Metroda sıxlıq azalmadığı halda qatarlar arasında interval niyə artırılır? - RƏSMİ AÇIQLAMA

Gündəm 26 İyun 2024 20:15 Oxunub 328
Metroda sıxlıq azalmadığı halda qatarlar arasında interval niyə artırılır? - RƏSMİ AÇIQLAMA
WhatsApp kanalımıza abunə ola bilərsiniz

İyun ayının 20-dən yeni tədris mövsümü başlanana qədər metropolitendə iş və qeyri-iş günlərində iki fərqli iş qrafiki tətbiq edilir. Hər iş günü qatarların hərəkəti “Həzi Aslanov-28 May” sahəsində və əks istiqamətdə saat 07:00-dan saat 21:00-a qədər interval 2,5 dəqiqə təşkil edir. İş günlərində sərnişinlərin az olduğu səhər və gecə saatlarına doğru qatarlar arasında interval 3 dəqiqə və daha çox olur.

Məlumdur ki, tədris mövsümü bitsə də, tələbələrin əksəriyyəti işləmək üçün şəhərdə qalmağa davam edir. Qatarların hərəkətində intervalın artırılması isə dəqiqələrlə insanların qatar gözləməsinə və sıxlığın artmasına səbəb olur. Digər problemlərdən biri isə maşinistlərin qatarın hərəkət müddəti ərzində qəfil əyləcə basmasıdır. Bu dəfələrlə insanların yerə və yaxud bir-birilərinin üstünə yıxılmasına səbəb olur.

Avtosfer.az xəbər verir ki, mövzu ilə bağlı Sfera.az-a danışan Bakı Metropoliteninin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Bəxtiyar Məmmədov bildirib ki, tədris mövsümünə görə metroda 2 dəqiqəlik interval tətbiq olunurdu:

“Tədris mövsümünün bitməsi ilə əlaqədar interval artırılıb. Bu sərnişin axınını tənzimləmək məqsədilə atılan addımdır. İntervalın əvvəlki qaydada saxlanılması sərnişin axınının tənzimlənməsində bir sıra problemlər yaradardı. Səhər saatlarında 08:20 və 08:25 arasında xüsusi sıxlıq yaşanırdı. Həmin müddətdə xətdə olan qatarların manevrindən istifadə etməklə sıxlıq aradan qaldırılmağa çalışılırdı. Bu qrafik isə bizə ehtiyat qatarları lazım vaxtda xəttə buraxmağa imkan yaradır. Çünki 2 dəqiqəlik interval tətbiq olunduqda ehtiyat qatarlardan istifadə edilmir.  Bu zaman digər tənzimləmə mexanizmlərinə müraciət etmək olmur. Səhər və axşam saatlarında intervalın artırılması istənilən vaxt ehtiyat qatardan istifadə etməyə şərait yaradır. Metroda insanların sıx olma vaxtları dəyişdiyinə görə ehtiyat qatarlara ehtiyac duyulur. Tənzimləmənin daha çevik mexanizmlərindən istifadə etməklə sıxlığı nəzarət altında saxlamağa çalışırıq. Payız və qış mövsümündə bu mexanizmdən istifadə etməməyin əsas səbəbi tədris mövsümü və insanların işə getməsi ilə əlaqədardır. Həmin dövrdə saat 10-a qədər olan vaxt ən sıx vaxtdır.Həmin vaxtda maksimal sıxlıq vaxtı təyin olunur və yanlız xətdə olan qatarların manevrindən istifadə etmək olur. Hər hansısa bir ehtiyat qatar xəttə buraxılmır”.

Bəxtiyar Məmmədov qeyd edib ki, metropolitenin bütün tunel və stansiyaları boyunca sürət həddini tənzimləyən sistemlər var:

“Maşinist istəsə də, istəməsə də, maşını təyin olunmuş normadan artıq sürətlə idarə edə bilməz.  Bu o deməkdir ki, avtomatik olaraq müvafiq siqnal işə düşəcək və maşinist əyləci sıxmasa, qatar özü dayanacaq”.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh