İqtisadiyyatımızın polad arteriyası - Azərbaycan Dəmir Yolları...

Dünən - 13 oktyabr Azərbaycan dəmiryolçuların peşə bayramı münasibətilə “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri Cavid Qurbanov tədbir iştirakçılarını ürəkdən təbrik edib. Tədbirdə keçən il olduğu kimi bu ildə bir qrup dəmiryolçuya yaşayış-məişət tələbatının təmin olunması məqsədilə mənzillər hədiyyə olunub. Bu mənzillər vaxtilə işləyib və mənzil növbəsində dayanan işçilərə verilib. Belə işçilərdən biri də 34 il dəmir yolunda əmək sərf edən Həqiqət Həşimovadır. “1983-cü ildən Vaqon təmiri zavodunda briqadir işləyirəm. Bu illər ərzində çox böyük dəyişiklərin, yeniliklərin şahidi olmuşam. Düzdür, dəmiryolu hər zaman öndə getdiyi üçün əvvəllər də pis olmayıb, amma indi daha da yaxşı olub. 28 ildir ki, ev növbəsində idim. Özüm Fatmayidə Muğan sanatoriyasında qalıram. Baxmayaraq ki, Sovet dönəmindən sonra evlərin verilməsi dayandırılmışdı, ancaqbu ilin aprel ayında öyrəndim ki, ev veriləcək. Çox sevindim. İndi də yuxu kimi gəlir. Axır ki, bizim də evimiz-eşiyimiz oldu. Cənab Prezidentimiz İlham Əliyev başda olmaqlahamıya təşəkkür edirəm”.
Mənzil sahibi olanlardan biri də 51 yaşlı dəmiryolçu Gülməmməd Cəbrayılovdur. “Mənim atam dəmiryolçu olub, həmişə dəmir yolunun yanında yaşamışıq. Uşaqlıqdan bu işə marağım olub. 1983-cü ildən 4 nömrəli Bakı Yol sahəsində yol ustası işləyirəm. Üç övladım var. İllərdir ki, ailəmlə birgə dəmiryolu kazarmasında yaşayıram. 1988-ci ildən ev növbəsinə durmuşduq. Amma 1991-ci ildən dayandırılmışdı. Cavid Qurbanov gələndən sonra 2015-ci ildə ev növbəsi bərpa olundu. Çox sevindik, şad olduq. Bu, dövlətimizin dəmiryolçulara, onların zəhmətinə verdiyi qiymətdir. İndiyə kimi şəxsi evim olmayıb. Bundan sonra ömrümün qalan hissəsini yeni evimdə keçirib, dəmir yoluna xidmət göstərəcəm.Dəmiryolunu sevmişik, sevə-sevə də işləyəcəyik. Bütün dəmiryolçuları da peşə bayramı münasibətilə təbrik edirəm”.
Tədbirdə dəmir yolu sahəsində çalışan tibb bacısı və laborantlara da mənzil hədiyyə olunub. Onlardan biri 35 ildir ki, dəmiryolçulara xidmət göstərən laborant Xədicə Quliyevadır. “1982-ci ildən Biləcəridə 2 saylı dəmir yolu poliklinikasında laborant işləyirəm. Həyat yoldaşım da dəmiryolçu olub. O, iş başında dünyasını dəyişib. Qardaşlarım da dəmiryolçudurlar. 1988-ci ildən ev növbəsində idim. Heç ümidimiz yox idi.Beş övladım var. Belə böyük ailə bir otaqlı evdə yaşayırıq.İndi isə Prezidentimiz, Sədrimiz Cavid müəllimin sayəsində dörd otaqlı evlə təmin olunduq. İndiki zamanda təmənnasız ev almaq hər kəsə nəsib olmur. İlk dəfə ev alacağımızı eşidəndə ağladım. Öz ailəm adından, işlədiyim müəssisə adından minnətdarlığımı bildirirəm. Hazırda işlədiyim poliklinika da yüksək səviyyədə təmir olunub. Dəmiryolçulara qulluq etməkdən yorulmuram, hamısı da razı qalır. İndiyə qədər hələ bir narazıçılıq eşitməmişəm”.
Qeyd edək ki, keçən il 78, bu il isə 37 dəmiryolçu mənzillə təmin olunub. Prosesin növbəti illərdə də baş tutacağı gözlənilir.
Eyni zamanda tədbirdə 32 dəmiryolçuya “Fəxri dəmiryolçu” döş nişanı və bir çox hədiyyələr təqdim olunub.
























