Küləkli havada sürücülər nələrə diqqət etməlidir? – MÜTƏXƏSSİS

Son günlər müşahidə olunan güclü küləkli hava şəraiti avtomobillərin hərəkəti zamanı sürücülər üçün müəyyən təhlükələr yaradır. Xüsusilə magistral yollarda yüksək sürətlə hərəkət edən nəqliyyat vasitələri küləyin təsiri nəticəsində istiqamətini dəyişə və idarəetməni çətinləşdirə bilər.
Avtosfer.az xəbər verir ki, belə hava şəraitində yol hərəkəti təhlükəsizliyinin təmin olunması xüsusi əhəmiyyət daşıyır. Bəs güclü külək zamanı sürücülər hansı qaydalara əməl etməli, hansı nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət qoyulmalıdır?
Movzu ilə bağlı qəza əleyhinə kursların məşqçisi Aqil Rəhimov Avtosfer.az-a açıqlamasında bildirib ki, küləkli havalarda yol-nəqliyyat hadisələrinin başvermə riski ilə yanaşı, avtomobillərin üzərinə müxtəlif əşyaların düşməsi təhlükəsi də artır:

''Belə hava şəraitində binaların fasadından qopan hissələr, eləcə də aşan və ya kökündən qopan ağaclar avtomobillərə ciddi ziyan vura bilər. Güclü külək zamanı bu cür hadisələrlə bağlı məlumatlara mediada və sosial şəbəkələrdə tez-tez rast gəlinir. Sürücülərə tövsiyə edərdim ki, avtomobillərini park edərkən yer seçiminə xüsusi diqqət yetirsinlər. Xüsusilə əyri və qurumuş ağacların altında, eləcə də binaların yaxınlığında və pəncərələrin altında avtomobil saxlamaqdan çəkinsinlər''.
Mütəxəssis bildirib ki, qəza təhlükəsinə gəlincə, güclü külək avtomobilin hərəkət istiqamətini dəyişə, hətta sürücünün sükan üzərində nəzarəti itirməsinə səbəb ola bilər:
''Sürücü küləksiz ərazidən açıq sahəyə, meşəlikdən magistral yola və ya binaların arasından açıq küçəyə çıxdıqda qəfil güclü külək zərbəsi ilə qarşılaşa bilər. Bu zaman avtomobilin yana doğru hərəkət etməsi mümkündür. Ona görə də sürücülər açıq ərazilərə çıxarkən sükanı möhkəm tutmalı və avtomobilin küləyin təsirindən istiqamətini dəyişə biləcəyini nəzərə almalıdırlar. Rayon yollarında, eləcə də Bakının kəndlərinə gedən yollarda avtomobillərin üzərinə həddindən artıq hündür ot tayaları və digər yüklərin yığılması hallarına da rast gəlinir. Belə nəqliyyat vasitələri güclü külək zamanı, xüsusilə döngələrdə aşma təhlükəsi ilə üzləşə bilər. Yol polisi bu cür hallarla mübarizə aparsa da, hər bir nəqliyyat vasitəsinə daimi nəzarət etmək mümkün deyil. Buna görə də sürücülər öz təhlükəsizliklərini düşünərək məsuliyyətli davranmalı, avtomobillərə normadan artıq və hündür yük yükləməkdən çəkinməlidirlər''.
Fatimə
Küləkdə ölüm və xəsarət olmaması üçün nə edək? – AÇIQLAMA
Həftəyə tıxacla başladıq
İlham Əliyevin sosial şəbəkə hesablarına kiberhücumlar müşahidə olunur
Prezident İlham Əliyev televiziya və radio işçilərini təbrik edib
Prezident İlham Əliyev Mahmud Abbası təbrik edib
“Kəndlərdə əkin-biçin sahəsi qalmayıb, hamısı...” – Ekspert tıxacların səbəbindən danışdı
ABŞ və müttəfiqləri Çinin Yaxın Şərqdəki məsələlərdə vasitəçi olmasını niyə istəmir? – POLİTOLOQ
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatıb
Braziliyada rus dizelinə maraq göstərilmədi
Dublin görüşünün pərdəarxası: Bakı və İrəvan hansı razılaşmalara yaxınlaşır? - RƏY
Avropa ilə yeni əməkdaşlıq, Ermənistanla sülh: Dublində nələr müzakirə olundu? – AÇIQLAMA












