İşlənmiş batareyaların ziyanları: Təhlükəli tullantılar necə zərərsizləşdirilir? – RƏSMİ AÇIQLAMA
Müasir dövrdə batareyaların istifadəsi sürətlə artmaqdadır. Cihazlardan avtomobillərə qədər geniş bir sahədə istifadə olunan batareyaların düzgün şəkildə utilizasiya olunması ətraf mühitin qorunması üçün böyük əhəmiyyət kəsb edir. Çünki batareyaların tərkibində olan zəhərli maddələr düzgün şəkildə atılmadıqda yeraltı sulara və torpağa qarışaraq ciddi ekoloji problemlərə yol açır.
Avtosfer.az xəbər verir ki, vətəndaşların bu mövzuda maarifləndirilməsi ilə bağlı vasitələr kifayət qədər olmadığı üçün batareyaların tullandığı yerlər isə əksər hallarda qadağan olunmuş ərazilər və ya ətraf mühitə zərər verən sahələr olur.
Bunun qarşısını almaq üçün çox sayda ölkə, xüsusən də Azərbaycan batareyaların toplanması və utilizasiyası üçün xüsusi məkanlar yaradır. Məsələn, ölkəmizdə istifadə edilmiş batareyaların toplanması üçün xüsusi konteynerlər və məntəqələr mövcuddur. Son dövrlər iri supermarket şəbəkələrində də işlənmiş litium-ion batareyalarının atılması üçün məntəqələr quraşdırılıb. Bu məntəqələr vasitəsilə istifadəçilər əllərindəki köhnə batareyaları təhlükəsiz şəkildə təhvil verə bilərlər.
Məsələ ilə əlaqədar fizik Elçin Abbasov Avtosfer.az-a açıqlamasında deyib ki, batareyalar civə, sink, manqan, litium, dəmir, nikel, kobalt və kimyəvi maddələrdən istehsal olunur:
“Bu batareyaların təsadüfi zibilliyə atılması, birbaşa və ya bilvasitə olaraq alıcı mühitə verilməsi ətraf aləm baxımından böyük təhlükələr yaradır. Metallar torpağa və oradan da yeraltı sulara qarışa bilər. Ən başda torpaq istifadə edilməz hala gələr və metalların yaratdığı su çirkliliyi sudakı ekosistemi alt-üst edir. Təsirlənən yalnız su ekosistemi deyil, əslində bütün ekosistemdir. Zaman içərisində bu təsirlər insanlar üzərində də görülür. Tullantı batareyaların səbəb olduğu xəstəliklərdən başlıcaları, nevroloji pozğunluqlar, mərkəzi sinir sistemi xəstəlikləri, xərçəng, böyrək və qaraciyər xəstəlikləridir. Batareyaların içindəki bütün maddələrin zərəri bəzən öldürücü dərəcəyə çata bilir. Maddələr daha əvvəl də ifadə edildiyi kimi torpağa qarışaraq heyvanların yediklərindən ya da sulardan insan bədəninə qarışır. Bir kiçik batareya 4 kvadrat metr torpaq çirkləndirir və bu torpağı istifadəsi mümkünsüz hala gətirir”.
Tibb üzrə mütəxəssislər vurğulayır ki, sinir sisteminin civə birləşmələrinə qarşı çox yüksək həssaslığı var. Bundan başqa, bədənə alınan civənin beyin və böyrəklər üzərində də ağır yaralar yaratdığı aparılan tədqiqatlarla müəyyən edilib. Civə konsentrasiyasının bədəndə yüksəlməsi təzyiq yüksəlməsinə, infarkta, dəridə qızarıqlığa və yaralar meydana gəlməsi ilə gözlərin zərər görməsinə səbəb ola bilər. Civə təbiətdə pozulmaz. Civə və civə birləşmələri insanlar və ətraf sağlamlığı baxımından çox təhlükəlidir. Batareyalardakı civə sürətlə dəri və tənəffüs yolu ilə bədənə girə bilər. İçməli su və ya qida yolu ilə insan bədəninə girən civə:
1)Eşitmə və görmə pozğunluğu;
2)Mərkəzi sinir sisteminin pozulması, onkoloji xəstəliklər, mənşəyi bilinməyən şişlər;
3)Böyrək, qaraciyər, beyin toxumalarının pozulmasına;
4) Ağciyər xəstəlikləri, allergik bronxit;
5) Əsəb pozğunluğu, beyin geriləməsi;
6)Xromosomları korlayıb şikəst doğumlara səbəb olabilir.
Mövzu ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin ekoloji siyasət şöbəsinin müdiri Faiq Mütəllimov Avtosfer.az-a bildirib ki, ilk növbədə elektrik və hibrid nəqliyyat vasitələrində olan batareyaların utilizasiyası ilə bağlı qeyd etmək lazımdır ki, son illərdə ölkəyə idxal olunan ekoloji təmiz nəqliyyat vasitələrinin artımı müşahidə olunur:
“Bu vəziyyətlə əlaqədar olaraq, bu sahədə müəyyən işlərin görülməsi zərurəti yaranmışdır. Bu məqsədlə biznes mühitinin və beynəlxalq reytinqlərin nəzərə alınması ilə komissiyanın fiziki infrastruktur işçi qrupunun tərkibində ekoloji təmiz və təhlükəsiz nəqliyyat vasitələrinin stimullaşdırılması və infrastrukturun təkmilləşdirilməsi üzrə alt işçi qrupu yaradılmışdır. Bu işçi qrupu çərçivəsində sözügedən məsələlərə baxılır və əlaqədar nazirlikdən xüsusi bir işçi qrupu da yaradılmışdır. Aidiyyəti dövlət qurumlarının nümayəndələrindən ibarət işçi qrupu, həmçinin bu batareyaların utilizasiyası ilə bağlı təkliflərin hazırlanmasını nəzərdə tutur. Belə ki, həm özəl sektorun stimullaşdırılması, həm də beynəlxalq təcrübənin öyrənilməsi və ölkəmizdə tətbiqi ilə bağlı qanunvericiliyin təhlili, təkliflərin hazırlanması, zərərli standartlar və texniki reqlamentlərin qəbul edilməsi məqsədilə işlər görülür. Eyni zamanda, bir sıra xarici ölkələrdə batareyaların izlənməsi üçün qurulmuş sistemlər mövcuddur və bu sistemlər ilə bağlı təkliflər hazırlanır. Çünki bu batareyalar öz növbəsində qiymətli metalları daşıyır və onların utilizasiyası həm tullantıların ətraf mühitə atılmasının qarşısını alır, həm də təhlükəli tullantıların düzgün idarə olunmasını təmin edir. Bundan əlavə, təkrar emal üçün bu metalların geri qaytarılması mümkün olur”.
Faiq Mütəllimov qeyd edib ki, sözügedən komissiya çərçivəsində yaradılmış alt işçi qrupu bu məsələləri hər tərəfli öyrənir və lazımi tədbirlərin görülməsi nəzərdə tutulur:
“Bununla yanaşı məişətdə istifadə olunan batareyaların utilizasiyası ilə bağlı nazirliyin təşəbbüsü ilə artıq bir neçə ildir ki, müxtəlif məntəqələrdə (dost mərkəzləri, asan xidmət mərkəzləri, marketlər və digər nöqtələr) batareyaların toplanılması və utilizasiyaya yönləndirilməsi ilə bağlı işlər həyata keçirilir. Qeyd etmək lazımdır ki, ötən il 2 tondan yuxarı batareya toplanaraq utilizasiyaya təqdim olunmuşdur. Əlbəttə ki, bu sahədə fəaliyyət göstərən digər şirkətlər də mövcuddur”.
Fidan