Heydər Əliyev- Milli Neft Strategiyasının banisi
1994-cü il sentyabrın 20-də Bakıda "Xəzər dənizinin Azərbaycan sektorunda "Azəri", "Çıraq" yataqlarının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və hasil olunan neftin pay şəklində bölüşdürülməsi" haqqında dünyanın 11 ən iri neft şirkəti ilə müqavilə imzalanıb. «Əsrin müqaviləsi»ndə dünyanın 8 ölkəsinin (Azərbaycan, ABŞ, Böyük Britaniya, Rusiya, Türkiyə, Norveç, Yaponiya və Səudiyyə Ərəbistanı) 13 ən məşhur neft şirkəti (Amoko, BP, MakDermott, Yunokal, ARDNŞ, LUKoyl, Statoyl, Ekson, Türkiyə Petrolları, Penzoyl, İtoçu, Remko, Delta) iştirak edib. Bununla da Milli Neft Strategiyası və doktrinasının uğurla həyata keçirilməsinə başlanılıb. «Mən bu müqavilənin hazırlanmasında, imzalanmasında iştirak etdiyimə görə özümü çox xoşbəxt hesab edirəm. Üzərimə götürdüyüm məsuliyyəti dərk edirəm və ümidvaram ki, gələcək nəsillər bu gün burada baş verən tarixi hadisəni layiqincə qiymətləndirəcəklər",- ümummilli lider Heydər Əliyev deyib.
Xatırlatmaq yerinə düşər ki, Azərbaycanın neft strategiyası çərçivəsində xarici neft şirkətləri ilə ümumilikdə 27 neft sazişi imzalanıb. Həmin sazişlər üzrə birgə işlənilməsi nəzərdə tutulan perspektiv strukturların sayı 30-dur.
İnvestisiya
Transmilli şirkətlər Xəzər dənizinin Azərbaycan sektorunda hələ 80-ci illərdə kəşf edilmiş “Çıraq», «Azəri» yataqları ilə maraqlanırdılar. 1991-ci ildə «Azəri» yatağı üzrə tender də keçirilib. Sonrakı illərdə digər iri neft yataqlarının birgə istismarı ilə bağlı danışıqlar davam etdirilib. 1993-cü ilin may ayında «Azəri», «Çıraq», «Günəşli» yataqları üzrə 6 anlaşma memorandumu imzalanıb. Nəhayət, 1993-cü il iyunun 4-də ARDNŞ bu yataqların birgə işlədilməsi barədə bəyanat qəbul edib. Bu bəyanatın qəbul edilməsində 1994-cü il mayın 24-də Bakıda Xəzər dənizində neft-qaz hasilatına dair I Beynəlxalq sərginin keçirilməsi önəmli rol oynayıb. Bu ulu öndərimiz Heydər Əliyevin uzaqgörən siyasətinin strateji məqamlarının taktiki gedişləri idi. eynəlxalq sərginin “Əsrin müqaviləsi” ərəfəsində həyata keçirilməsini ən uğurlu addım saymaq olar. Dünyanın 20 ölkəsinin 180-dək rəsmi nümayəndəsi sərgidə Azərbaycanın təbii sərvətlərinin zənginliyi ilə əyani şəkildə tanış oldular. Aydındır ki, Azərbaycanın özü də dünyanın aparıcı neft şirkətləri ilə əməkdaşlıqda maraqlı idi. Azərbaycan Prezidenti İlham Əliyev bu barədə deyib: "Azərbaycan iqtisadiyyat dağılmış vəziyyətdə idi, sənaye inkişafından söhbət gedə bilməzdi və bizim müstəqil dövlət kimi inkişaf yolumuz yalnız xarici sərmayələrin cəlb edilməsindən asılı idi».
Azərbaycanın neft və qaz ehtiyatlarının genişmiqyaslı istismarına xarici investisiyaların cəlb edilməsində "Əsrin müqaviləsi" xüsusi yer tutdu.
Təməli ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan Milli Neft Strategiyanın gerçəkləşməsi və beynəlxalq neft şirkətləri ilə sazişlərin imzalanması sayəsində ölkənin neft ehtiyatlarının istismarına çoxmilyardlı xarici investisiyalar cəlb edildi. Məhz bu müqavilədən sonra dünya dövlətlərinin Azərbaycan iqtisadiyyatına marağı artdı, ölkəmizin beynəlxalq əlaqələrinin genişlənməsinə güclü təkan verildi. Müqavilənin imzalanması ilə xalqımızın öz sərvətləri üzərində sahiblik hüququ bir daha təsdiq edildi və eyni zamanda Azərbaycan iqtisadiyyatının dünyaya açıq olması nümayiş etdirildi. "Əsrin müqaviləsi"nin bağlanması Azərbaycanın bir dövlət kimi tanınmasına, onun dünya iqtisadi sisteminə qoşulmasına və beynəlxalq aləmdə mövqeyinin möhkəmləndirilməsinə şərait yaratdı. Beynəlxalq neft sazişlərinin imzalanması ilə neft sazişlərində iştirak edən dövlətlərlə səmərəli və qarşılıqlı faydalı əməkdaşlığın inkişafı üçün əsaslı təməl quruldu, ölkənin geosiyasi mövqeyinin daha da möhkəmlənməsi, dünya iqtisadiyyatına inteqrasiya prosesi sürətləndi.
Yataqlardan ilk neft isə «Çıraq» platformasından çıxarıldı. " 1997-ci ildə "Çıraq" platformasından ilk neft çıxarıldı və mən o günü yaxşı xatırlayıram. O gün doğrudan da, bir bayram günü idi. Bəlkə də çoxları o vaxt anlamırdı ki, bu, nəyə gətirib çıxaracaq. Ancaq bugünkü reallıq, bugünkü Azərbaycanın uğurlu inkişafı məhz o ildən, o gündən başladı. Ondan sonra ardıcıl olaraq Azərbaycan öz neft və sonra qaz potensialını dünya bazarına təqdim etməyə başladı",-Azərbaycan Prezidenti İlham Əliyev deyib.
Neftin dünya bazarına ixrac olunması məqsədilə Bakı-Novorossiysk neft kəməri təmir edildi, Bakı-Supsa neft kəməri tikildi ki, ilk dəfə olaraq Xəzər dənizi Qara dəniz ilə neft kəməri vasitəsilə birləşdi. Ondan sonra Bakı-Tbilisi-Ceyhan neft kəməri tikildi. Heç kimə sirr deyil ki, bu məsələdə Rusiya və Qərb (xüsusən də ABŞ timsalında) arasında çox güclü mübarizə gedirdi. Rusiya Azərbaycan neftini öz ərazisindən ixrac etməklə Dağlıq Qarabağdan əlavə olaraq Bakıya qarşı daha bir təsir rıçağını əldə etməyə çalışırdı. Qərb isə aldığı nefti Rusiya üzərindən keçməsini heç bir halda qəbul edə bilməzdi. Nəhayət, bu mübarizədə Qərb qalib çıxdı. Təbii ki, Azərbaycanın mövqeyi burada həlledici oldu.. Və dəhliz yaradıldı. Beləliklə, Xəzər dənizi-Qara dəniz-Aralıq dənizi əməkdaşlıq formatı formalaşdı. «Xəzər dənizini Aralıq dənizi ilə birləşdirən Bakı-Tbilisi-Ceyhan bu gün uğurla fəaliyyət göstərir və başqa ölkələrə də xidmət göstərir. Dəhliz formalaşandan sonra, əlbəttə ki, Azərbaycan öz tranzit rolunu oynamağa başlamışdır və bu gün biz qeyd edə bilərik ki, artıq Azərbaycan öz coğrafi vəziyyətindən və loqistika imkanlarından tam şəkildə istifadə edir. Azərbaycan Xəzər sahilinin şərq hissəsində yerləşən istehsalçılara da öz xidmətlərini göstərir və Azərbaycan üzərindən keçən neft və neft məhsullarının həcmi ildən-ilə artır",- Prezident deyib. Xəzərin Azərbaycan sektoru həm də qaz ehtiyatları ilə də zəngindir. «Şahdəniz» yatağı 1999-cuu ildə kəşf edilib. Bu yataq dünyanın ən böyük qaz-kondensat yataqlarından biridir. Onun istismarı Azərbaycanın qaza olan daxili tələbatını tam ödəməyə və tələbatından artıq qazı tarixində ilk dəfə olaraq ixrac etməyə imkan verdi. Qaz nəqliyyat infrastrukturunun, xüsusilə də Bakı-Tbilisi-Ərzurum qaz boru kəmərinin fəaliyyəti sayəsində Azərbaycan Qərbin mühüm qaz ixracatçısına və qlobal enerji təhlükəsizliyinin təminatçılarından birinə çevrildi. «Şahdəniz» yatağının ikinci mərhələsinin istifadəyə verilməsindən sonra isə Azərbaycanın Avropanın yanacaqla təchizatında rolu kəskin artacaq.
Neft və qaz satışından gələn böyük gəlirlər isə Azərbaycanın strateji valyuta ehtiyatını yaradır. Neft-qaz sazişindən əldə edilən valyuta və digər vəsaitlərdən səmərəli istifadə olunması, hasilatda şəffaflığı təmin etmək məqsədilə 1999-cu il dekabrın 29-da Azərbaycan Respublikası Dövlət Neft Fondu yaradıldı. Neft Fondunun yaradılması ilə neft sərvətlərinin nəsillər arasında ədalətli bölgüsü, onların səmərəli və məqsədyönlü şəkildə idarə edilməsi üçün əsaslı təminat quruldu.
Qeyd edək ki, 2013-cü il dekabrın 20-nə olan məlumata görə, 2001-ci ilin əvvəlindən Azərbaycanın Xəzər sektorundakı "Azəri-Çıraq-Günəşli" (AÇG) neft-qaz yataqları blokunun işlənməsi layihəsinin həyata keçirilməsi çərçivəsində Azərbaycan Respublikası Dövlət Neft Fonduna (ARDNF) 94 milyard 532 milyon 200 mn dollar daxil olub. Ötən il AÇG layihəsi çərçivəsində Fonda daxil olan vəsait isə 15 761,4 milyon dollar təşkil edib. BP şirkətinin rəhbərlik etdiyi konsorsium tərəfindən işlənməsi həyata keçirilən 5 milyard barrel hasilata malik «Azəri-Çıraq-Günəşli» neft yatağından hasil edilən neftdən əldə edilən mənfəət bölgüsündə Azərbaycanın payı 80 faiz təşkil edir. Əldə edilən mənfəət isə birbaşa ARDNF-ə daxil olur. Yaradılarkən 271 milyon ABŞ dollarına bərabər olan Dövlət Neft Fondunun aktivlərinin həcmi hazırda 37 milyard ABŞ dollarını keçib. Ümumilikdə isə ölkəmizin strateji valyuta ehtiyatları 2014-cü ilin əvəldinə 50 milyard dollar olub. Bu da milli neft strategiyasının reallaşmasının uğurlu nəticəsi kimi dəyərləndirilməlidir
Gəçlirlərin bir hissəsi sosial-iqtisadi inkişafına yönəldilir
Fondun vəsaitinin bir hissəsi gələcək nəsilə saxlanmaqla digər hissəsi ölkənin sosial-iqtisadi inkişafına yönəldilib, Milli Neft Strategiyası sayəsində ölkəmizə mütərəqqi texnologiyaların gətirilməsi, neft sənayesinin infrastrukturunun yenidən qurulmasına səbəb olub. O ölkəmizin geosiyasi mövqelərini möhkəmləndirməklə yanaşı, iqtisadiyyatımızın, xüsusən də qeyri-neft sektorunun sürətli inkişafına, mədəni intibaha və əhalinin sosial rifahının yaxşılaşdırılmasına güclü təkan veri. Azərbaycanın hər bir bölgəsində yeni, müasir tələblərə cavab verən yollar çəkilib, sənaye müəssisələri, elektrik stansiyaları tikilib, qaz və su kəmərləri çəkilib. Neft strategiyası sayəsində milli iqtisadiyyatın əsasını təşkil edən neft-kimya, neft emalı sənayesi və bunlarla bağlı alt sahələrin müasir standartlara cavab verən infrastrukturu qurulub. Neft emalı və neftayırma sahəsində əldə edilən böyük təcrübə və mütəxəssis kontingenti sayəsində Azərbaycan hökuməti xarici ölkələrin adı çəkilən sahələrinə irihəcmli investisiya qoyuluşları etməyə başlayıb. Bu gün Gürcüstanda nəhəng neft terminalı, Türkiyədə neft emalı zavodu Azərbaycan hökumətini təmsil edən ARDNŞ-ə məxsusdur. Azərbaycanın neftçi və mühəndisləri isə Moldovada neft yataqlarının kəşfiyyat və hasilatını öz üzərlərinə götürüb.
Sərmayə qoyuluşu, inflyasiya səviyyəsi, ümumi daxili məhsulun səviyyəsi baxımından biz bir çox ölkələri geridə qoymuşuq və bu tendensiya hazırda da davam edir. Aydındındır ki, bütün bunlar Milli Neft Strategiyasının sayəsində mümkün olub. İnsanların həyat səviyyəsinin və sosial vəziyyətinin yaxşılaşdırılması, sosial məsələlərin həlli, yoxsulluğun azaldılması istiqamətində mühüm işlər görülüb, əhalinin pul gəlirləri artıb.
Azərbaycanın zəngin neft-qaz yataqlarının mənimsənilməsi, bu əvəzsiz təbii sərvətin dünya bazarına çıxarılması Xəzər dənizində beynəlxalq əməkdaşlığın bünövrəsini qoyb. Bu baxımdan Milli Neft Strategiyasının reallaşması təkcə Azərbaycan üçün deyil, Qərb dövlətləri, habelə Cənubi Qafqaz və Mərkəzi Asiya ölkələri üçün strateji əhəmiyyət daşıyır. Milli Məclisin iqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadə isə bildirib ki, bu gün Azərbaycanın alternativ neft və qaz kəmərlərinin mövcudluğu onun regionun və Avropanın enerji təhlükəsizliyində mühüm rol oynamasına səbəb olub. Təkcə Azərbaycan neftinin deyil, həm də Qazaxıstan və Türkmənistan neftinin də Bakı vasitəsilə Türkiyə ərazisinə çıxarılması həyata keçirilir. Əsrin müqaviləsi" ilə başlanan Azərbaycanın neft strategiyasının gerçəkləşdirilməsi ilə Azərbaycan dünyada özünə daha etibarlı siyasi və iqtisadi tərəfdaşlar və müttəfiqlər tapıb. Bu gün Azərbaycan dünyada sayıloıb-seçilən ölkələrdən biridir. Beləliklə, Azərbaycan dövlətinin neft strategiyası artıq öz müsbət nəticələrini verib, dünyada tanınıb və XXI əsrdə Azərbaycanın müstəqil, azad inkişaf etməsinin əsasını təşkil edən amillərdən biridir.
Elməddin Muradov
Yazı “Azərbaycan Mətbuat Şurası və SOCAR-AQŞ-nin “Əsrin Müqaviləsi- ölkəmizin davamlı sənaye inkişafının təməli” mövzusundakı müsabiqəyə təqdim olunur”