Banner

İlham Əliyevin Çinə rəsmi səfəri Azərbaycana nələr qazandırdı? – EKSPERTLƏRDƏN AÇIQLAMA - FOTO

Gündəm 23 Aprel 2025 19:39 Oxunub 544
İlham Əliyevin Çinə rəsmi səfəri Azərbaycana nələr qazandırdı? – EKSPERTLƏRDƏN AÇIQLAMA - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Prezident İlham Əliyev Çin Xalq Respublikasının Sədri Si Cinpinin dəvəti ilə 2025-ci il aprelin 22-dən 24-dək Çinə dövlət səfərinə gedib.

Hər iki dövlət başçısı diplomatik münasibətlərin qurulmasından ötən 33 il ərzində Azərbaycan-Çin əlaqələrinin inkişafındakı nailiyyətləri yüksək qiymətləndirərək səmimi və dostluq mühitində danışıqlar aparıblar. Hər iki ölkənin bir-birini prioritet təşkil edən, etibarlı və qarşılıqlı faydalı strateji tərəfdaş kimi nəzərdən keçirdiyini təsdiq edərək, qarşılıqlı siyasi etimadı daim möhkəmləndirməyə, hərtərəfli strateji tərəfdaşlıq əlaqələrinin qurulması barədə yekdilliklə qərar qəbul ediblər.

Ölkə başçısının Çinə rəsmi səfəri zamanı aprelin 23-də Pekində “Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında hərtərəfli strateji tərəfdaşlıq əlaqələrinin qurulması haqqında Birgə Bəyanat” imzalanıb. Bəyanatda bir sıra siyasi və iqtisadi əməkdalşıq məsələlərinə toxunulub.

Prezident İlham Əliyevin Çinə rəsmi səfəri ilə bağlı Azərbaycanın sabiq xarici işlər naziri Tofiq Zülfüqarov Avtosfer.az-a açıqlamasında deyib ki, imzalanan Bəyanatla hər iki tərəf əməkdaşlıq çərçivəsini daha da genişləndirərək hərtərəfli strateji tərəfdaşlığa yüksəldir:

“İmzalanan sənədlə qarşılıqlı kommunikasiya əhəmiyyəti daşıyan vasitələrin istifadəsi, Çin üçün böyük məna kəsb edən “Orta Dəhliz” layihəsinin ən önəmli iştirakçısının Azərbaycan olmasının anonsu verildi. Beynəlxalq təşkilatlarda bu və ya digər formada əməkdaşlıq, dünyada gedən proseslərə koordinasiya olunan birgə fəaliyyət də bu sənədin tərkib hissələrindən biridir. Azərbaycanla Çin arasında olan əmtəə mübadiləsi çox böyükdür. Çindən Azərbaycana ixrac olunan əmtəə həcmi daha çoxdur. Bəyanatla Azərbaycan məhsullarının Çində satılması üçün imkanlar yaradıldı. O ki qaldı, digər ölkələrin bu əməkdaşlığa münasibətinə, burada mövqelər müxtəlif ola bilər. Hətta ABŞ-nin Çinlə hansısa iqtisadi problemləri olduğu halda, bu məsələlərin iki ölkə arasında həllinə cəhdlərin şahidi oluruq. Azərbaycanın Çinlə strateji tərəfdaşlığı ABŞ ilə münasibətlərə hansısa formada təsir etməyəcək. Çünki Azərbaycan istər ABŞ, istərsə də Çinlə münsibətləri hər iki ölkə ilə fərdi formada olmaqla qurub. Bu gün ölkəmizin ABŞ ilə münasibətləri daha yüksək səviyyəyə gətirməsi mövzusu da gündəmdədir. Bir müddət əvvəldən də ABŞ administrasiyası ölkəmizlə münasibətlərin inkişafı istiqamətində addımlar atılacağını bildirib. Baxmayaraq ki, ABŞ-nin əvvəlki rəhbərliyinin fəaliyyəti nəticəsində bu münasibətlərə ziyan gəlmişdi. Yeni administrasiyanın bu səhvləri düzəldərək əlaqələrin yüksək səviyyədə bərpası istiqamətində çalışdığını görmək mümkündür”.

İqtisadçı Xalid Kərimlinin fikrincə, Azərbaycan anonsunu verdiyi BRICS təşkilatına qoşulmaq istəyini gerçəkləşdirmək üçün Çinlə əlaqələri yüksəltməli idi:

“Çinlə Azərbaycan arasındakı əmtəə mübadiləsi ümumi iqtisadiyyatımızın 8.5%-ni təşkil edir. Ümumiyyətlə bu ölkənin iqtisadi inkişaf modeli Azərbaycanın əlaqələri gücləndirməsi üçün kifayət qədər müsbət örnəkdir. Azərbaycana idxal edilən məhsulların 18%-i Çindən gətirilən mallardır. Bu məsələdə Asiya ölkəsi həmişə Rusiya və Türkiyə ilə birlikdə ilk 3 yeri tutur. Çin dünyada 2-ci ən böyük iqtisadiyyata sahib dövlətdir. İstehsal və ixrac baxımdan isə dünyanın bir nömrəli iqtisadiyyatı olan dövlətidir. Dünyadakı məhsul istehsalının 25%-i Çinin payına düşür. Dövlətimiz Çinin investor şirkətlərinin Azərbaycana investisiya qoyuluşu etməsində çox maraqlıdır. Çin həm də böyük turizm bazarıdır. Ölkəmizə Çin vətəndaşlarının turist kimi gəlməsi özü belə həm də investisiya qoyuluşu kimi dəyərləndirilə bilər. Azərbaycan özünün qeyri-neft məhsullarının Çin bazarına çıxarılmasında maraqlıdır. Çinlə Azərbaycan arasındakı əlaqələrin inkişafı daha çox transit məsələlərdə öz əksini tapacaq. Şərq-Qərb Nəqliyyat Dəhlizinin mənbə ölkəsi məhz Çindir, məhsulların çatacağı məntəqə isə Avropa. Rusiya-Ukrayna müharibəsi başladıqdan sonra Çin iqtisadiyyatının və tranzit əlaqələrinin yüksəldiyi bir dövrdə bu ölkə ilə əməkdaşlıq Azərbaycana çox kömək edəcək. Çinin də dəstəklədiyi “Bir kəmər, bir yol” layihəsinin ən önəmli iştirakçılarından biri də məhz Azərbaycandır”.

Ekspert sonda onu qeyd edib ki, Qərb ölkələrindən fərqli olaraq, Çin əməkdaşlıq etdiyi ölkələrin daxili işlərinə müdaxilə etmir.

Qeyd edək ki, Çinlə Azərbaycan arasındakı əmtəə mübadiləsi 2024-cü ildə 3.8 milyard dollardan çox olub. Bu gün ölkə başçısının Çinə səfəri zamanı iki ölkə arasında vizasız rejimə keçidlə bağlı da razılığa gəlinib.  Belə ki, ölkə liderlərinin görüşü zamanı “Azərbaycan Respublikası Hökuməti ilə Çin Xalq Respublikası Hökuməti arasında ümumvətəndaş pasportlarına malik vətəndaşların vizadan qarşılıqlı azad edilməsi haqqında Saziş”i Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Çinin xarici işlər naziri Van İ imzalayıblar.

Səfər

ŞƏRH YAZ
Ad

E-mail

Şərh