Metroda qatarlara uşaq arabası açıq vəziyyətdə minmək qadağandır – RƏSMİ AÇIQLAMA - VİDEO
Bakıdakı metrolardan birində uşaqlı sərnişinin qatara içərisində körpə olan uşaq arabası ilə minməsi sosial şəbəkələrdə müzakirələrə səbəb olub.
Avtosfer.az xəbər verir ki, paytaxın Nərimanov rayonu “Gənclik” metro stansiyasında sərnişinlərdən birinin qatara uşaq arabası ilə minməsi digər sərnişinlərin narazılığına səbəb olub. Onlar, onsuz da, pik saatlarda qatarlara minməyin çətinləşdiyi bir vaxtda uşaqlı sərnişinlərin bu mövzuda daha diqqətli olmasını və qaydalara riayət etməsini istəyiblər.
Belə ki, metropolitenin qaydalarına əsasən, uşaqlı sərnişinlərin uşaq arabası açıq, yəni sürüləbilən vəziyyətdə qatarlara minməsi qadağandır.
Mövzu ilə əlaqədar, “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin mətbuat katibi Bəxtiyar Məmmədov bildirib ki, metropolitendən istifadə qaydaları Nazirlər Kabineti tərəfindən təsdiqlənib.
“Bu sənəddə, sərnişinlərin vəzifələri, qadağalar, eskalatordan istifadə, qatarlardan minib düşmə qaydaları və başqa məsələlər öz əksini tapıb. Sərnişinlərin əl yükünün ölçüsü 200 santimetrdən çox olmamalıdır. Vətəndaşlar tərəfindən əşyaların daşınmsı qaydalarına gəlincə, metro stansiyasına giriş edərkən mütləq qaydada körpə qucağa götürülməli, uşaq arabası qatlanmalıdır və yalnız bu qaydada metropolitendən istifadə edilməlidir. Belə bir tələbin qoyulmağında əsas məqsəd sərnişinin özünün, uşağın və digər sərnişinlərin təhlükəsizliyini təmin etməkdir. Yeni nəsil qatarlarda əlil arabasını daşımaq üçün yerlər mövcuddur. Bu yerlərdən müvafiq qayda və normalara riayət etməklə uşaq arabalarının da daşınmasına icazə verilir. Bundan əlavə köhnə nəsil qatarların da hərbirinin baş vaqonlarında əlil arabasının, eləcə də uşaq arabasının daşınması üçün yerlər var. Ümumilikdə götürdükdə isə, əl yükünün daşınması üçün uyğun yerlər var. Məhz bu cür sərnişinlər həmin hissələrdən istifadə edə bilərlər. Həmin hissələr oturacaqlar olmayan zonalardır. Bugünə qədər müşahidə edilib ki, əl yüklü sərnişinlər həmin zonalardan istifadə etdikdə həm digər sərnişinlərə mane olmurlar, həm də özləri çox rahat və təhlükəsiz şəraitdə hərəkət edirlər”.
Bəxtiyar Məmmədov sonda onu da vurğulayıb ki, uşaq arabası ilə metropolitendən istifadə zamanı vətəndaşlar artıq turniketə yaxınlaşıb ödəniş etməzdən əvvəl arabanı qatlayıb stansiyanın eskalatoru, dəhliz və vestibüllərindən istifadə etməlidirlər.
Qeyd edək ki, metropolitendən istifadə qaydalarında nəzərdə tutulan pozuntuları edən sərnişinlərə qarşı cərimələr nəzərdə tutulub və həmin qaydalar, eləcə də, cərimə məbləğləri aşağıdakılardır:
306.1. Stansiyaların vestibüllərini, keçidlərini və platformalarını, habelə eskalatoru və vaqonların salonunu zibilləməyə və ya həmin obyektlərin üzərində hər hansı yazılar yazmağa, məhdudiyyət çəpərləri və girişi qadağan edən nişanlar quraşdırılmış yerlərdən stansiyaya daxil olmağa, zərurət olmadan “sərnişin-maşinist” rabitəsindən istifadə etməyə görə 15 manat məbləğində,
306.2. Eskalatordan sürahinin üstünə əşya qoymağa görə 20 manat məbləğində,
306.3. Dəmir yoluna hər hansı əşya atmağa görə 30 manat məbləğində,
306.4. Eskalatorun sürahisini çıxarmağa, zərurət olmadan “Stop” açarından istifadə etməyə, stansiyaların vestibüllərində, keçidlərində və platformalarında, vaqonlarda tütün çəkməyə, qatarın hərəkəti zamanı vaqonun qapılarını açmağa, qatarın yola düşməsini ləngitməyə, özbaşına dəmir yoluna düşməyə, qatarın idarəetmə kabinəsinə, xidməti-texniki otaqlara, ventilyasiya şaxtası köşklərinə, tunellərə və metropolitenin işçiləri üçün nəzərdə tutulan çəpərlənmiş ərazilərə daxil olmağa, açıq oddan, pirotexniki qurğulardan (fişəng, partlayıcı və sair) istifadə etməyə görə 50 manat məbləğində,
306.5. Müvafiq icazə olmadan metropolitenin elektrik şəbəkəsinə elektrik işlədicilərini qoşmağa görə 70 manat məbləğində,
306.6. Metropolitenin ventilyasiya şaxtası köşklərinə 25 metrdən yaxın məsafədə hər hansı əşya yandırmağa görə 100 manat məbləğində cərimə edilir.
Səfər