Naxçıvanda TDT ölkələri QHT-lərinin Həmrəylik Forumu keçirilib - VİDEO

Türk Dövlətləri Təşkilatına üzv ölkələrin QHT-lərinin Həmrəylik Forumu Naxçıvan şəhərində davam edib.
Avtosfer.az xəbər verir ki, salamlama nitqi ilə çıxış edən Azərbaycan Respublikasının QHT-lərə Dövlət Dəstəyi Agentliyinin icraçı direktoru Aygün Əliyeva bildirib ki, son illər türk dövlətləri ilə birgə layihələr silsilə xarakter almaqdadır.
"Son 3 il ərzində biz Özbəkistan, Türkiyə, Şimali Kipr Türk Respublikası və digər qardaş türk dövlətlərində fəaliyyət göstərən QHT-lərlə və tərəfdaş qurumlarla bir sıra vacib layihələr həyata keçirmişik. Bunlara Azərbaycan-Türkiyə, Azərbaycan-Özbəkistan, Özbəkistan-Azərbaycan formatlarında baş tutan QHT-lərin əməkdaşlıq forumlarını, COP29 çərçivəsində Bakıda keçirilən "Türk Dövlətlərinin Vətəndaş Cəmiyyəti forumu"nu misal gətirə bilərik. Dünən isə ilk dəfə "Azərbaycan-Qazaxıstan QHT-lərinin I Əməkdaşlıq Forumu" baş tutdu. Əminəm ki, bu formatda ikinci forumu tezliklə Qazaxıstanda da reallaşdıra biləcəyik", - A.Əliyeva deyib.
Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Ceyhun Cəlilov bildirib ki, 2009-cu ildə "Naxçıvan Sazişi"nin imzalandığı şəhərdə Türk Dövlətləri Təşkilatına üzv ölkələrin QHT-lərinin Həmrəylik Forumunun keçirməsi rəmzi məna daşıyır: "Naxçıvanın vətəndaş cəmiyyəti təmsilçiləri də türk dövlətləri ilə əməkdaşlığın genişləndirilməsində xüsusilə maraqlıdır. Muxtar respublikanın QHT-ləri regional təşəbbüslərə qoşulmağa, ortaq layihələrdə iştirak etməyə və Türk dünyasının birliyinə öz töhfələrini verməyə böyük həvəs göstərirlər".
Daha sonra forum panel müzakirələrlə davam edib.
***
TDT-yə üzv ölkələrin QHT-lərinin həmrəylik forumu işini bu gün Naxçıvanda davam etdirir.
Avtosfer.az xəbər verir ki, forum çərçivəsində TDT-yə üzv ölkələrin QHT-lərinin Platforması təsis edilib.
Qeyd edək ki, TDT-yə üzv ölkələrin QHT-lərinin Platformasına rəhbərliyi Azərbaycan edəcək və 8 ölkənin QHT-lərini birləşdirəcək.













