Kriminala bulaşan gənclik: ölümlə nəticələnən mübahisələr niyə artır?

Gündəm 27 İyun 2024 22:32 Oxunub 334
Kriminala bulaşan gənclik:  ölümlə nəticələnən mübahisələr niyə artır?
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Son günlər ölkənin bəzi ərazilərində ölümlə nəticələnən mübahisələrin, kriminal hadisələrin sayında artımlar müşahidə edirik. Əsasən də, bu cür bədbəxt hadisələr gənclər, yeniyetmələr arasında daha çox baş verir.

İnsanlar danışaraq həll edə biləcəyi mövzuları nəyə görə təhdid və ya ölümlə sonlandırırlar? Qanlı olayların başlıca səbəblər nələrdi?

Avtosfer.az xəbər verir ki, mövzuyla bağlı Bizim.Media-ya danışan psixoloq Əfsanə Rüstəmova bildirib ki, hazırda dünyanın gəldiyi vəziyyət və bu vəziyyətə dözmək üçün tələb olunan şərtlər çox qarışıqdır:

“Artıq doğrular, alternativlər çoxalır və insanlar seçim edə bilmirlər ki, hansı seçim onlar üçün daha faydalıdır. Çevrədəki insanlar, sosial şəbəkələr hətta filmlər, musiqilər belə insana hansı hərəkəti etməli olduğuna təsir edə bilir. İnsanların aqressiv hissləri daha tez götürməsi onların böyüdüyü ailədən asılı olan bir şeydir. Cəmiyyətdə belə bir tərz yaranıb ki, insanlar öz aqressiyalarını sakitləşdirmək üçün yaşayırlar. Aqressiya da normal hissdir, amma biz elə etməliyik ki, bu hissi də yerində və həddində yaşayaq. Bizlər lazım olan duyğuları gün içində yetəri qədər yaşasaq, gün sonuna neqativ duyğu depolanması yaranmaz”.

Psixoloq deyib ki, bəzi insanlar özlərini başqalarına zərər verəcək tərzdə ifadə edirlər:

“Bu isə həmişə aqressiyadan doğan bir şey deyil. Bu tip insanlara alternativ özünü ifadə tərzləri təklif edib, öyrədə bilərik. Onları cəmiyyətə yararlı fərdə çevirə bilərik. Bu gün bəzi gənclər əllərində odlu silah, soyuq silah kimi alətlərlə gəzirlər və onlar heç də aqressiv deyillər sadəcə özlərini bu cür ifadə etməyə maraq göstərirlər. Valideynlər bu cür halları uşaqlarının çevrələrinə, izlədiyi filmlərə, dinlədiyi musiqilərə və s.. diqqət edib, tədbirlər görərək önləyə bilərlər”.

 

Yeniyetmə və gənclərin kriminallaşmasına gəlincə...

 

“Polisə Dəstək” İctimai Birliyinin sədri Şəmsəddin Əliyev bildirib ki, digər ölkələrə nisbətən Azərbaycanda silah əldə etmək o qədər də asan iş deyil:

“Ov silahı əldə edib, saxlaya bilərlər amma o halda ki, o silahı da daimi olaraq yanlarında gəzdirməməlidirlər. Yalnız ov mövsümündə qanuni şəkildə əldə etdiyi silahdan istifadə edə bilərlər. Ov silahını da əldə etmək üçün müəyyən qədər şərtlər var ki, şəxsin fiziki, ruhsal sağlığı yerində olmalıdır, silahdan istifadə qaydalarından yetərincə məlumatlıdırsa, azyaşlı uşaqlar üçün əlçatmaz şəraiti varsa belə hallarda müvafiq mərkəzi icra hakimiyyəti orqanlarının razılığı və icazəsi ilə silahı əldə etmək mümkün hesab edilir. Son günlər baş verən qətl hadisələri vətəndaşlarda yetərincə qorxu, narahatlıq yaradıb. Qanunsuz halda əldə olunan silahların törədə biləcəyi hadisələri cəmiyyətə çatdırmalıyıq. Qanuni şəkildə silahı əldə edən şəxs bir müddət sonra vəfat edərsə, silah yenə də müvafiq mərkəzi icra hakimiyyəti orqanının icazəsi ilə digər şəxsə keçə bilər. Bu cür halların baş verməsində əsas səbəblərdən biri də elə budur ki, silah sahibsiz qalır və xoşagəlməyən hadisələr baş verir. Bununla bağlı Daxili İşlər Nazirliyi vətəndaşlara dəfələrlə çağırışlar edib ki, qanunsuz silahları yaşayış yerlərində  mövcud olan polis orqanlarına təhvil versələr şəxs məsuliyyətə cəlb olunmur. Düşünürəm ki, bu cür çağırışlar öz nəticələrini göstərir. Amma yenə də xoşagəlməz hadisələr baş verir. Düşünürəm ki, ölüm hökmü olarsa, bu cür halların qarşısını almaq olar. Əgər bir şəxs digər şəxsi rahatlıqla qətlə yetirə bilirsə, o zaman ölüm hökmü labüddür” - deyə Şəmsəddin Əliyev bildirib.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh