"Maşını park edə bilmirik, həyatımız təhlükədədir..." - Hər kəsi narazı salan zolaqlar... - FOTOLAR

Gündəm 5 Sentyabr 2024 18:09 Oxunub 226
"Maşını park edə bilmirik, həyatımız təhlükədədir..."  - Hər kəsi narazı salan zolaqlar... - FOTOLAR
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Şəhərdə avtobus zolaqlarının çəkilməsi davam edir. Bəzən bu zolağın çəkilməsi üçün bütün yol kənarındakı park yerləri də ləğv edilir. Bu halın qeydə alındığı yerlərdən biri də Abbas Mirzə Şərifzadə küçəsidir. Yasamal rayonunda yerləşən küçədə əvvəllər yol boyu parkinq mümkün olsa da, artıq həmin yerdə avtobus zolağı çəkilib. Avtomobillərin nə dayanması, nə də durması üçün yer var.   

"Maşını park edə bilmirik, həyatımız təhlükədədir..." - Sürücü və piyadaları narazı salan zolaqlar... - REPORTAJ

Avtosfer.az xəbər verir ki, bu barədə Sfera.az-ın əməkdaşları sözügedən əraziyə yollanıb sürücülərlə həmsöhbət olub.

Sürücülərin əksəriyyəti parklanmanın ləğv edilməsindən narahat olduqlarını bildiriblər. Belə ki, küçə boyu yol qırağında “Kontakt Home”, “İrşad”, “Music Gallery”, “Rossman”, “Emsan”, “World Telecom”, “Soliton” kimi iri ticarət obyektləri, bundan başqa, “Unibank”, “Bank of Baku”, “Kapital Bank” və “Yelo Bank” yerləşir. Həmin obyektlərin işçiləri, oraya gələn müştərilər avtomobilləri saxlamağa yer tapmırlar. Sürücülərdən birinin sözlərinə görə, ara küçələr çox dar olduğundan orada da avtomobili park etmək mümkün deyil.


Bu vəziyyətdən əziyyət çəkən digər tərəf isə taksi sürücüləri və müştəriləridir.
 Həmsöhbət olduğumuz taksi sürücüləri yolun kənarında avtobus zolağı olduğu üçün müştəriləri ikinci zolaqda düşürdüklərini bildirdilər. Sürücülər qeyd etdilər ki, bu məsələdən müştərilər də narazıdır, çünki onlar avtomobildən düşəndən sonra avtobus zolağından keçməli olurlar. Bu isə həm piyadanın həyatını təhlükəyə atır, həm də digər hərəkət iştirakçılarının fəaliyyətinə mane olur.

Bəs avtobus zolaqları salınanda bu məsələlər necə tənzimlənməlidir? Çıxış yolu nədir?

Məsələ ilə bağlı açıqlama verən nəqliyyat eksperti Elməddin Muradlı bildirib ki, avtobus və velosiped zolaqlarına yanaşma dəyişməlidir.
Onun sözlərinə görə, zolaq tıxacın qarşısını almaq mümkün olmayan yerlərdə çəkilməlidir:

“Bizdə isə elə yollarda avtobus zolaqları salınıb ki, əksinə oradakı digər nəqliyyat vasitələrinin hərəkətini bərbad vəziyyətə salır. Məsələn, Babək prospektində avtobus zolağı bəzən məni çox düşündürür. Axı orada avtobus zolağına nə ehtiyac var? A.M.Şərifzadə küçəsi isə çox həssas yerdir, burada istədiyin hərəkət trayektoriyasını qurmaq mümkün deyil”. 

E.Muradlı qeyd edib ki, bu işlər görüləndə iri ticarət obyektləri də nəzərə alınmalıdır:

“Böyük ticarət obyektləri investisiya yatırır, il ərzində dövlətə vergi verir, orada nə qədər adam çalışır, bəs yerləşdiyi ərazidə parkinq şəraiti yaradılırmı? Əksinə, o fəaliyyət iflic vəziyyətə salınır. Yaxşı, onlar obyekti açanda parklanma yerini nəzərə almayıblar, lakin indi əllərində olanı da alırıq ki, ictimai nəqliyyat üçün şərait yaradaq. Bunu başqa yolla həll etmək olmazdımı? Avtobus zolağı ilə yanaşı, parklanma üçün şərait varmı, insanlar avtomobillərini harada saxlayacaq, taksilər harada dayanacaq? Bu boyda ərazidə bütün vəziyyəti dəyişmək nə dərəcədə düzgündür? Bu, artıq cəmiyyətdə düzgün qəbul edilmir”. 

Ekspert bildirib ki, A.M.Şərifzadə küçəsində həll olunmalı daha ciddi problemlər var:

“Dəfələrlə Dövlət Yol Polisi ilə A.M.Şərifzadə küçəsində reydlər keçirmişik. Orada vətəndaşların piyada keçidləri ilə bağlı problemləri var, onu həll etmək lazımdır. Adam var, illərdir ki,  oradakı avtobus dayanacağında avtomobilini saxlayıb açar təmiri ilə məşğuldur.  Bunun qarşısını alsınlar. Orada qanunsuz parklanmanın qarşısını alsalar, ikinci cərgədə avtomobil saxlayanları cəzalandırsalar, piyadaların hərəkətini düzgün tənzimləyə bilsələr, heç avtobus zolağına ehtiyac yoxdur”. 


Mütəxəssis sonda vurğulayıb ki, avtobus və velosiped zolağı məsələsinə yanaşma dəyişilməli, daha həssas olmalıdır, bu zolaqlar hər yerdə çəkilməməlidir. 
Nəticədə, avtobus və velosiped zolaqları hərəkət iştirakçılarının fəaliyyətinin daha da asanlaşdırılması üçün salınsa da, bəzi ərazilərdə bunun tam əksi baş verir. Ümid edirik ki, bu məsələ həll yolunu tapacaq.

Qeyd edək ki, A.M.Şərifzadə küçəsində yolun qarşı tərəfində hələ avtobus zolağı çəkilmədiyi üçün sürücülər avtomobillərini park edə bilirlər. Əgər ora da zolaq çəkilsə, ümumiyyətlə, sürücülər üçün vəziyyət acınacaqlı olacaq.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh