IrAero”, “Jazeera Airways”, “ZagrosJet”, “Pegas Fly”, “Kish Air”, “Nordwind Airlines” və “Wataniya Airlines” cari ilin yayından uçuşlara başlayıb. Cari ilin sentyabr ayından ilk milli lou-koster “Buta Airways” uçuşlara başlayıb. Aviaşirkət Moskva, Kiyev, Tbilisi, Kazan, Mineralnıye Vodı, Tehran və Antalyaya uçuşlar yerinə yetirir. Oktyabrın 29-dan etibarən “Buta Airways” Bakıdan İstanbula və Sankt-Peterburqa uçuşlara başlayacaq.
Heydər Əliyev Beynəlxalq Aeroportunun yeni aerovağzal kompleksi (Terminal 1) 2014-cü ilin aprel ayında istifadəyə verilib. Onun ümumi sahəsi 65 min kvadratmetr təşkil edir. Dünyada müxtəlif aviaşirkətlər və hava limanları tərəfindən göstərilən xidmətlərin keyfiyyətinin öyrənilməsi üzrə ixtisaslaşan Böyük Britaniyanın nüfuzlu konsaltinq şirkəti "Skytrax" tərəfindən Heydər Əliyev Beynəlxalq Aeroportu 4 ulduza layiq görülüb. Cari ilin mart ayında Heydər Əliyev Beynəlxalq Aeroportu Rusiya və MDB ölkələrinin bütün hava limanları arasında göstərilən xidmət səviyyəsinə görə ən yaxşılar siyahısına başçılıq edərək Skytrax World Airport Awards mükafatına layiq görülüb.
Daşkənddə Nizami Gəncəvi adına Milli Pedaqoji Universitetin açılışı olub - FOTO
Prezidentin şərəfinə verilən ziyafətdə möhtəşəm ifa - VİDEO
Daşkənddə Azərbaycan-Özbəkistan sənədlərinin imzalanması və mübadiləsi mərasimi olub - FOTO - YENİLƏNİB
Azərbaycan və Özbəkistan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər - FOTO
Daşkənddə maraqlı anlar: Tələbə İlham Əliyevi Azərbaycan dilində salamladı - VİDEO
Azərbaycanın və Özbəkistanın birinci xanımlarının təkbətək görüşü olub - FOTO
Leyla Əliyevanın Daşkənddən PAYLAŞIMI - FOTO
İlham Əliyev və Mirziyoyev yeni layihələrin açılışında iştirak etdilər - FOTO
Mirziyoyev: "İlham Əliyevin səfəri tarixi hadisədir"
İlham Əliyevdən Zəngəzur dəhlizi ilə bağlı AÇIQLAMA
İlham Əliyev: “Azərbaycanda ikinci avtomobil zavodu tikilir”










