İstifadə olunmuş şinlər necə utilizasiya edilir? - RƏSMİ QURUMLARDAN AÇIQLAMA - VİDEO

Gündəm 11 İyun 2024 14:38 Oxunub 316
İstifadə olunmuş şinlər necə utilizasiya edilir? - RƏSMİ QURUMLARDAN AÇIQLAMA     - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Avtomobillərin istifadəsi rahatlıq yaratsa da ətraf mühitə vurduğu ziyan da az deyil. Bu ziyanlardan biri də avtomobil təkərləridir. Məlumata görə, 1 il ərzində Azərbaycanda təxminən 1 milyondan çox təkər tullantıya çevrilir. Təkərin isə torpağa qarışması prosesi 100 ildən çox vaxta başa gəlir. Yəni, bu artıq ekoloji problemin başlanğıcıdır.

Avtosfer.az xəbər verir ki, “Masterclass” layihəsinin rəhbəri Raqif Raufoğlu bu barədə video paylaşıb.

O, bildirib ki, Balaxanı Sənaye Parkında təkərləri utilizasiya edən müəssisələr var. Bu müəssisələr tullantı təkrlərin utilizasiyasını təklif edir.

Məsələ ilə bağlı Avtosfer.az-a açıqlama verən “Təmiz Şəhər” Açıq Səhmdar Cəmiyyətinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Orxan Cabbarov bildirib ki, ətraf mühiti çirkləndirən əsas təsirlərdən biri də avtomobillərdir: “Eyni zamanda avtomobillərin istismar müddətinin başa çatmış hissələri, xüsusən də avtomobil şinləri ekoloji mühitə təsirsiz ötüşmür. Hal-hazırda “Təmiz Şəhər” ASC-nin təsərrüfat sahələrində istismar müddəti başa çatmış avtomobil şinlərinin zərərsizləşdirilməsi üçün infrastruktur yaradılıb. Burada təkərlər qəbul olunaraq təkrar emala istiqamətləndirilir. Qeyd edək ki, axırıncı Balaxanı Sənaye Parkında qeydiyyatdan keçən rezident məhz avtomobil şinlərinin təkrar emala cəlb olunmasıyla uşaq-oyun meydançalarında rezin döşəmələr istehsalını həyata keçməklə bağlı biznes planını qeydiyyatdan keçirərək bu prosesin icrası istiqamətində fəaliyyətlər həyata keçirir. Eyni zamanda avtomobil şinləri digər istiqamətlər, əsasən də yanacaq əldə olunmasında xammal kimi istifadə oluna bilir.”

Orxan Cabborov bildirib ki, təmsil etdiyi qurum həm “Yaşıl Dünya Naminə Həmrəylik” ilində, həm də COP29 öncəsi bütün bu sahədə fəaliyyət göstərən sahibkarlara səslənərək avtomobil şinlərinin korporativ sosial məsuliyyətdən irəli gələrək “Təmiz Şəhər” ASC-nin təsərrüfat sahələrinə gətirib təhvil verilməsinin tərəfindədir. “Bu proses ödənişsiz olaraq həyata keçirilir. Yəni bu işlə bağlı dəstək vermək istəyən hər kəsin üzünə böyük məmnuniyyətlə qapılarımızı açmışıq. Gəlib təkərləri təhvil versinlər. Avtomobillərin istismar müddəti başa çatmış tək təkər deyil, eyni zamanda işlənmiş mühərrik yağları da bizim təsərrüfat sahələrinə təhvil verilə bilər”.

Mövzü ilə bağlı Avtosfer.az-ın sorğusuna cavab olaraq Ekologiya və Təbii Sərvətlər Nazirliyinin  Ekoloji Siyasət Şöbəsinin müdiri Faiq Mütəllimov bildirib ki, beynəlxalq təcrübədə nəqliyyat vasitələrinin utilizasiya proqramı geniş tətbiq olunur və bu çox uğurlu nəticələr göstərir: “Utilizasiya poqramının həyata keçirilməsi nəticəsində bir çox hədəflərə, o cümlədən nəqliyyat parkının yenilənməsi, insan sağlamlığı, ətraf mühitə təsirlərin azaldılması, yol hərəkəti təhlükəsizliyinin təmin olunması, yerli avtomobil bazarının stimullaşdırılması və yeni iş yerlərinin yaradılmasına da gətirib çıxarır. Belə ki, vətəndaşlar öz nəqliyyat vasitələrini utilizasiya təqdim etməklə yeni avtomobilin alınması zamanı güzəşt məbləği və birdəfəlik ödəniş əldə edə biləcəklər. Bu halda, yəni yerli avtomobillər əldə olunan zaman bu məbləğ daha yüksək olacaq və beləliklə də yerli avtomobil bazarının sonrakı inkişafı təmin olunacaq. Hazırda bu proses gedir və sentyabr ayının 1-dən utilizasiya üçün müraciətlər qəbul olunacaq. Bir neçə şirkət artıq qeydiyyatdan keçmə prosesinə başlayıb və bu sahədə artıq investisiyalar yatırılır”.

Faiq Mütəllimov qeyd edib ki, ildə təxmini hesablamalara görə bir milyondan çox avtomobil şinləri tullantılar yaradır: “Bu, əlbəttə, ətraf mühitə atılarsa, böyük problemə, xüsusən də ətraf mühitə mənfi təsirə gətirib çıxarır. Bir neçə il bundan əvvəl Azərbaycanda, ümumiyyətlə avtomobil şinlərinin təkrar emalı prosesi yox idi. Lakin hazırda Balaxanı Sənaye Parkında qeydiyyatdan keçmiş iki rezident sırf istismar müddəti başa çatmış avtomobil şinlərinin təkrar emalı istiqamətində fəaliyyət göstərir. Qarşımıza qoyulan əsas məqsədlərdən biri istər bərk məişət tullantıları istərsə də, digər növ tullantılar istiqamətində təkrar emal sahəsinin inkişaf etdirilməsidir. Balaxanı Sənaye Parkının yaradılmasının əsas məqsədlərdən biri də təkrar emal bazarının gücləndirilməsidir. Eyni zamanda ölkədə bütün növ tullantıların uçotunun təkmilləşdirilməsi, tullantıların idarə edilməsi sahəsində qanunvericiliyin təkmilləşdirilməsi və s. istiqamətdə də işlər aparılır”.

Qeyd: Material Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin (MEDİA) maliyyə dəstəyi ilə “Ekologiya və ətraf mühitin mühafizəsi” istiqaməti üzrə hazırlanıb.

Müəllif: Məhəbbət Tərlanoğlu

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh