Jurnalist: “Görüntülərin “Təhlükəsiz Şəhər”dən gəlib çıxmasını gözləyirik”

Gündəm 11 Aprel 2016 18:04 Oxunub 1510
Jurnalist: “Görüntülərin “Təhlükəsiz Şəhər”dən gəlib çıxmasını gözləyirik”
WhatsApp kanalımıza abunə ola bilərsiniz
İmdad Əlizadə: "Cənab nazirə şifahi və yazılı müraciətlərimin nəticə verəcəyinə ümidliyik"

Jurnalist İmdad Əlizadə atasının avtomobil qəzasına uğraması ilə bağlı istintaqın gedişindən narazı qaldığından ötən həftə mətbuat vasitəsilə daxili işlər naziri general-polkovnik Ramil Usubova müraciət etmişdi. Müraciətində jurnalist  bildirmişdi ki, 70 yaşlı atası Əli Əliyevi avtomobilin vurduğu anı əks etdirən kamera görüntüləri istintaqa təqdim edilməyib. Belə ki, Daxili İşlər Nazirliyinin “Təhlükəsiz Şəhər” Avtomatlaşdırılmış İdarəetmə Mərkəzindən hadisənin istintaqını aparan Nərimanov Rayon Polis İdarəsinə bildirilib ki, görüntülər silinib. Modern.az görüntülərin istintaqa verilib-verilmədiyini öyrənmək üçün İmdad Əlizadə ilə əlaqə saxlayıb. Jurnalist qeyd edib ki, nazirə mətbuat vasitəsilə müraciətindən sonra yazılı müraciət də edib: “Bildiyimə görə, artıq şifahi müraciətimdən də sonra məsələnin araşdırılmasına başlanıb. Biz də elə bunu istəyirik. İstəyirik məsələ araşdırılsın, “Təhlükəsiz Şəhər” Avtomatlaşdırılmış İdarəetmə Mərkəzi avtomobilin atamı vurduğu anı əks etdirən görüntüləri istintaqa təqdim etsin. Çünki istintaqın obyektiv aparılması üçün həmin görüntülərin olması vacibdir. Hələ ki “Təhlükəsiz Şəhər” kamera görüntülərini istintaqa verməyib. Amma cənab nazirə şifahi və yazılı müraciətlərimin nəticə verəcəyinə, 2 ay qabaq baş vermiş qəzanın görüntülərinin “Təhlükəsiz Şəhər” Avtomatlaşdırılmış İdarəetmə Mərkəzindən istintaqa gəlib çıxacağına ümidliyik. Yenə də əvvəlki kimi səbrlə gözləyirik”.

Xatırladaq ki, İmdad Əlizadənin atası müəllim, yazıçı-publisist Əli Əliyev erməni işğalı nəticəsində ata-baba yurdundan didərgin düşmüş ziyalılardan biridir. O, 1946-cı ildə Laçın rayonunun Oğuldərə kəndində doğulub. Maksim Qorki adına Moskva Ədəbiyyat İnstitutunda, Azərbaycan Dövlət Universitetində (indiki Bakı Dövlət Universiteti) təhsil alıb. Laçın rayonu işğal olunana qədər Oğuldərə kənd məktəbində ədəbiyyat müəllimi işləyib.

Əli Əliyev 1993-cü il martın 30-dan mayın 23-nə kimi Laçın və Kəlbəcər rayonları ərazisində erməni mühasirəsində qalıb. Əli müəllimin və onunla birgə mühasirədə qalmış 18 nəfərin əzablı günlərindən bəhs edən “54 gün mühasirədə” adlı sənədli film çəkilib. Əli Əliyev həmçinin “54 gün erməni mühasirəsində” kitabının müəllifidir. Əli Əliyev altı övlad atasıdır.

Əli Əliyev avtomobil qəzasına bu il fevralın 14-də uğrayıb. Bakıda məskunlaşdığı uşaq bağçasından çıxıb İsmayıllı rayonunda məskunlaşmış kəndlisinin hüzr mərasiminə gedərkən, “Koroğlu” metrostansiyası yaxınlığında yolu piyada keçdiyi vaxt onu avtomobil vurub. Ağır kəllə-beyin travması alan Əli Əliyev həmin gündən komadadır. Hazırda o, Mərkəzi Klinik Xəstəxananın reanimasiya şöbəsindədir. Hadisə ilə bağlı Nərimanov Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 263.1-1 (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma) maddəsi ilə cinayət işinə başlanıb.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh