«İt toyu» ilə bağlı Goranboydan açıqlama gəldi – “Zarafatlaşırdıq” - FOTOLAR

Goranboy rayonunda itlərə toy edilməsi xəbər ölkədə geniş rezonans yaratdı. Avtosfer.az-ın yazdıqları və həm bizdə, həm də sosial şəbəkələrdə müxtəlif mənbələrdən əldə edilərək yayılan videolar hələ də müzakirə olunur. Amon və İsida adlı itlərə toy etməsi barədə yayılan xəbərlərə “G-Group” MMC-nin və bir neçə müəssisənin rəhbəri olan Qalib Mustafayev qısa açıqlama verərək hər şeyi təkzib etdi və bildirdi ki, itlərə toy edilməyib. Sadəcə, məclis qurub yeyib-içiblər, sonra da dostlarla zarafat edərək video çəkiblər.
Avtosfer.az iki günlük sükutdan sonra qarşı tərəflə danışaraq bəzi məsələlərə aydınlıq gətirməyə çalışdı. İlk öncə ondan başlayaq ki, sözügedən şirkət Goranboy rayonunda ən iri vergi ödəyicisidir. Rayonun inkişafında, Prezidentin tapşırığı ilə yeni iş yerlərinin açılmasında böyük xidmətləri var. “G-Group” MMC yerli məshulların istehsalını həyata keçirir və xaricdə Azərbaycan brendini tanıtmağa çalışır. “Super Max”, “Regular” və bu kimi digər brendlər onlardan bir neçəsidir. Hazırda Qalib Mustafayevin goranboylulardan ibarət 200-dən artıq işçisi var. Bugünlərdə daha bir müəssisənin açılışı olacaq ki, orada da 15 nəfər işlə təmin ediləcək.
“İt toyu” məsələsi sosial şəbəbəkələrdə yayılandan sonra yazılan şərhlərə də diqqət etdik. Bir neçə oxucu Qalib Mustafayevin xeyriyyəçi olduğunu, imkansızlara əl tutduğunu, işçilərin xeyir-şər işlərinə hər zaman köməklik göstərdiyini yazmışdı. Hətta bir nəfər yazmışdı ki, Qalib Mustafayev Goranboyda tez-tez imkansız ailələrin mağazalara olan borcunu bağlatdırır, “nisyə dəftəri”ndə adı olanlara kömək edir.
Bütün bunlarla bağlı ünvanladığımız sualları qısaca olaraq “belə şeyləri danışmaq doğru deyil” deyə cavab verən iş adamı bunu yalnız insanların rifahının yaxşı olması üçün etdiyini bildirdi. Söylədi ki, bəzi illərdə, eləcə də qış aylarında zavodda iş zəif olanda ona müəssisəni bağlamaq təklif edənlərə həmişə bir cavab verib: “Bəs bu insanlar harada iş tapacaq? Onların Bakıya, başqa rayonlara gedib işləmək imkanı yoxdur axı”.
Gələk “it toyu” məsələsinə. “G-Group” MMC-dən deyirlər ki, burada toydan söhbət gedə bilməz: “Həmin gün Moskvadan qonaq gəlmişdi. Neçə illərin dostuna zavodu göstərdik. Zavodda istehsal olunan malların sərgisiylə tanış etdik. Zavodla tanışlıqdan sonra qərara aldıq ki, onsuz da haradasa yeyib-içəcəyik, elə burada, təmiz havada oturaq. Həyətə stol-stul düşürdük. Restorana yemək sifariş verdik. Həmin yeməklərə və içkilərə 269 manat ödəmişik. Burada istirahət edib əyləndik.
Dostum təklif elədi ki, çoxdandır aşıq havası eşitməyib, aşığa qulaq asmayıb. Bir aşıq tapaq. Dostlara zəng etdik, aşıq Şəmmədi tapıb gətirdik. Balabançı Haqverdiylə birgə. 50 manat da aşığa pul verdik. Xeyli mahnı oxudu, dastan danışdı. Məclisin şirin yerində dostum başladı, necə deyərlər, mırtlaşmağa. Bizim bir dostumuz var, adına Con deyirik. İş adamıdı. Məclisi çəkib ona göndərdik ki, yerin məlum, kaş sən də burada olaydın, bizimlə yeyib-içəydin. O da cavab verdi ki, nuşi-can, Allah qoysa, bir yerdə oturarıq tezliklə. Bu vaxt dostum Şakir başladı məzələnməyə. Dedi, gəl Cona deyək ki, guya sənin itlərinə toy edirik. Biz də gülüşdük. Həmin vaxt itlər qəfəsdəydi. İtləri bayıra çıxardıq. Şakir heç itlərin adını belə düz-əməlli bilmirdi. Fikir verirsinizsə, deyir içək “Amon”la “Zita”nın sağlığına. Halbuki itin adı “İsida”dır. Biz də başladıq bu sağlığa gülməyə. Təzədən dostumuza çəkib göndərdik. O da oradan bizimlə məzələndi. Beləcə, yeyib-içmək davam etdi”.
Qalib Mustafayev deyir ki, dostu həmin videonu başqa birisinə göndərib: “Neçə gündür zəng edib deyir ki, vallah, mən nə biləydim axırı belə olacaq. Gündə 3-4 dəfə zəng edib təəssüfləndiyini deyir. Haradasa, kiminsə əlinə düşüb bu video. Beləcə, yayılıb. Bu, mənim şəxsi həyatımdı, nədən müdaxilə edirlər, anlamıram. Kimlərsə imicimə zərbə vurmaq istəyir. Gözdən salmağa çalışır. Amma buna nail ola bilməyəcəklər. Bu zavodda 200 nəfər çörək qazanır. Toyu olanlara yardım edirəm, hüzrü düşənlərə köməklik göstərirəm. Halal xoşları olsun, zəhmətlərinin bəhrəsini görürlər. Mən bu zavodu dişimlə-dırnağımla qurmuşam.
2003-cü ildə cəmi 9 nəfərlə işə başlamışam. Göstərdiyimiz səylər nəticəsində qısa bir zamanda böyüdük və 2007-ci ildə “G Group” MMC-ni yaratdıq. Yarandığımız gündən əldə etdiyimiz təcrübəyə əsaslanaraq, bir çox uğurlara imza atdıq. Hazırda hədəfimiz ölkə hüdudlarından kənarda məhsullarımızı tanıtmaqdır. Müasir texnologiyalara malik avadanlıqlarla təchiz edilmiş istehsal sahəmiz var. Bizim məhsullarımız Türkiyə və Avropadakından geri qalmır. Yaxın günlərdə bir seximiz də fəaliyyət başlayacaq. 15 nəfər də orda işə adam götürəcəm. Burada işləyənlərin hamısı goranboylulardır, hamısı da gəncdir. Bu qədər iş görmüşük və görəcəyik. Bu itləri zavodun mühafizəsi üçün alıb gətirmişik. Mən həmişə demişəm, cəmiyyət olan yerdə həmişə oğurluq olub və olacaq. Elə bizim zavoddan da, bir də görürsən, kimsə nəsə oğurlayır. Amma biz həmin adamı tənbeh edirik, yenidən cəmiyyətə qaytarırıq ki, yararlı olsun. İşdən çıxarmağa nə var ki? Hə, o ki qaldı itlərə, inanın, başqa niyyətimiz yoxdur. Sözün həqiqi mənasında, bu itlər zavodun mühafizəçiləridir. Əyləncə məqsədi ilə alıb gətirməmişəm bunları. Özü də mən heyvansevənəm. İt də, pişik də saxlamışam”.
Avtosfer.az-ın yazısında adı çəkilən keçmiş MTN zabiti, Goranboy və Zaqatalanın rəisi olmuş Əli adlı şəxsə gəlincə, o 25 bu sistemdə çalışıb. Hazırda təqaüddədir. Əli müəllim göstərdəyi xidmətlərə görə dəfələrlə mükafatlara layiq görülüb.
Ümid edirik ki, bununla da “it toyu” söhbətinə son qoyulacaq. Tezliklə “G-Group” MMC-nin fəaliyyəti ilə bağlı daha geniş materiallar hazırlamağa çalışacağıq.
Bəri başdan qeyd edək ki, biz kiminsə şəxsi həyatına qarışmaq niyyətində deyilik. Eyni zamanda, hansısa sahibkarın faəliyyətinə kölgə salmaq fikrində olmamışıq. Əksinə, bugünkü iqtisadi çətinlik dövründə sahibkarlığın inkişafına dəstək olmaq hər kəsin borcudur.
“İt toyu” xəbəri isə bizim üçün sıradan bir xəbər idi…






















