Narkomanlığa aludəçilik həmişə gizli şəraitdə baş verir - FOTO

İyunun 9-da Sabunçu Rayon İcra Hakimiyyəti və Polis İdarəsinin rəhbərliyinin təşəbbüsü ilə “Gənclər evi”ndə 2016-2017-ci tədris ilində orta məktəblərdə narkotiklərlə mübarizə əleyhinə keçirilmiş görüşlərin yekunları müzakirə olunub. Tədbirdə Milli Məclisin deputatı Dilarə Cəbrayılova, Bakı şəhər Təhsil, Gənclər və İdman idarələrinin rəhbərləri, rayon ərazisindəki orta məktəb direktorları, ictimaiyyət nümayəndələri iştirak edib.
Dövlət himnimiz səsləndikdən sonra ötən müddətdə rayondakı 56 orta məktəbdə keçirilən tədbirlərdən hazırlanmış videoçarx nümayiş olunub.
Giriş sözü ilə çıxış edən rayon icra hakimiyyəti başçısının birinci müavini, rayon icra hakimiyyətinin başçısı yanında narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə komissiyanın sədri Güloğlan Məmmədov Daxili İşlər Nazirliyinin bu istiqamətdə də üzərinə düşən vəzifələri layiqincə yerinə yetirdiyini, müvafiq qurumlarla birgə ərazi polis orqanlarının ictimaiyyətlə tədbirlər keçirdiyini, əməliyyat-axtarış tədbirləri ilə yanaşı, qabaqlayıcı-profilaktiki, hüquqi maarifləndirmə işləri apardığını bildirərək, ötən dövrdə rayonun 56 orta məktəbində bu mövzuda aparılan söhbətlərin əhəmiyyətini yüksək dəyərləndirib.
Daha sonra çıxış edən Rayon Polis İdarəsinin rəisi, polis polkovniki Eldar İlyasov bildirib ki, möhtərəm dövlət rəhbərimizin imzaladığı “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi və narkomanlığın yayılması ilə mübarizə üzrə Proqramı (2007-2012-ci illər)”, eyni zamanda, bu sənədin davamı olaraq, “2013-2018-ci illər üçün narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair Dövlət Proqramı”ndan irəli gələn vəzifələrin yüksək səviyyədə yerinə yetirilməsi istiqamətində ciddi səylər göstərilir. Qeyd olunub ki, cəmiyyətin ciddi bəlasına, xalqın təhlükə mənbəyinə çevrilən bu problemin həllinə xidmət edən mühüm addımlardan biri olan yeniyetmə və gənclər arasında maarifləndirmə işlərinin genişləndirilməsi prioritet məsələdir. Narkotiklərlə mübarizə uzunmüddətli, çoxşaxəli prosesdir. Problemin ictimai təhlükəliliyi ondan ibarətdir ki, bir çox cinayətlərin törənmə səbəbləri arasında birinci sıralarda yer alan narkomanlığa aludəçilik həmişə gizli şəraitdə baş verir, nəzarətdən kənarda qalır və durmadan artır. Gənclər arasında idmanın, mədəni-kütləvi tədbirlərin genişləndirlməsində, idmana marağın artırılması naminə inşa olunan idman komplekslərinin, gənclər mərkəzlərinin təmənnasız fəaliyyətində də əsas məqsədlərdən biri sağlamlığın təmin edilməsi ilə yanaşı, insanların belə ağır fəsadlar törədən vərdişlərdən uzaqlaşdırılmasına nail olmaqdır.
Tədbirdə çıxış edən Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov, Bakı şəhər Təhsil İdarəsinin məsul əməkdaşı Rövşən Əliyev, Respublika Narkoloji Dispanserinin həkimi Asif Kəngərli və digərləri yeniyetmə və gənclərin narkomanlıq və digər zərərli vərdişlərdən qorunması istiqamətində aparılan işlər barədə söhbət açaraq, gənc nəslin savadlı, vətənpərvər ruhda böyüməsi, sağlam inkişaf etməsi, zərərli vərdişlərdən uzaq olması üçün vacib işlərdən danışıblar. Çıxışlarda Sabunçu RPİ-nin bu istiqamətdə gördüyü işləri yüksək dəyərləndirilib, belə maarifləndirici tədbirlərin mütəmadi qaydada keçirilməsinin vacibliyi vurğulanıb.
Sonda bu tədbirlərdə fəal iştirak edənlərə "Fəxri Fərman" lar təqdim edilib.
Natiq Cavadov,
DİN Mətbuat Xidmətinin əməkdaşı

















