Reklam

İlham Əliyev yenə radardan və yol nişanlarından narazılıq etdi

Gündəm 21 Oktyabr 2015 02:28 Oxunub 6373
İlham Əliyev yenə radardan və yol nişanlarından narazılıq etdi
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Deputatlar yollardan və yol hərəkətindən narazıdır; yol qəzalarının səbəbləri araşdırılmalıdır

Dünən dördüncü çağırış Milli Məclisin son plenar iclası keçirilib. Avtosfer.az-ın məlumatına görə, iclasda «Avtomobil nəqliyyatı haqqında» qanuna təklif edilən əlavələr müzakirəyə çıxarılıb. Qanunun 27-ci maddəsinə edilən dəyişiklikdə bildirilir ki, taksi minik avtomobilləri ilə sərnişin daşımalarına “B” və ya “B, E” kateqoriyaları üzrə nəqliyyat vasitələrini idarəetmək hüququnu təsdiq edən sürücülük vəsiqəsi olan, yaşı 21-dən az olmayan, iki ildən artıq müddətdə mülkiyyətində və ya digər qanuni əsaslarla istifadəsində olan avtonəqliyyat vasitəsini idarə edən sürücülər buraxılır.  

Hazırda isə yaşı 19-dan və avtonəqliyyat vasitələrini idarə etmək təcrübəsi bir ildən az olmayan sürücülər taksi minik avtomobilləri ilə sərnişin daşımaları ilə məşğul ola bilir. Taksi minik avtomobillərinin sürücüləri etik davranış və avtomobil nəqliyyatı ilə sərnişin daşımalarını tənzimləyən normativ hüquqi aktlara dair xüsusi hazırlıq keçməlidirlər.  

Taksi minik avtomobillərinin sürücüləri üçün xüsusi hazırlığın keçirilməsi qaydası, proqramı və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən ediləcək. Xüsusi hazırlıq müvafiq icra hakimiyyəti orqanı tərəfindən təşkil edilir və keçirilir. Qanunun 14-cü maddəsinə təklif olunan əlavəyə görə isə avtomobil nəqliyyatı ilə sərnişin və yük daşımaları sahəsində lisenziyalaşdırma üçün taksometrlə bağlı daha bir tələb şərt kimi qoyulacaq. Həmin şərt taksi minik avtomobilləri ilə sərnişin daşıması üçün nəzərdə tutulmuş avtonəqliyyat vasitəsinin təchiz olunduğu taksometrin metroloji yoxlamadan keçməsini təsdiq edən, müvafiq icra hakimiyyəti orqanı tərəfindən akkreditasiya olunan qurumlar tərəfindən verilmiş yoxlama haqqında şəhadətnamənin olmasıdır.  

 

«Taksi sürücüsü sərnişinə də siqaret təklif edir»

 

Qanuna dəyişikliyin müzakirəsi zamanı millət vəkili Musa Quliyev bildirib ki, əlavə edilən bu dəyişiklər ictimai nəqliyyatda həm xidmətin keyfiyyətini yüksəldəcək, həm də xidmətin təhlükəsizlik həyata keçirilməsinə imkan yaradacaq. Bununla yanaşı deputat taksi sürücülərinə vahid geyim formasının tətbiq edilməsini təklif edib: “Bu gün taksi sürücülərinin geyimi nəqliyyatın təhlükəsiz idarə olunmasına mənfi təsir edir. Biz ictimai nəqliyyatda siqaret çəkilməsinə qadağan qoyulması haqqında dəyişikliyi qəbul etdik. Amma bu, taksi sürücülərinə aid deyil. Bu, xidmət mədəniyyətini yüksəltmir, əksinə bizim qonaqlar və ailə üçün hörmətsizlikdir, onların sağlamlığına zərər vuran məsələdir. Bəzən taksi sürücüsü sərnişinə heç demir də ki, siqaret çəkmək olar ya olmaz. Əksinə, bir siqaret də sərnişinə təklif edir. Bu düzgün bir şey deyil. Həmçinin qanun layihəsinə nəqliyyatın istismar müddəti ilə bağlı müddəalar əlavə etdik. İndi ola bilsin ki, nəqliyyat vasitəsi yaxşıdır, saz vəziyyətdədir. Amma salon çirklidirsə, onu yaxşı vəziyyətdə saxlamır və bu,  sərnişinlər tərəfindən mənfi fikir formalaşdırır”.

 

«Rayon maşınlarının paytaxta girişinə qoyulan qadağa narazılıq yaradır»

 

Taksilərdə taksometrlərin olmamağı haqqında da danışan M.Quliyev söyləyib ki, taksometrlər yalnız bir neçə firmanın maşınında var: “Hesab edirəm ki, taksometlər bütün taksilərdə qoyulmalıdır”. Deputat Nazirlər Kabinetinin rayon maşınlarının Bakıya girişinə məhdudiyyətlərin qoyulması haqqında qərarına tərəddüdlə yanaşdığını da qeyd edib: “Rayon maşınlarının paytaxta girişinə qoyulan qadağa narazılıq yaradır. Bu, ola bilsin ki, kiminsə koorparativ maraqlarına xidmət edir. Amma rayon camaatını narahat edir. Burada ortaq məxrəc tapılmalıdır. Ya rayondan gələn taksilərə lisenziya verilməlidir ki, onlar rahat gələ bilsinlər, ya da hansısa mexanizm olmalıdır. Bu gün rayon taksiləri bunun yolunu tapıb və lisenziyanı yolda dayananlara ödəyir. Yaxşı olardı ki, o gəlir dövlət büdcəsinə gəlsin. Eyni zamanda burada rayonda yaşayan millət vəkiləri var və onların maşınları da rayon qeydiyyatındadır. Bu, onlara da narahatlıq yaradır”.

 

«NİİM Daxili İşlər Nazirliyinin tərkibinə daxil edilsin»

 

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, millət vəkili Qüdrət Həsənquliyev də nəqliyyatdan, xüsusən də taksi fəaliyyətindən şikayətlənib. Deputat deyib ki, taksilərdə taksometlər ölkənin mədəni inkişafının göstəricisidir: “Onun olmaması ölkə haqqında mənfi imic formalaşdırır. Biz hər sahədə olduğu kimi, mədəni sahədə də inkişaf etməliyik. Həmçinin ictimai nəqliyyatı idarə edənlərin iş saatı ilə bağlı danışmaq istəyirəm. Avtomobil sürətini yoxlayan cihazlar var və onlar avtomobili 2 saatdan çox sürəndən sonra söndürür ki, 10-15 dəqiqə dincəlsin. Sürücülərin sükan arxasında yatmağı ağır faciələrə yol açır. Bu, qanunda qeyd olunsun ki, lisenziya verilərkən əsas şərtlərdən biri də o cihazlarla avtomobillər təhciz olunsun. Sivil ölkə kimi biz də bu normaları tətbiq etməliyik”.

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli təklif edib ki, Nəqliyyatın İntellektual İdarə olunması Mərkəzi Daxili İşlər Nazirliyinin tərkibinə daxil edilsin: “Yol hərəkətin təhlükəsizliyi Daxili İşlər Nazirliyinin tərkibindədir. Nəqliyyatın İntellektual İdarə olunması Mərkəzi də yaxşı mənbə rolu oynaya bilir. Təklif edirəm ki, bu qurumun işi də DİN-in tərkibinə verilsin”.

 

«Taksi sürücüləri adamın az qala gözünü çıxardırlar»

 

Deputat Adil Əliyev bildirib ki, taksilərə taksometlərin quraşdırılması vacibdir: “Bu gün taksiyə minərkən və düşərkən sürücü sərnişinə deyir ki, “nə verərsən verərsən”. Bu isə insanları narahat edir. Taksometlərin bütün taksilərə, özəl taksicilərə də verilməsi vacibdir”. Millət vəkili yeni salınan qəsəbələrdə avtobus marşrutlarının olmamasına da diqqət çəkib: “Yeni salınan qəsəbələrlə bağlı marşrutların açılmasına nəzarət edilsəydi, yaxşı olardı. Eyni zamanda rayonlara gedərkən məlumat lövhələri olmur. Məsələn, filan rayona filan kilometr qalıb kimi işarələr yoxdur. Bu da insanları çaşdırır”.

Xanım millət vəkili Məlahət İbrahimqızı da təkliflərlə bağlı çıxış edib: “Bu yaxınlarda Naxçıvanda oldum. Bura Azərbaycanın ən inkişaf etmiş və ən mədəni bölgəsidir. Orada hətta “xalturşik” taksi sürücüləri də elə bil dövlət məmurları, dövlət qulluqçularıdır”. O, Naxçıvandakı taksi sürücülərinin səliqəli şəkildə kənarda avtomobillərinin yanında dayandıqlarını və müştəri gözlədiklərini qeyd edib.

Deputat Bakıda fəaliyyət göstərən hava limanında isə taksi sürücülərinin insanları narahat etdiklərini deyib: “Bakıdakı hava limanında gömrük məntəqəsini keçməmiş taksi sürücüləri adamın az qala gözünü çıxardırlar. Geyimləri isə səliqəsizdir. Gecə gələndə xarici qonaqlar onlardan qorxurlar. Bu cür möhtəşəm hava limanında belə hallar qəbuledilməzdir. Xahiş edirəm aidiyyatı qurumlar bu təklifləri nəzə alsınlar”.

 

“Beynəlxalq magistrallarda mal-qaranın keçməsi üçün, keçidlər yaradılmalıdır”

 

Xanım deputat Qənirə Paşayeva da taksilərdə siqaret çəkilməsinin mənfi hal olduğunu deyib. O bildirib ki, taksilər də ictimai nəqliyyat olduğundan orada siqaretin çəkilməsi qadağan olunmalıdır: “Taksi sürücülərinin böyük əksəriyyəti sərnişin daşıyarkən siqaret çəkərək sərnişinlərin sağlamlıqlarına ziyan vururlar. Taksilərdən qadınlar, uşaqlar, yaşlılar da istifadə edirlər. İnkişaf etmiş ölkələrdən olduğu kimi bizdə də taksilərdə siqaretdən istifadə qadağan edilməli və buna məhəl qoymayanlar ciddi cəzalandırılmalıdırlar”. Q.Paşayeva həmçinin rayon maşınlarının Bakıya buraxılmasındakı problemlərə toxunaraq bildirib ki, yerlərdə insanlar millət vəkillərinə bununla bağlı müəyyən narahatlıqlarını ifadə edən müraciətlər edirlər: “Hesab edirəm ki, bu məsələnin tənzimlənməsi qayda və mexanizmlərinə yenidən baxılmalı, təkmilləşdirilməli və insanları narahat edən məsələlər ortadan qaldırılmalıdır”. Millət vəkili beynəlxalq avtomobil yollarındakı ən ciddi problemlərdən biri kimi keçidlər məsələsini qaldırıb. O, bildirib ki, beynəlxalq avtomobil yollarında heyvanların keçməsi üçün keçidlərin sayının artırılması vacibdir: “Əks halda surəti yüksək olan bu yollardan istifadə edən sürücülərin də, heyvanlarını yoldan keçirmək istəyən insanların da təhlükəsizliklə bağlı daim problemləri olacaq. Eyni zamanda belə yolların keçdiyi yaşayış məntəqələrində insanlar üçün də təhlükəsiz keçidlərin sayının artırılması lazımdır. İnsanlarla yerlərdə görüşəndə buna nə qədər böyük ehtiyac olduğunu söyləyirlər”.

 

«Kimlərinsə biznes maraqlarını ortaya qoymasınlar»

 

Deputat Aytən Mustafayeva qanun layihəsində ictimai nəqliyyatı idarə edən şəxslərin 21 yaşından seçilməsinə münasibət bildirib: “Bu zaman həmin şəxsin sürücülük təcrübəsi 3 il olacaq. Hesab edirəm ki, o insanlar nəqliyyatı vasitəsini idarə etmək üçün cavandır. Nəticədə onlar yolda yürüşlər edir və apardığı insanları unudurlar. Taksi sürücüləri üçün deyilir ki, mütləq kurslar keçilməlidir. Bəs insanları daşıyan ictimai nəqliyyat vasitələri necə, onlar da kurslardan keçməlidirlər?”.

Deputata cavabında vitse-spiker Ziyafət Əsgərov deyib ki, sürücülərin yaş senzi 19-dan 21-ə qaldırılıb: “Biz 19 yaşdan 21 yaşa qaldırmışıq bu yaş həddini. Lazım gələrsə, məsələyə yenidən baxıla bilər”.

Millət vəkili Çingiz Qənizadə rayondan gələn maşınların Bakıya buraxılmamasının postlarda yaratdığı mənfi nəticələri qeyd edib: “Rayon maşınlarının saxlanıldığı dayanacaqlarda şərait yaradılmayıb. Belə ki, maşınlar orda dayanarkən insanlar çay içmək istəyəndə bir çaynik çay 3 manata satılır. Və ya Qaradağ postundan Suraxanıya taksi 35 manata aparır. Lazımi orqanlar bu işi həyata keçirirsə, öz üzərilərinə düşən öhdəlikləri tam yerinə yetirsinlər, kimlərinsə biznes maraqlarını ortaya qoymasınlar”. 

 

"Hansısa kəndə dönmək üçün nişan olmalıdır"

 

Deputat İlham Əliyev isə bildirib ki, sürət rejimi ilə bağlı yollarda ciddi problemlər var: «Məsələn, «Beşbarmaq» pirinə çatmamış 110 km/saat sürət həddi göstərilir. Qəflətən isə 70-ə düşür. Radarın altında isə sürəti 50-yə salırlar. Belə vəziyyət Xırdalanda da var. Bu, düzgün deyil. Bölgələrə gedərkən istiqaməti bildirən yol nişanları yoxdur. Şimal bölgəsində Quba, Qusar və Xaçmazdan başqa heç bir yaşayış məntəqəsini göstərən nişan yoxdur. Hansısa kəndə dönmək üçün nişan olmalıdır. Amma bəzən nişanı elə yerə qoyurlar ki, sürətlə getdiyiin yerdə qəflətən nişanı görüb tormozlayırsan və bu da qəzaya səbəb olur».

Deputat təklif edib ki, yol qəzalarının səbəbləri araşdırılmalıdır. Burada ilk yeri sürücülərin sükan arxasında yuxuluması tutur. İlham Əliyev rayon qeydiyyatı olan maşınlarla bağlı qadağaya bir daha baxılmasını da təklif edib.

 

Elməddin

ŞƏRH YAZ
Ad

E-mail

Şərh