Mərkəzi Asiyadan Azərbaycana yeni enerji axını mümkündürmü? - AÇIQLAMA

Xəzər dənizinin dibi ilə çəkilməsi nəzərdə tutulan yaşıl enerji kabeli Mərkəzi Asiyanın bərpaolunan enerji potensialının Avropa bazarına çatdırılması baxımından mühüm əhəmiyyət daşıyır. Layihə çərçivəsində əsas diqqət Qazaxıstan və Özbəkistana yönəlsə də, Tacikistanın hidroenerji imkanlarının da bu prosesə cəlb edilməsi perspektivləri genişləndirə bilər.
Avtosfer.az xəbər verir ki, nəqliyyat eksperti Rauf Ağamirzəyev bu qənaətdədir.
Ekspertin sözlərinə görə, Tacikistanın hidroenerji potensialı, xüsusilə tikintisi davam edən Roqun Su Elektrik Stansiyası (SES) gələcəkdə Mərkəzi Asiyanın yaşıl enerji balansında mühüm rol oynaya bilər. Bu imkanların əvvəlcədən qiymətləndirilməsi regionun enerji ixracı marşrutlarının daha geniş coğrafiyanı əhatə etməsinə şərait yarada bilər.
Tacikistanın Energetika və Su Ehtiyatları Nazirliyinin məlumatına əsasən, Roqun SES-in növbəti hidroaqreqatının 2027-ci ilin sentyabrında, stansiyanın bütün altı hidroaqreqatının isə 2029-cu ilin dekabrına qədər istismara verilməsi planlaşdırılır. Su anbarının layihə üzrə normal su səviyyəsinə çatdırılması isə 2032-ci ilə nəzərdə tutulub.
Rauf Ağamirzəyev hesab edir ki, bu layihənin tam gücü ilə fəaliyyətə başlaması Mərkəzi Asiyanın elektrik enerjisi istehsalı imkanlarını genişləndirə və regionun gələcək ixrac potensialına əlavə töhfə verə bilər. Bununla belə, Tacikistanın istehsal etdiyi enerjinin Azərbaycan və Avropa bazarlarına çatdırılması üçün yalnız istehsal güclərinin artırılması kifayət etmir. Regional elektrik şəbəkələrinin uyğunlaşdırılması və ötürücü infrastrukturun inkişafı da vacib şərtlər sırasındadır.
Tacikistan–Özbəkistan–Türkmənistan istiqamətində əlavə enerji axınının formalaşdırılması imkanları indidən araşdırılmalıdır. Belə bir yanaşma Mərkəzi Asiya ölkələrinin enerji sistemləri arasında əlaqələrin gücləndirilməsinə, mövcud ötürmə imkanlarından daha səmərəli istifadəyə və gələcək ixrac marşrutlarının müəyyənləşdirilməsinə kömək edə bilər.
Bu prosesdə mövsümi enerji balansının da nəzərə alınması xüsusi əhəmiyyət daşıyır. Hidroenerji istehsalının su ehtiyatlarından və mövsümi şəraitdən asılılığı nəzərə alınaraq, elektrik enerjisinin ötürülməsi və ixracı üzrə uzunmüddətli planlaşdırma aparılmalıdır. Eyni zamanda, regional şəbəkələrin ötürmə gücü, enerji mübadiləsinin texniki imkanları və Xəzər dənizi üzərindən ixrac infrastrukturunun yaradılması məsələləri kompleks şəkildə qiymətləndirilməlidir.
Mərkəzi Asiyanın enerji potensialının Azərbaycan vasitəsilə Avropaya çatdırılması region ölkələri arasında əməkdaşlığın dərinləşdirilməsi üçün də yeni imkanlar yarada bilər. Bu baxımdan, Xəzərin dibi ilə çəkilməsi planlaşdırılan kabelin yalnız hazırkı enerji istehsalçılarını deyil, gələcəkdə ixrac imkanlarını genişləndirə biləcək digər ölkələri də əhatə etməsi məsələsi strateji planlaşdırmanın tərkib hissəsi kimi nəzərdən keçirilə bilər.
Rauf Ağamirzəyevin fikrincə, əsas məqsəd yalnız mövcud yaşıl enerji layihəsini reallaşdırmaqla məhdudlaşmamalı, Mərkəzi Asiyanın daha geniş enerji potensialının Azərbaycan üzərindən Avropa bazarına çıxarılması imkanları da araşdırılmalıdır. Bu istiqamətdə atılacaq addımlar enerji marşrutlarının şaxələndirilməsinə və regional əməkdaşlığın gücləndirilməsinə xidmət edə bilər.
Yaşıl enerji dəhlizinin daha çox ölkənin real istehsal və ixrac imkanlarını birləşdirməsi onun uzunmüddətli dayanıqlığını və strateji əhəmiyyətini artıra bilər.
Eltac Zülfüqaroğlu
Avtomobillə işə gedənlərin NƏZƏRİNƏ!
İlham Əliyev İspaniya Kralına başsağlığı verib
Azərbaycanda mikrokredit bazarı genişlənir: Vətəndaşları nə gözləyir?
Dərsə və işə gedənlərin PROBLEMİ - M6 avtobusu niyə 40 dəqiqə gecikir? - VİDEO
İş başında təzyiqə və zorakılığa məruz qalan jurnalistin hüquqları necə qorunmalıdır? - RƏY
Məktəbdə jurnalistləri döyən üç nəfər məsuliyyətə cəlb edilib - VİDEO
Orta Dəhlizdə yeni mərhələ: Azərbaycan üçün hansı imkanlar yaranır? – EKSPERT
Avtobus parkının yenilənməsi gediş haqqını bahalaşdıracaq?
Maşınla işə gedənlərin NƏZƏRİNƏ!
Bakıda sıxlıq olan yollar AÇIQLANIB
Problemli kreditlərin artmasının arxasında hansı səbəblər dayanır? – İqtisadçıdan AÇIQLAMA












