İlham Əliyev Ərdoğana başsağlığı verdi

Azərbaycan Prezidenti İlham Əliyev türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğana Demokratiya və Milli Birlik Günü münasibətilə məktub ünvanlayıb.
Avtosfer.az-ın məlumatına görə, təbrikdə deyilir:
"Hörmətli cənab Prezident,
Əziz Qardaşım,
2016-cı ilin 15 iyul tarixində Türkiyə Respublikasında dövlət çevrilişi cəhdinin qarşısının alınması zamanı Vətənlərini qorumaq üçün həyatlarını qurban vermiş bütün şəhidlərin əziz xatirəsini dərin ehtiramla yad edir, onların ailələrinə və qardaş Türkiyə xalqına dərin hüznlə başsağlığı verirəm.
On il əvvəl qardaş Türkiyə müasir tarixinin ən faciəli, eyni zamanda ən şərəfli səhifələrindən birini yazdı. Dövlətçiliyə, konstitusiya quruluşuna, milli iradəyə və demokratik əsaslara qarşı yönəlmiş xain çevriliş cəhdi Türkiyə xalqının sarsılmaz əzmi, mətinliyi və Vətənə sonsuz sədaqəti sayəsində qətiyyətlə dəf edildi. Minlərlə insanın meydanlara axışaraq sinəsini sipər etməsi, dövlətinə, bayrağına və milli dəyərlərinə sahib çıxması əsl qəhrəmanlıq dastanı kimi əbədi olaraq milli yaddaşa həkk olundu.
Sizin qətiyyətli və uzaqgörən liderliyiniz, xalqınızın Sizin ətrafınızda sıx birləşməsi, çağırışlarınıza dərhal və tərəddüdsüz cavab verməsi həmin taleyüklü gecədə ölkənizi böyük faciələrdən xilas edən əsas amillərdən oldu. Sizin rəhbərliyinizlə Türkiyə bu sınaqdan daha da güclənərək çıxdı, öz milli iradəsini və dövlətçilik ənənələrini bütün dünyaya bir daha nümayiş etdirdi.
O tarixi gündə baş verənlər sübut etdi ki, xalq ilə dövlətin birliyi qarşısında heç bir məkrli niyyət, heç bir dağıdıcı qüvvə davam gətirə bilməz. Məhz buna görə də hər il 15 iyulda qeyd edilən "Demokratiya və Milli Birlik Günü" xalqınızın milli həmrəyliyinin, mübarizlik ruhunun, dövlətçilik ənənələrinin və azadlıq iradəsinin simvoludur.
Azərbaycan xalqı və dövləti əziz mirasımız olan "Bir millət iki dövlət" prinsipini rəhbər tutaraq həmişə olduğu kimi o həlledici anlarda da qardaş Türkiyə ilə həmrəylik nümayiş etdirdi və onun yanında oldu. Bütün bunlar xalqlarımızın qardaşlığının və birliyinin nə qədər güclü və sarsılmaz olduğunu bir daha təsdiqlədi.
Əminəm ki, nəsillərdən-nəsillərə ərməğan qalan güclü Azərbaycan-Türkiyə dostluğu və qardaşlığı daha da möhkəmlənəcək, strateji müttəfiqliyimiz bundan sonra da birgə səylərimizlə yüksələn xətt üzrə inkişaf etməyə və yeni məzmunla zənginləşməyə davam edəcəkdir.
Əziz Qardaşım, Sizə möhkəm cansağlığı, xoşbəxtlik, ali dövləti fəaliyyətinizdə uğurlar, qardaş Türkiyə Respublikasına əmin-amanlıq, firavanlıq və rifah arzulayıram".
Sərnişinlərin daşınması üçün ekspres avtobuslar ödənişli olacaq
Sürücüsüz avtobus və qatarlar Azərbaycanda necə tətbiq olunacaq? – EKSPERT
Nağd pula qayıdış başlayır: Yeni limitlər kimlərə təsir edəcək? -AÇIQLAMA
Mərdəkan qalasının bərpası niyə başa çatmır? – Memar DANIŞDI
Ukraynanın nəqliyyat təcrübəsi Azərbaycana nə qazandıra bilər? – ARAŞDIRMA
Bu yollarda tıxac var - SİYAHI
Çindən sonra daha bir ölkə elektron qapı tutacaqlarını məhdudlaşdırır – RƏSMİ
Azərbaycanda İLK: Sürücüsüz avtobus və qatarlar fəaliyyət göstərəcək
Bakıda 11 istiqamətdə nəqliyyatın sıxlığı müşahidə olunur - YENİLƏNİB - SİYAHI - FOTO
Azərbaycanın logistika mərkəzinə çevrilməsi üçün yeni imkanlar yaranır – AÇIQLAMA
İyulda suda boğulma və günvurma halları artıb – RƏSMİ STATİSTİKA










