
İşləməyən eskalatorlar - həm narahatlıq, həm də təhlükə mənbəyi – FOTO

Paytaxt Bakının əsas küçə və prospektlərində, sıxlıq yaşanan ərazilərində olan yeraltı keçidlərdə həm pilləkənlərdən, həm də eskalatorlardan istifadə edilir.
Minlərlə manat xərclənərək quraşdırılan eskalatorlar nədənsə bir müddət sonra işlək durumda olmur və ya hansısa məqsədlə dayandırılır. Bu da sakinlərin haqlı narazılığına səbəb olur.
Avtosfer.az xəbər verir ki, bu barədə musavat.com-un əməkdaşı şikayət əsasında bəhs edilən keçidlərə baş çəkib. Heydər Əliyev parkının önündə yerləşən və parka keçmək üçün istifadə edilən yeraltı keçidin eskalatorlarının bir hissəsi işləyir, bir hissəsi isə yox.
Sakinlərin sözlərinə görə, eskalatorlar əsasən axşam saatlarında normal işləyir. Günorta saatlarında isə işləmir. Səbəbi isə məlum deyil. Burada qənaət etməkdən söhbət belə gedə bilməz. Çünki bu eskalatorlar sensorludur, ilk addımı atdıqdan sonra işləyir. Bir müddət sonra isə dayanır. Bu da o deməkdir ki, gərəksiz elektrik sərfiyyatı olmur. O zaman eskalatorlar niyə işləmir?
Çəkiliş zamanı yeniyetmə bir gəncin velosipedi ilə eskalatoru qalxdığını gördük və dərhal ona yaxınlaşdıq. Eskalatordan söhbət açan kimi, o, hər gün qarşılaşdığı problemləri dilə gətirdi: "Mən yaxınlıqda yaşayıram. Demək olar ki, hər gün parka velosiped sürməyə gəlirəm və hər gün də bu eskalatorda problem yaşayıram. Çünki bir tərəfi işləyir, bir tərəfi yox. Bəzən işləmədiyini görüb, addımlayaraq keçidə düşəndə qəfil işləməyə başlayır. Son pilləkən çaşdırıcı olur. Yıxılan çox olur. Gündüz işləmir, gecə işləyir. Sanki özünün iş saatları var".
60 yaşlı təqaüdçü Səkinə Bağırova da eyni durumdan narazıdır: "Mənim yaşımda olan insanlar üçün pilləkən çıxıb-düşmək asan deyil. Ona görə də, eskalatorlar əsasən bizim üçün lazımdır. Amma işlək vəziyyətdə... İşləməsə adi pilləkəndən heç bir fərqi yoxdur, əksinə, daha da pisdir. Məsələn, keçən dəfə bir nəfər rus qadın burada yıxıldı. Üzündən ağır xəsarət aldı. Həkimlər tikiş atdılar. Mən yıxılsam, ölərəm. Çünki ürəyim xəstədir, dözməz".
Əldə etdiyimiz məlumata görə, Səkinə xanımının bəhs etdiyi qadının adı Svetlanadır. Azərbaycan vətəndaşı olan Svetlana Petrova 1 ay öncə bəhs etdiyimiz yerdə yıxılaraq, üzündən və bədən nahiyəsindən ağır xəsarət alıb. Aldığı xəsarətlər nəticəsində üzünə bir neçə tikiş qoyulan Svetlana başına gələnləri sosial şəbəkədə yazıb və fotosunu paylaşıb:
"Mən çox düşündüm, bu şəkili paylaşım, ya yox, ancaq sonra başa düşdüm ki, bu, kiminsə sağlamlığını qoruya bilər. Çünki mənim yerimdə başqa bir şəxs də ola bilərdi. Hadisə Heydər Əliyev sarayından park istiqamətinə yeraltı keçiddə baş verib.
İşləməyən eskalatorla qalxarkən ən birinci pilləsi qopdu. Ərazidə eskalatorun nasaz olması barədə heç bir xəbərdarlıq nişanı da yox idi. Mənim yıxılmağımın nəticəsi məlumdur, üzümdə dərin izlər qalacaq. İnsanlardan xahiş edərdim ki, hərəkət edərkən son dərəcə ehtiyatlı olsunlar. Çünki bizdə işləməyən eskalatorlar belə insanın həyatına son qoya bilər".
H.Əliyev parkının qarşısındakı keçiddən ayrılıb, qış parkına yollandıq. Burada vəziyyət fərqli idi, eskalatorlar işləyirdi. Ağacı olmayan parkda heç kim oturmadığı üçün eskalatorlardan istifadə edən də az olur. Maraqlıdır, daimi sakini olan parka gedən keçidin eskalatoru işləmir, amma demək olar ki, ayaq dəyməyən parkın eskalatoru saz vəziyyətdədir.
Daha çox vətəndaşımızın zərər görməməsi üçün aidiyyəti qurumları məsuliyyətli olmağa dəvət edirik.