"Azərbaycan öz ərazisində "boz zona" və "dondurulmuş münaqişə" anlayışlarına birdəfəlik son qoydu - Politoloq

Politoloq, media və ictimai kommunikasiyalar üzrə ekspert İlkin İzzətlə müsahibə:
- İlkin müəllim, Azərbaycanın Qarabağ istisadi regionunda apardığı antiterror əməliyyatlarının nəticələrini və yaranmış vəziyyəti necə qiymətləndirirsiniz?
- Azərbaycan 2020-ci ildəki 44 günlük müharibədə qazandığı zəfərdən sonra bu ilin sentyabrında legitim hərbi hədəflərə qarşı həyata keçirdiyi təxminən bir sutkalıq uğurlu lokal antiterror tədbirləri ilə Qarabağda erməni separatizmi məsələsini birdəfəlik həll etdi. Bu çətin məsələdə Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın həm hərbi, həm siyasi-diplomatik, həm də xüsusi xidmət orqanları dəsrliklərə salınacaq qədər böyük peşəkarlıq nümayiş etdirdi. Onların bu uğurunun hələ çox açıqlanmayan tərəfləri var ki, böyük ehtimalla onlar bir neçə ildən sonra açıqlanacaq.
Antiterror tədbirləri nəticəsində Azərbaycan ilk növbədə bunlara nail oldu:
- Nəhayət, öz ərazisində suverenliyini tam bərpa edə bildi;
- Düşmənin 30 il ərzində müdafiə sədləri, istehkamlar qurmasına, həmçinin ərazinin çətin relyefinə baxmayaraq, Azərbaycan Ordusu yüksək peşəkarlıq nümayiş etdirərək cəmi bir sutka ərzində istənilən məqsədə nail olmaqla bütün dünyada güclülərdən olduğunu bir daha sübut etdi;
- Öz ərazisində “boz zona” və “dondurulmuş münaqişə” anlayışlarına birdəfəlik son qoydu;
- Həm BMT-nin 4 Qətnaməsinin, həm də 2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanatın bütün müddəalarının icrasını təkbaşına təmin etdi;
- Cənubi Qafqazda sülhün və sabitliyin bərqərar olunmasına, hərtərəfli əməkdaşların və bütövlükdə regionun inkişafına əvəzsiz töhfə verdi.
Bütün hallarda bu vəziyyət nəinki Azərbaycan, bütün Cənubi Qafqaz regionu və onun inkişafı üçün və hətta daha geniş miqyasda yeni reallıqlar və perspektivlər açır.
- Bəs hadisələrin gedişatına kənardan təsir cəhdləri və onların mümkün nəticələri barədə nə deyə bilərsiniz?
- Qarabağ probleminin həlli ilk növbədə Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin də imzalanmasını sürətləndirə bilər. Proses artıq çoxdan belə bir sənədə “hamilə”dir. Lakin buna mane olan, regionda vəziyyəti yenidən çıxılmaz hala salmaq, onun “boz zona” olaraq qalmasını istəyən qüvvələr var. Həmin qüvvələr, xüsusən də Fransa getdikcə daha da azğınlaşır və burada daha böyük hərbi münaqişəsinin baş verməsinə gətirib çıxara biləcək siyasi-hərbi avantüralara əl atır, Ermənistanı yenidən silahlanmaya məcbur edir və oradakı revanşist qüvvələrdə xam xəyalların yaranmasına səbəb olurlar. Belə olan halda Azərbaycanla yanaşı zaman-zaman Türkiyə və Gürcüstana qarşı da ərazi iddiaları ilə çıxış edən militarist Ermənistanı legitim hərbi hədəfə çevirir, regionda uzunmüddətli hərbi-siyasi gərginliyin yarana biləcəyinə səbəb olurlar.
Hazırda Ermənistan rəhbərliyi ciddi-cəhdlə dünyanı Azərbaycanın Qarabağda ermənilərə qarşı etnik təmizləmə aparıldığını, eyni zamanda guya onlara qarşı ərazi iddiasında olduqları, bu ölkəyə hərbi müdaxiləyə hazırlaşdıqlarını və inandırmağa çalışır. Lakin bu ritorika və tendensiya onlar üçün heç də yaxşı nəticələr vəd etmir. Regionda siyasi aktorların artması burada vəziyyəti daha da gərginləşdirir, Cənubi Qafqazın sülhün və sabitliyin bərqərar olmasına mane olur.
Ümumiyyətlə, istər antiterror tədbirləri zamanı, istərsə də ondan sonrakı günlərdə Azərbaycana hədsiz siyasi təzyiqlər edilir. Lakin Azərbaycan tərəfindən düşünülmüş addımların atılması, lazımi siyasi-diplomatik tədbirlərin görülməsi həmin “ermənisevərlər”in planlarının alt-üst olması ilə nəticələnir. Bu məsələdə dost, tərəfdaş ölkələrin dəstəyini də yüksək qiymətləndirmək lazımdır.
- Qarabağdakı erməni separatçılarının hərbi-siyasi “rəhbərləri”nin Azərbaycanın xüsusi xidmət orqanları tərəfindən həbsi və onların istintaqa cəlb edilməsi çoxlarında həm təəccüb, həm də böyük rezonans yaradıb. Bu həbslər Azərbaycan tərəfinə nə verəcək?
- Əvvəla, Qarabağın həbs edilmiş erməni separatçılarının “rəhbərləri”nin qandallanaraq Bakıya gətirilməsi ilə üstündən nə qədər vaxt keçməsinə baxmayaraq bütün cinayətkarların cəzadan yayına bilməyəcəyi, haqqın, ədalətin gec-tez bərpa olunacağı fikrini bir daha təsdiqlədi. Bu həbslər digərləri üçün də bir ibrət dərsi olacaq.
Düşünürəm ki, onların istintaq zamanı verəcəyi ifadələr də çox mətləblərə aydınlıq gətirəcək. Rusiyada, ABŞ-da, Avropada, o cümlədən Fransada və bir sıra beynəlxalq təşkilatlarda iki və üçbaşlı oyunların, geniş miqyaslı korrupsiya əməllərinin üstü açılacaq, çox şəxslər ifşa olunacaq. Elə bu səbəbdən də əvvəllər Azərbaycana qarşı sərt və barışmaz mövqe tutan bəzi qüvvələr artıq öz “yuva”larına çəkilməyə, daha səssiz olmağa çalışmağa və Azərbaycanla məsələlərin həllində danışıq və dialoqa üstünlük verilməsindən, regionda əməkdaşlığın genişləndirilməsinin vacibliyindən dəm vurmağa başlayacaqlar.
Çox güman ki, onların həbsi ilə əlaqədar rəsmi Bakıya xarici təzyiqlər durmadan davam edəcək. Lakin separatçıların “dayday”ları bu təzyiqlərlə ciddi nəticələr edə bilməyəcəklər. Bu isə onları daha çox özündən çıxmağa və özlərini daha çox ifşa etməsinə gətirib çıxaracaq.
- Siz həm də media və ictimai kommunikasiyalar üzrə ekspertsiniz. Bir ekspert kimi Azərbaycanın Qarabağ erməniləri ilə qurulan təmasların xarakteri, onlarla ünsiyyət qurmaq cəhdləri barədə nə deyə bilərsiniz?
- Bəli, son hadisələr zamanı rəsmi Bakının Qarabağdakı erməni əhali ilə kommunikasiya qurmaq tədbirləri həqiqətən diqqəti cəlb edir.
Əvvəla, Azərbaycan əməliyyatlar zamanı təbliğat xarakterli olsa da, müəyyən kommunikasiyalar qurmağa çalışdı. Məsələn, ermənilərə xitabən rus dilində müəyyən video materiallar hazırlanıb yayıldı. Eyni zamanda ərazidə birbaşa xüsusi texniki vasitələrdən istifadə edilməklə onların silahı yerə qoymasına, sülh şəraitində birgəyaşayışa dair çağırışlar edildi.
Həmçinin, Azərbaycanın təbəəliyini qəbul etmək istəyən şəxslərin reinteqrasiyası üçün rəsmi internet resurs yaradıldı.
Azərbaycan rəsmilərinin Qarabağın erməni təmsilçiləri ilə Yevlax və Xankəndidə görüşərək birbaşa müzakirələr aparması və bunun nəticəsində əldə edilən irəliləyişlər də göz qabağındadır.
Qondarma rejim özünü buraxdıqdan sonra isə Xankəndidə Azərbaycanın dövlət qurumlarının dərhal fəaliyyətə başlaması və ora ermənilərin anlayacağı dildə danışa bilən əməkdaşların cəlb olunması rəsmi Bakının məsələyə necə həssas və düşünülmüş şəkildə yanaşdığının göstəricilərindən hesab oluna bilər.
Bundan əlavə, Qarabağ ərazisində yerli televiziya və radio kanalların yayımına başlaması da önəmli məsələlərdən hesab edilməlidir.
Düşünürəm ki, bundan sonra separatçı-terrorçulardan təmizlənmiş ərazilərdə təhlükəsizliyin və sabitliyin təmin edilməsi, yeni erməni təxribatlarının baş verməməsi, mümkün təhlükələrin qarşısının vaxtında alınması üçün Azərbaycanın xüsusi xidmət və daxili işlər orqanlarını böyük həcmdə işlər gözləyir. Fikrimcə, həmin qurumların bu sahədə uğur qazanmasının təməli isə ilk növbədə kommunikasiyaların düzgün qurulmasından asılı olacaq.
Məncə görülməli olan hələ çox işlər var. Lakin şübhə etmirəm ki, Azərbaycan bütün yeni çağırışlara vaxtında cavab verə və lazımi tədbirləri görüb problemlərin öhdəsindən gələ biləcək.
- Lakin Azərbaycan tərəfinin Qarabağın erməni əhalisinin təhlükəsizliyinin tam təmin ediləcəyi və onların reinteqrasiyası üçün bütün lazımi tədbirlərin görüləcəyi ilə bağlı açıqlama və rəsmi vədlərini baxmayaraq, onların əksəriyyəti bölgəni tərk etməyə üstünlük verdilər? Bunu nə ilə izah edərdiniz?
- Məncə bunun bir neçə səbəbi var. Əvvəla, Azərbaycanı tərk edən erməni əsilli şəxslərdən bir neçəsinin müsahibələrindən açıq-aşkar bəlli olur ki, onlara bölgəni tərk edib Ermənistana keçmək barədə təlimat verilib. Uzun illər qorxu və təhdid altında faktiki girova çevrilmiş həmin şəxslər də ənənəvi stereotiplərindən qurtula bilməyərək deyilənlərə sözsüz əməl etmək məcburiyyətində qalıblar. Onlara hansısa şirnikləndirici vədlərin verildiyi də artıq sirr deyil.
Bəzi ermənilər isə son 35 ildə azərbaycanlılara qarşı törədilmiş hansı soyqırımların, tükürpədici cinayətlərin törədildiyini yaxşı bilirlər. Onlar düşünürlər ki, vəhşiliklərin qarşısında heç bir millət, xalq bu olanları bağışlaya bilməz və mütləq buna görə onlardan qisas alınacaq. Bu səbəbdən Azərbaycan dövlətinə və onun vətəndaşlarına qarşı konkret cinayətlər törətmiş şəxslərdən başqa kimsəyə toxunulmayacağı ilə bağlı verilən açıqlama və zəmanətlər onlara inanmırıcı görünmür. Lakin hər iki halda aldanırlar.
Digər qism ermənilər isə palaza bürünüb el ilə sürünüblər. Yəni yaranmış psixiloji mühitdə sadə dillə desək, küyə düşüblər. Köç məsələsi “domino” effekti yaradıb, onlar da bu “effekt”in bir parçasına çevriliblər.
Lakin elələri də var ki, onların vaxtilə Azərbaycana qarşı çoxsaylı cinayətlərdə birbaşa əli var. Onlar yaxşı bilirdilər ki, ədalət mühakiməsindən yaxa qurtara bilməyəcəklər. Ona görə də qaçmağa üstünlük veriblər.
- Son olaylardan sonra Rusiya sülhməramlı qüvvələrinin 2025-ci ilədək yenə də bölgədə qalma ehtimalı varmı?
- Qarabağı Ermənistan silahlı qüvvələri və qanunsuz silahlı birləşmələrlə yanaşı erməni əhalinin mütləq əksəriyyətinin də tərk etməsi orada yeni reallıqlar yaradır. Belə ki, əgər Qarabağda ermənilər olmayacaqsa və ya onların sayı barmaqla sayılacaq qədər olacaqsa, o zaman Rusiya sülhməramlı qüvvələrinin də orada qalmasına ehtiyac qalmayacaq. Çox güman ki, onlar 2025-ci ilin noyabrını gözləmədən, qısa müddət sonra bölgəni tərk edəcəklər. Bunu Rusiya Müdafiə Nazirliyinin yaydığı ən son məlumatlardan da sezmək mümkündür. Bundan əlavə, Rusiyanın siyasi rəhbərliyinin son açıqlamaları da artıq Qarabağ məsələsinin birdəfəlik bitdiyini və oradakı ermənilərin Azərbaycan Respublikasının Konstitusiyası əsasında yaşamağa başlamasının labüdlüyünü qəbul etdiklərini göstərir.
Lakin Rusiya SQ-nin şəxsi heyətinin indiki qədər deyil, çox az bir qisminin bir müddət də Qarabağda, xüsusən Xankəndidə və ola bilər həm də Xocalıda qalacaqları istisna deyil.
- Qarabağda bundan sonrakı həyat, erməni və azərbaycanlılarının birgəyaşayışı barədə nə düşünürsüz?
- Böyük ehtimalla Qarabağı tərk etmiş yüzlərlə, bəlkə də minlərlə erməni yenidən ora qayıdacaq. Çünki bir müddət sonra onların bir qismi “miliyyətçi ideoloqlar”ı və “öndərlər”i tərəfindən aldandıqlarını anlayacaqlar. Onlara bunu anlamaqda Qarabağda qalaraq Azərbaycan vətəndaşlığını qəbul etmiş soydaşları da kömək edəcək. Onlar bunu əyani yaşayışları, onlara göstərilən diqqət və real sosial vəziyyətləri ilə nümayiş etdirəcəklər.
Ali Baş Komandan, Prezident İlham Əliyev də dəfələrlə bildirib ki, Qarabağda yaşayan və Azərbaycan vətəndaşı olan ermənlər regionun quruculuğu və bərpası layihələrində iştirak edə bilərlər və Bakı onlara yaşayacaqları yerlərdə şərait yaratmağa hazırdır. Bunun üçün isə onlar sadəcə xülyalarla yaşamamalı, Azərbaycanın təbəəliyini qəbul etməli, separatçılıqdan və bəd ambisiyalardan əl çəkməli, sülh və əminamanlıq şəraitində azərbaycanlılarla yanaşı normal həyata və birgəyaşayışa başlamalıdırlar.
Azərbaycanlılar tarix boyu hər zaman necə güclü, eyni zamanda böyük, mərhəmətli, humanist və tolerant xalq olduğunu sübut ediblər. Ona görə də Qarabağın erməni sakinləri bu mənada tam rahat ola bilərlər. Əminəm ki, bütün bunlardan sonra Qarabağ yaxın gələcəkdə nəinki Azərbaycanın bütün Qafqazın ən gözəl, inkişaf etmiş bölgələrindən birinə çevriləcək.
Material Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin (MEDİA) maliyyə dəstəyi ilə “ Müzəffər Ali baş Komandanın rəhbərliyi ilə 44 günlük Vətən Müharibəsində qazanılmış tarixi qələbə, Ermənistan tərəfindən törədilmiş sülh və insanlıq əleyhinə cinayətlər, habelə müharibə cinayətləri bağlı həqiqətlərin dünya ictimiyyətinə çatdırılması” istiqaməti üzrə hazırlanıb.

Nərmin Əkbər













