İlham Əliyev: “Ermənistanın xahişi ilə atəşkəsin bərpa edilməsinə razılıq verdik“

Gündəm 2 May 2016 16:09 Oxunub 1411
İlham Əliyev: “Ermənistanın xahişi ilə atəşkəsin bərpa edilməsinə razılıq verdik“
WhatsApp kanalımıza abunə ola bilərsiniz
“Azərbaycan Ordusu heç vaxt mülki əhali ilə müharibə aparmayıb”

Ermənistan tərəfinin xahişi ilə aprelin 5-də biz razılıq verdik ki, atəşkəs bərpa edilsin. Biz müharibə istəmirik. Biz istəyirik ki, məsələ sülh yolu ilə həll olunsun. Ancaq həll olunsun. Sadəcə olaraq görüntü naminə danışıqların aparılmasının heç bir mənası yoxdur. Beləliklə, aprelin 5-də razılığa gəlindi ki, atəşkəs rejimi bərpa edilməlidir. Biz buna əməl etdik, bu gün də əməl edirik. Ancaq əfsuslar olsun, Ermənistan yenə də özünü qeyri-səmimi aparır və aprelin 5-dən bu günə qədər elə gün olmur ki, atəşkəsi pozmasın. 

Avtosfer.az xəbər verir ki, bunu Ali Baş Komandan, Prezident İlham Əliyev Tərtər rayonundakı “N” saylı hərbi hissədə deyib.

Dövlət başçısı qeyd edib ki, düşmən ilk günlərdə çalışıb ki, bizim mövqelərimizə hücum çəksin, bizi əldə etdiyimiz o mövqelərdən çıxarsın. “Görəndə ki, bu alınmır, Azərbaycan əsgəri, zabiti öz doğma torpağında möhkəm dayanır, mülki əhaliyə qarşı silahlı təxribatlara başladılar. Bizim kəndlərimiz atəşə tutulub. Mülki şəxslər həlak olub, yaralanıb. Bizim 500-dən çox evimizə ziyan dəyib, 100-dən çox ev tamamilə dağıdılıb, yaxud da ki, yandırılıb. Bax budur, erməni faşizminin eybəcər sifəti. Onlar birinci Qarabağ müharibəsində də belə hərəkətlər edirdilər, Azərbaycan xalqına qarşı Xocalı soyqırımı törədilmişdir. Bu gün də döyüş meydanında görəndə ki, gücü çatmır, dinc əhalini hədəfə götürür”.

İlham Əliyev prezidenti bildirib ki, Azərbaycan dövləti, Azərbaycan Ordusu heç vaxt mülki əhali ilə müharibə aparmayıb və aparmır. “Biz sadəcə olaraq, düşmənin atəş mövqelərini bizə açılan atəş zamanı böyük ustalıqla məhv edirik. Ancaq eyni zamanda, Azərbaycan Ordusu öz vətəndaşlarını qorumalıdır, qoruyur və qoruyacaq. Münaqişənin həlli Ermənistan dövlətinə də imkan verəcək ki, onlar da müstəqil dövlət qura bilsin. Mən yenə də ümid edirəm ki, onların işğalçı siyasəti sona çatacaq. Çünki bunun başqa yolu yoxdur. Azərbaycan xalqı heç vaxt bu vəziyyətlə barışmayacaq və son hadisələr bunu bir daha göstərdi. Bizə qarşı edilən silahlı təxribat cavabsız qalmadı. Bunu hamı bilir. Ermənistan rəhbərliyi nə qədər tez anlasa ki, onlar ancaq Azərbaycan ilə sülh şəraitində inkişaf edə bilərlər, münaqişəyə bir o qədər tez son qoyular.

 

Münaqişənin həlli isə beynəlxalq hüququn norma və prinsipləri əsasında olmalıdır. Bütün beynəlxalq təşkilatlar - BMT, ATƏT, İslam Əməkdaşlıq Təşkilatı, Avropa Şurası, Qoşulmama Hərəkatı və digər təşkilatlar Azərbaycanın haqlı mövqeyini müdafiə edir. Heç bir beynəlxalq təşkilat Ermənistanın işğalçı siyasətini dəstəkləmir. Dünyada heç bir ölkə Azərbaycanın ərazi bütövlüyünü şübhə altına almır. Azərbaycanın ərazi bütövlüyü bərpa edilməlidir. İşğal edilmiş Dağlıq Qarabağ və digər torpaqlar bizim tarixi torpaqlarımızdır. Azərbaycan vətəndaşları o torpaqlarda yaşamalıdır və yaşayacaqlar”, - prezident deyib.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh