Banner

“İş münasibətini dostluq münasibətinə qarışdırdıqda…” – PSİXOLOQDAN XƏBƏRDARLIQ

Gündəm 27 Yanvar 2025 13:00 Oxunub 206
“İş münasibətini dostluq münasibətinə qarışdırdıqda…” – PSİXOLOQDAN XƏBƏRDARLIQ
WhatsApp kanalımıza abunə ola bilərsiniz
iş, münasibət, dostluq, psixoloq, Üzeyir Şəfiyev, Aygül Məlikova

İnsanların iş və şəxsi həyat arasında balansı qoruması vacibdir. Bir çox insan üçün bunu təmin etmək çətin olur. Bu mövzuda iş yükünün çoxluğu, texnologiyanın həyatımıza təsiri, stressin artması və vaxtın düzgün idarə edilməməsi kimi faktorların rolu da böyükdür. Bu balansın qorunması insanın psixi sağlamlığına, ailə münasibətlərinə və ümumi həyat keyfiyyətinə mənfi təsir göstərir.

Bəs insanların bu balansı əldə etmək üçün hansı yanaşmalar və strategiyalar daha təsirli ola bilər?

Mövzu ilə bağlı sosioloq Üzeyir Şəfiyev Avtosfer.az-a açıqlamasında bildirib ki, insan həyatında müəyyən anlar, ahəng və ritm mövcuddur:

“Bəzən insanlar özlərini ya yalnız iş həyatına, ya da şəxsi həyata sərf edirlər. Belə hallarda diqqətin bir sahəyə həddən artıq yönəlməsi nəticəsində proporsiya pozulur və ya şəxsi həyatda, ya da iş həyatında problemlər meydana çıxır. Məsələn, bəzi insanlar şəxsi həyatdakı problemləri iş mühitinə daşıyır və ya əksinə, işdəki stressi şəxsi həyatına gətirir. Nəticədə, problemlərlə dolu vəziyyətlər yaranır və balansı düzgün şəkildə tənzimləmək çətinləşir.

Həyatın hər bir sahəsinin özünəməxsus xüsusiyyətləri var və bu sahələr bir-birinə qarışmamalıdır. İşdə yaranan neqativlikləri evə, evdəki münaqişələri isə işə daşımamaq vacibdir. Bu, həm etik bir məsələdir, həm də peşə etikasına aiddir. İnsan öz həyatında hər sahəni öz rəngində yaşamalıdır. Şəxsi həyatda harmoniya olmalıdır ki, iş həyatında da uğur qazana bilsin. Eyni zamanda, iş mühiti komfortlu və rahat olmalıdır ki, bu, şəxsi həyata mənfi təsir etməsin”.

Sosioloq əlavə edib ki, bu sahələr əslində bir-biri ilə bağlı olsa da onları tənzimləmək insanın öz bacarığından asılıdır:

“Bu baxımdan həm şəxsi həyat, həm də iş həyatı tənzimlənməlidir. Əlbəttə ki, bunu insanın özü etməlidir. Lakin bəzi hallarda müəssisə rəhbərləri iş mühitini daha komfortlu etmək üçün addımlar atır, bu da psixoloji mühiti yaxşılaşdırmağa kömək edir. Belə yanaşma həm işin effektivliyinə müsbət təsir edir, həm də şəxsi həyatdakı gərginliyi azalda bilir. İki tərəfin harmoniyası nəticəsində keyfiyyətli iş ortaya çıxır və insan özünü daha məmnun hiss edir”.

Ü. Şəfiyev sonda vurğulayıb ki, insanlar unutmamalıdır ki, öz həyatlarının memarı onlardır:

“Digər hər şeyi özləri tənzimləməlidirlər. Şəxsi həyat iş həyatına, iş həyatı isə şəxsi həyata qarışmamalıdır. Hər sahənin öz rəfi olmalıdır. Bu iki sahədən birini digərinə qurban vermək hər iki sahənin keyfiyyətinə mənfi təsir göstərə bilər”.

Psixoloq Aygül Məlikova bildirib ki, insanların iş və şəxsi həyat balansını qorumaq ümumiyyətlə ən vacib faktorlardan biridir:

“Adətən, sosial-emosional zəka normal olan insanlar iş və şəxsi həyatı bir-birinə qarışdırmamağın vacib olduğunu bilirlər. Lakin bəzi insanlar var ki, onlar duyğusaldır. İş mühitindəki dostluqlara və münasibətlərə xüsusi əhəmiyyət verirlər. Bu zaman qarşı tərəfdən gözlənilməz addımlar atıldıqda duyğusal olaraq zədələnirlər. Düşünürlər ki, sən mənim dostumsansa, belə etməməliydin. Amma unudurlar ki, insanların iş həyatı və mövqeləri müəyyən qaydalara əməl etməyi tələb edir. Burada isə normal düşüncəyə sahib olan insanlar başa düşürlər ki, iş münasibətini dostluq münasibətinə qarışdırdıqda nə işlərini, nə də şəxsi münasibətlərini düzgün idarə edə bilərlər”.

Psixoloq əlavə edib ki, burada disiplin və məsuliyyət əsas rol oynayır:

“İnsanlar bir-birinin iş yükünü bildikdə, bu münasibətləri qarışdırmazlar. Lakin qarışdırdıqları halda işlərində gözlənilən nəticələri əldə edə bilmirlər. Ən vacibi isə şəxsi həyatlarındakı depresif əlamətlər meydana gəlir”.

Eltac Zülfüqaroğlu

ŞƏRH YAZ
Ad

E-mail

Şərh