Həyətlərdə avtodayanacaq problemi həll olunmur - FOTO

Gündəm 9 Mart 2016 13:28 Oxunub 1863
Həyətlərdə avtodayanacaq problemi həll olunmur - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Bakıda bina sakinlərini ən çox narahat edən avtomobillərin saxlanması üçün ucuz parkinqlərin olmamasıdır

Şəhər  sakinlərinin  ən çox maraq göstəridiyi mövzu nəqliyyat infrastrukturudur. İnternet forumlarda, sosial şəbəkələrdə  insanlar böyük həvəslə yeni salınan yolları, velosiped yollarını, piyada keçidlərini, avtobusların dəyişən marşrutlarını, yeni metro stansiyalarının tikiləməsini müzakirə edirlər. Avtosfer.az anspress-ə istinadən xəbər verir ki, əhalini ən çox narahat edən mövzu isə parkinq problemidir. Sürücü və ya piyada, fərqi yoxdur. Hamını avtomobillərin harada və necə park edilməsi maraqlandırır.  Pullu və pulsuz, qanuni və qeyri-qanuni, küçələrdə və həyətlərdə, mərkəzdə və mərkəzdən kənarda yerləşən bütün parkinqlər diqqət mərkəzindədir.

Problemin kökü paytaxtda  avtomobillərin sayının kəskin  artmasıdır. Şəxsi avtomobilə sahib  olmaq  insanların rahat hərəkətini təmin etsə də, amma maşınların saxlanması üçün  ictimai  yerlərdən  istifadə olunması  heç də əlverişli deyil. Nəticədə şəhər sakinləri avtomobillərin saxlanması  problemi ilə üz-üzə qalır.

Əgər şəhərin mərkəzi küçələrində bu problem yeni yeraltı və yerüstü avtodayanacaqlar vasitəsi ilə həll olunursa , amma  yaşayış binalarının qarşısında avtomobillərin saxlanılması problemi hələ də aktualdır.

Hətta yeni tikilən hündürmərtəbəli  binaların qarşısında da avtomobillərin  saxlanılması üçün nəzərdə tutulan yerlər məhduddur.  Sovet dövründə tikilən “stalinkalar”və “xruşovkalar”da isə ümümiyyətlə bunun üçün yer nəzərdə tutulmayıb. Sakinləri öz avtomobillərini binanın qarşısındakı həyətyanı sahədə saxlayırlar ki, bu da   həmin ərazinin  tamamilə tutulması ilə nəticələnir.  Uşaq meydançaları və qazonlar artıq dayanacağa dönüblər, oturacaqlar və zibil konteynerlərinin qarşısı da maşınlarla doludur. Bir çox hallarda isə bu avtomobillər heç bina sakinlərinə məxsus olmur. Həmin ərazidə yerləşən kafe və restoranlara, gözəllik salonları və kliniklalara, universitetlər və təhsil kurslarına gələnlər maşınlarının “ştrafnoya” aparılmaması və ya parkomatlara əlavə pul xərcləməsinlər deyə avtomobillərini  yaxınlıqdakı binaların qarşısında saxlayırlar. Bu isə bina sakinlərinin  narazılığına səbəb olur.

Bu məsələnin qanunla tənzimlənməsi məsələsinə  gəlincə, Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 35-ci maddəsinin 2-ci bəndinə görə,   “çoxmənzilli binanın sahə mülkiyyətçiləri ümumi mülkiyyətə sahiblik edir, ondan istifadə edir və bu Məcəllə və mülki qanunvericiliklə müəyyən edilmiş hədlərdə barəsində sərəncam verir.” Bu da o deməkdir ki, həyətlərinin digər avtomobillərlə zəbt olunmasını istəməyən sakinlər ümumi yığıncaqda qəbul edilmiş qərara əsasən kənar şəxslərin həyətə avtomobillə girişinə məhdudiyyət qoya bilərlər.  Bununla da bina ərtafı sahədə şlaqbaum və maneələrin quraşdırılması və həmin ərazinin yalnız bina sakinləri tərəfindən dayanacaq kimi istifadə edilməsinə dair qərarı  sakinlər özləri verə bilərlər.\

http://www.anspress.com/media/image/56dfc4d0cb44a/600@0

Bəs avtomobillə hərəkət etməyə üstünlük verən şəhər sakinləri nə etsin? Dayanma və durma qaydalarının pozulmasına görə, cərimələrin miqdarı 20-100 manat arasında dəyişir. Yeni qaydalara görə hətta  yol polisi əməkdaşları  qayda pozuntusuna yol verən avtomobillərin  fotosunu çəkib sürücülərin ünvanına göndərir. Lakin görülən tədbirlərə baxmayaraq səkilərdə,  yol ayrıclarında avtomobil saxlayan sürücülərin sayı azalmır. Paytaxtın müxtəlif rayonlarında yerləşən pullu avtodayanacaqların qiyməti  isə  sürücüləri qane  etmədiyindən bu tendensiyanın hələ uzun müddət  davam edəcəyi görünür.

Hazırda paytaxtda istifadəyə verilən  pullu avtodayanacaqların hamısı saat hesabı fəaliyyət göstərir. Mərkəzi Dayanacaq (Qış parkı) istisna olmaqla bütün dayanacaqlarda qiymət 1 AZN-dən başlayır. Yalnız Mərkəzi Dayanacaqda bu qiymət 50 qəpik təşkil edir.

Dünyanın ən böyük şəhərlərində qanunsuz avtomobil park edənlərlə mübarizə daha uğurla  aparılır. Burada yerləşən avtodayanacaqların qiyməti əhali üçün əlverişli olduğundan onlar maşını harada və necə saxlamaq haqqında düşünmürlər. Ən əsası xarici ölkələrdə pullu dayanacaqlarda ödəniş saat hesabı aparılmır. Üstəlik təqdim olunan bu qiymətlər şəhərin mərkəzi küçələri üçün nəzərdə tutulub. Kənar ərazilərdə isə bu qiymətlər daha ucuzdur.

Son dövrlər paytaxt sakinlərini ən çox narahat edən problemin həlli üçün isə bir neçə yol təklif olunur.  Birincisi  avtomobil saxlamaq üçün kifayət qədər yeri olmayan ərazilərdə  yeni tikililər inşa etməmək. Yaşayış evlərinin qarşısında parklanma qaydalarını yeniləmək – məsələn 60-70 sm enində olan uşaq arabasının  maneəsiz keçməsi üçün yer saxlamaq şərti ilə səkilərdə maşın saxlamaq mümkün ola bilər.

İkincisi parklanma yerlərinin sayını artırmaq lazımdır. Ən əsası isə parkinq qiymətləri əhalinin cibinə uyğun olmalıdır. Bu zaman həm bina sakinlərinin narazılığı aradan qalxar , həm də sürücülər  öz  maşınlarını rahat şəkildə parkinq edə bilərlər.

http://www.anspress.com/media/image/56dfbf357fde7/600@0

http://www.anspress.com/media/image/56dfbed5a9a74/600@0

http://www.anspress.com/media/image/56dfbef5b63a2/600@0

http://www.anspress.com/media/image/56dfc36f27aea/600@0

http://www.anspress.com/media/image/56dfc342e2baa/600@0

ŞƏRH YAZ
Ad

E-mail

Şərh