Banner

Küçəyə zibil atmağa görə cərməni kim yazsa yaxşı olar? – HÖKUMƏTƏ TƏKLİF

Yazarlar 28 Dekabr 2024 19:03 Oxunub 668
Küçəyə zibil atmağa görə cərməni kim yazsa yaxşı olar? – HÖKUMƏTƏ TƏKLİF
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Dekabrın 13-ü Prezident İlham Əliyevin imzaladığı fərmana əsasən ölkə ərazisində tullantıların zibil qutularından, urnalardan kənara atılmasına görə cərimələr 300 manat olaraq təsdiqləndi. Bununla yanaşı avtomobildən yollara, yol kənarlarına zibil atılması ilə əlaqədar cərimə isə 200 manat edildi. Cərimələrin artırılmasına baxmayaraq, tətbiqi məsələsində problemlərin olacağı gözlənilənlər arasındadır. Mütəxəssislər düşünür ki, cərimələri təkcə polis yox, həm də digər dövlət orqanlarının, xüsusən də bələdiyyə işçilərinin qeydə alması müəyyən istiqamətlərdə inkişafa və prosesin yüngülləşməsinə səbəb olacaq.

Mövzu ilə əlaqədar nəqliyyat eksperti Elməddin Muradlı Avtosfer.az saytına verdiyi müsahibədə deyib ki, belə layihələrin icrasında təkcə polisin üzərinə məsuliyyət düşməməlidir:

“Azərbaycan hamımızın vətənidir. Yaşadığımız yerin, yolların təmizliyi mövzusunda təkcə polis yox, hər birimiz aktiv iştirak etməliyik. Ölkə yollarında quraşdırılan kameralarla avtomobildən yerə atılan siqaret kötüyü və digər kiçik tullantıları qeydə almaq çox çətindir, demək olar, mümkün deyil. Quraşdırılan kameralar arasındakı məsafə də çoxdur. Bu baxımdan, hesab edirəm ki, cərimə yazılması məsələsinə təkcə polis yox, eləcə də, bələdiyyə işçiləri də nəzarət etməlidir. Onsuz da, küçələrimizi təmizləyən vətəndaşların maaşları aşağıdır. Yazılan cərimələrin bir hissəsi cərimələri yazan təmizlik işçilərinin maaşına bonus olaraq qeyd olunsa, həm həmin işçilərin gəliri artmış olar, həm gördükləri iş də qismən yüngülləşər, həm də bu şəxslər işlərinə daha həvəslə yanaşar”.

Məsələ ilə bağlı Milli Məclisin deputatı Arzuxan Əlizadə İnzibati Xətalar Məcəlləsinə edilən dəyişikliklərlə bağlı deyib ki, qanunda cərimələrin tətbiqi və yığılmasında bələdiyyələrin iştirakı nəzərdə tutulmayıb:

"Məlumdur ki, uzun müddətdir bələdiyyələrin gəlirlərinin, eləcə də, səlahiyyətlərinin artırılması və yerli idarəetmədə iştirakçılığın genişləndirilməsi ilə bağlı təkliflər səsləndirilir. Hazırda bələdiyyələr yalnız əmlak və torpaq vergilərinin yığılması ilə öz büdcələrini formalaşdırır. Bu isə bələdiyyələrin xərclərini ödəməsi üçün kifayət deyil. Gələcəkdə bələdiyyələrin imkanlarının artırılması məqsədilə onların büdcələrinin yeni mənbələrdən formalaşdırılması üçün qanunvericilikdə müvafiq dəyişikliklərin edilməsi istisna edilmir".

Arzuxan Əlizadə əlavə olaraq qeyd edib ki, bələdiyyələrin gəlirlərinin artırılması üçün qanunvericilik təşəbbüsü ilə çıxış edilməsi və müvafiq qərarların qəbul edilməsi vacibdir:

"Əgər bu sahədə dəyişikliklər edilsə, yalnız bundan sonra bələdiyyələrin tullantıların idarə olunmasında rolunun artırılması ilə bağlı düzəlişlər mümkün olacaq. Lakin hazırda bu məsələ gündəmdə deyil. Gələcəkdə müvafiq təkliflərin hazırlanaraq qanunvericiliyə düzəlişlər edilməsi də nəzərdən keçirilə bilər. Bu isə bələdiyyələrin rolunu gücləndirərək, onların yerli idarəetmədə daha təsirli iştirakını təmin edəcək".

Vətəndaşların Əmək Hüquqları Liqasının sədri, hüquq müdafiəçisi Sahib Məmmədov deyib ki, sanitar mədəniyyətin yüksəldilməsi üçün inzibati tədbirlərin, o cümlədən, cəza tədbirlərinin tətbiqi normaldır:

"Sanitar qaydalara riayət edilməsi üçün inzibati tədbirlərin olması təbii qarşılanmalıdır. Bu cür mexanizmləri normal hesab edirəm. Lakin əsas problem qanunların qəbulundan sonra onların tətbiqində yaranır. Cərimələrin necə, kim tərəfindən və kimlərə yazılacağı istiqamətində boşluqlar müşahidə edilə bilər. Bunun üçün başqa ölkələrin təcrübəsindən yararlanmaq mütləqdir. Çünki Türkiyədə, Birləşmiş Ərəb Əmirliklərində və bir çox başqa inkişaf etmiş ölkələrdə belə məsələlərdə daha ağır cərimələr nəzərdə tutulur. Üstəlik, həmin cərimələrin toplanmasında bələdiyyə işçiləri, və ya bəzi ölkələrdə yaradılan ekoloji polislər də iştirak edirlər. Məsələn, “Tütün və tütün məmulatlarından istifadənin məhdudlaşdırılması haqqında” qanun qəbul edildi, amma indi onun tətbiqində problemlər mövcuddur. Kim nəzarət edəcək? İnzibati cəzanı hansı subyekt tətbiq edəcək? Bu kimi suallar yaranır".

Sosialoq qeyd edib ki, eyni suallar tullantıların idarə olunması ilə bağlı qanunda da ortaya çıxır:

"Tutaq ki, kimsə ətraf mühiti zibilləyir. Onu kim məsuliyyətə cəlb edəcək? Cəriməni kim tətbiq edəcək? Polis bu məsələ ilə məşğul olacaqsa, onların onsuz da, çoxsaylı vəzifələri var. Yolların bütün hissələrində bunu izləmək də mümkün deyil. Bəlkə bu funksiyanı başqa subyektlər icra edəcək? Bu suallar açıq qalır. Digər bir tərəfdən məhəllələrdə bu məsələ necə tənzimlənəcək, bu da önəmli problemdir. Düşünürəm ki, bu istiqamətdə küçələri təmizləyən şəxslərə müəyyən səlahiyyətlər verilə bilər. Amma düşünmürəm ki, bu, böyük məbləğ olacaq. Həm də kommunal sferada işləyənlərin sayı çoxdur. Cərimələr dövlət büdcəsinə daxil olmalıdır. Onun bir hissəsi isə başqa məqsədlərə yönəldilə bilər".

Mütəxəssislər vurğulayır ki, cərimələrin tərtib edilməsi məsələsində Türkiyə nümunəsi kifayət qədər uğurlu ola bilər. Türkiyədə daha əvvəl küçələrin təmizliyinin qorunması məqsədilə bütün vətəndaşlara qeydə aldıqları qanun pozuntularını dəlillərlə birlikdə rəsmi ünvana göndərmək şəraiti yaradılmışdı. Yalnız bundan sonra vətəndaşlar yerə zibil atmaqdan çəkinməyə başladı. Çünki onun tullantını yerə atdığını görən hər kəs cərimələnməsinə səbəb ola bilərdi. Bununla yanaşı, Türkiyədə belə cərimələri, “jandarma” və “zabıta” əməkdaşları da tərtib edə bilir.

Qeyd: Material Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin (MEDİA) maliyyə dəstəyi ilə “İnsan hüquq və azadlıqlarının müdafiəsi, vətəndaşların hüquqi, siyasi, mədəniyyət səviyyəsinin yüksəldilməsi, sosial və siyasi fəallığının artırılması” istiqaməti üzrə hazırlanıb.

Müəllif: Fidan Məmmədova

ŞƏRH YAZ
Ad

E-mail

Şərh