"Kimsə gedib dönər yeyəcək deyə insanlar əziyyət çəkməməlidir" - EKSPERT - VİDEO
"Bu qərarı alqışlayıram. Ümid edirəm ki, tıxacların qarşısı qismən də olsa alınacaq."
Avtosfer.az xəbər verir ki, bunu nəqliyyat eksperti Elməddin Muradlı həftəsonları Xaqani bağının yaxınlığındakı bəzi küçələrə avtomobillərin girişinə məhdudiyyət qoyulmasına münasibət bildirərkən deyib.
Ekspert qeyd edib ki, ərazidə yaşayan sakinlər üçün şərait yaradılacaq. "Onların girişi üçün məhdudiyyət olmayacaq.
Sakinlər üçün nəqliyyat vasitələri ilə əraziyə giriş Neftçilər prospektindən Tərlan Əliyarbəyov, çıxış isə Yusif Məmmədəliyev küçələrindən olacaq.
Lakin bunun üçün “AzParking” mobil tətbiqində fərdi parklanma talonu əldə etmək lazımdır."
Elməddin Muradlı bildirib ki, nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət qoyulacaq küçələrin xüsusi tranzit əhəmiyyəti yoxdur. "Bu küçələr, əsasən, parklanma məqsədilə istifadə edilir. Həftəsonu insanlar daha çox şəhər mərkəzinə axışır. Odur ki, piyadaların hərəkəti üçün şərait yaratmaq zəruridir.
Qeyd edək ki, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən paytaxtın Zərifə Əliyeva (Rəsul Rza küçəsi ilə kəsişmədən sonra), Əbdülkərim Əlizadə, Tərlan Əliyarbəyov və Yusif Məmmədəliyev küçələrində nəqliyyat vasitələrinin girişinə məhdudiyyət tətbiq olunacağı və bu ərazilərin piyadaların istifadəsinə veriləcəyi açıqlanıb.
Bununla bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən layihə hazırlanaraq Nəqliyyatı Əlaqələndirmə Şurasına təqdim edilib. Şura şəhərin mərkəzi küçələrinin həftəsonları piyadalaşdırılması ilə bağlı qərar qəbul edib.
Leyla