Mikayıl Müşfiq küçəsində təmir işləri nə yerdədir? - VİDEO
Dövlət başçısının tapşırığına uyğun olaraq, vətəndaşların rahat gediş-gəlişinin təmin olunması istiqamətində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən Bakı şəhərində kompleks tədbirlər icra olunur. Bu tədbirlər çərçivəsində Yasamal rayonu, Mikayıl Müşfiq küçəsində aparılan təmir işləri davam etdirilir.
Agentlikdən Avtosfer.az-a verilən məlumata görə, təmir işləri hazırda sözgedən küçənin Mərkəzi Nəbatat Bağının qarşısında yerləşən dairədən Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin qarşısındakı dairəyədək olan təqribən 1 km-lik hissəsində aparılır. Bu səbəbdən sözügedən istiqamətdə avtonəqliyyat vasitələrinin hərəkətində məhdudiyyət tətbiq edilib.
Qeyd edək ki, təmir işləri aidiyyəti qurumlarla razılaşdırılmış şəkildə və yeraltı kommunikasiya xətlərinin çəkilişi ilə məşğul olan qurumlarla koordinasiyalı aparılır.
Aparılan işlər çərçivəsində ərazidə köhnə asfalt-beton örtüyünün üst qatı frezlənərək kənara daşınıb, hazırda “İnşaat Norma və Qaydaları”na əsasən küçəyə lazımi qalınlıqda yeni asfalt-beton örtüyünün döşənməsi işləri icra olunur.
Sonda yeraltı kommunikasiya xətlərinin baxış qapaqlarının layihə hündürlüyünə qaldırılması və avtonəqliyyat vasitələrinin normal hərəkətinin təmin edilməsi üçün üfüqi nişanlanma xətlərinin çəkilişi işləri də aparılacaq.
Təmir işlərinin qısa müddət ərzində yekunlaşdırılması üçün agentlik tərəfindən əraziyə lazımi sayda qüvvə cəlb edilib.
Xatırladaq ki, anoloji işlər küçənin Mətbuat prospektindən İsmayıl bəy Qutqaşınlı küçəsinədək olan hissəsi üzrə artıq yerinə yetirilərək yekunlaşdırılıb.