Banner

İşğaldan azad olunan ərazilərdə ağır qəzaların səbəbi bunlardır – Ərşad Hüseynov AÇIQLADI - VİDEO

Gündəm 25 Dekabr 2024 08:30 Oxunub 512
İşğaldan azad olunan ərazilərdə ağır qəzaların səbəbi bunlardır – Ərşad Hüseynov AÇIQLADI  - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

İşğaldan azad edilmiş ərazilər ölkəmiz üçün yalnız torpaqların geri qaytarılması deyil, həm də yeni həyatın, inkişafın başlanğıcıdır. Son zamanlar bu ərazilərdə baş verən yol-nəqliyyat hadisələrinin sayı diqqəti cəlb edir. Ərazidə bərpa və yenidənqurma işlərinin sürətlə aparıldığı bir zamanda bu cür hadisələr təhlükəsizlik məsələlərinin aktuallığını bir daha gündəmə gətirir.

Avtosfer.az xəbər verir ki, ölkə ərazisində 11 ay ərzində baş verən 1316 yol-nəqliyyat hadisəsində 695 nəfər həlak olub, 1126 nəfər isə yaralanıb. Qeyd olunan statistikanın bir qismi də işğaldan azad olunan ərazilərin payına düşür. Vətəndaşları narahat edən suallardan biri odur ki, işğaldan azad edilən ərazilərdə nəqliyyat infrastrukturunda hansı problemlər var ki, burada tez-tez qəzalar baş verir?

Məsələ ilə bağlı hüquqşünas Ərşad Hüseyinov Avtosfer.az-a bildirib ki, ümumi mənzərəni detallı araşdırmaq lazımdır: “Mən şəxsən əmin deyiləm ki, bu ərazilərdəki hadisələr respublikanın digər yerlərindəki göstəricilərdən yüksəkdir. Sadəcə, bu bölgələrin işğaldan azad edilmiş torpaqlar olması hadisələri daha çox diqqətə gətirir. Əslində, ola bilsin ki, burada qəza sayı ölkənin digər yerlərindən azdır.

Lakin hərəkətin təşkili baxımından problemlər mövcuddur. Məsələn, yol nişanlarının hər yerdə olmaması, tikinti və yenidənqurma işlərinin davam etməsi səbəbindən yol konfiqurasiyalarının tez-tez dəyişməsi, asfalt örtüklü yolların məhdudluğu kimi amillər diqqəti çəkir. Xüsusilə asfalt örtüyü olmayan yollarda hadisələr daha çox baş verir. Belə yerlərdə gecələr yolların işıqlandırılmaması da problemlər yaradır. Üstəlik, sürücülər şəraitə uyğun olmayan yüksək sürətlə hərəkət edirlər.

Sərt relyef də qəzaların baş verməsində mühüm rol oynayır. Kəlbəcər, Laçın, Qubadlı və Şuşa kimi ərazilərdə sürücülərin avtomobili peşəkar idarə etməməsi aşma hadisələrinin sayını artırır.”

Ərşad Hüseynov əlavə edib ki, məskunlaşma səviyyəsinin aşağı olması nəzarət mexanizmlərində də boşluqlara yol açır: “Sürət rejiminə nəzarət edən radarlar və polis postları ərazilərin hər yerində mövcud deyil. Bu da nəzarət boşluqlarına səbəb olur. Halbuki, bu zonada nəzarəti daha effektiv təşkil etmək mümkündür. Çünki burada hərəkət edən sürücülərin çoxu yenidənqurma işlərinə cəlb olunmuş şirkətlərin əməkdaşlarıdır. Həmin şirkətlər sürücülərə xüsusi təlimlər keçməklə qəza riskini azalda bilərlər. Təlimlərin keçirilməsi, sürücülərin gündəlik yoxlanılması və sərxoş halda yola çıxmamasına nəzarət edilməsi vacibdir. Əgər bu tədbirlər görülsə, hadisələrin sayı nəzərəçarpacaq dərəcədə azala bilər.”

Hüquqşünasın sözlərinə görə, qəzaya düşən sürücülərin əksəriyyəti şirkətlərin əməkdaşlarıdır və bu da onu göstərir ki, onların davranışına daha ciddi nəzarət edilməlidir.

Bu mövzunun nəzərə alaraq, müvafiq qurumların və aidiyyəti təşkilatların hadisələrin qarşısını almaq üçün daha təsirli tədbirlər görməsi zəruridir. Yol infrastrukturunun inkişafı ilə yanaşı, sürücülərin maarifləndirilməsi və təhlükəsizlik qaydalarına riayət olunmasının təşviqi xüsusi önəm kəsb edir.

Fidan Məmmədova

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh