Naxçıvanın enerji təhlükəsizliyində MÜHÜM ADDIM: “Zəngəzur həm də enerji dəhlizi olacaq”

Gündəm 10 İyun 2023 21:40 Oxunub 478
Naxçıvanın enerji təhlükəsizliyində MÜHÜM ADDIM:  “Zəngəzur həm də enerji dəhlizi olacaq”
WhatsApp kanalımıza abunə ola bilərsiniz

“Zəngəzur dəhlizi həm də enerji dəhlizi olacaq. Onda Azərbaycandan həm Naxçıvana, həm də Türkiyəyə ən qısa yolla mavi yanacaq ötürmək imkanı olacaq”.

Bunu Bizim.Media üçün məqaləsində Neft Araşdırmalar Mərkəzinin rəhbəri İlham Şaban bildirib.

Məqaləni təqdim edirik:

“Yola saldığımız həftə dünyanın diqqəti suyun enerjisinə yönəlmişdi. Ukraynada Dnepr kimi bolsulu çayın üzərində 67 il fəaliyyətdə olmuş Kaxovka Su Elektrik Stansiyasını deyirəm.

Bəndin partladılması nəticəsində nəinki 335 MVt güc və ildə 1,4 milyard kilovatsaat elektrik enerjisi itirildi, həmçinin 18,2 kvadratkilometr ərazini əhatə edən bir su anbarı da boşaldı. Onun təbiətə uzunmüddətli təsirləri daha fəlakətlidir: çünki 400 min hektardan çox düzənlik ərazidə taxıl və günəbaxanın bundan sonrakı yaxın illərdə əkilib-becərilməsi sual altındadır. Nəticədə bazarda yenidən ərzaq qiymətlərinin bahalaşması müşahidə edilə bilər.

Amma bu həftə necə də xoş xəbərlərlə başlamışdı: istər dünya bazarında, istərsə də yerli bazarımızda unun qiyməti düşməyə başlamışdı. Və qəfil bir müdaxilə nəticəsində bazarda sabitlik pozuldu.

Qlobal bazarlar

Neft-qaz bazarı isə daha həssasdır. Həftə ərzində “Brent” markalı neftin qiymətləri London birjasında bir barel üçün 73,61-78,73 dollar dəhlizində dəyişdi. Qiymətləri yuxarı aparan amil rolunda OPEC+ çərçivəsində iyunun 4-də hasilatın azaldılması ilə bağlı qəbul edilmiş qərar özünü göstərirdi. Baxmayaraq ki, azalma 2024-cü ilin əvvəlinə tuşlanmışdı, amma bazarda müşahidə edilən qiymətlər təkcə cari hadisələrdən qaynaqlanmır axı, perspektivə tuşlanan nəzərlər bazarın həssas elementidir.

Onu deyim ki, son zamanlar enerji bazarları ilə bağlı səsləndirilən proqnozlara münasibət də birmənalı deyil. Bu da başadüşüləndir. Axı ötən ildən dünyanın dəyişən nizamının kökündə elə enerji mübahisəsi gedir. Bir tərəfdə neft və qazın xəzinəsi hesab edilən Rusiya durur, qarşı tərəfdə isə dünyanın ən nəhəng istehlak bazarı. Təbii ki, bazara yönəlik mesajlarda da hər tərəf öz mövqeyindən çıxış etməyə üstünlük verir.

Səudiyyə Beynəlxalq Enerji Agentliyinin proqnozlarına şübhə ilə yanaşdığını ifadə edib. Amma OPEC-in birinci skripkaçısı rolunda çıxış edən Səudiyyə məgər bilmir ki, OPEC+ çərçivəsində təsdiq edilən kvotalar və real hasilat həcmləri nə qədər fərqlənir? Yəni reallığı əks etdirmir?

Uzağa getmək istəmirəm, elə Azərbaycanla bağlı olan statistikanı diqqətinizə çatdırmaq istərdim.

OPEC+ çərçivəsində yeni təsdiq edilmiş kvotaya görə, Azərbaycan üçün 2024-cü ilin əvvəlindən gündəlik hasilat kvotası 551 min barel müəyyənləşdirilib. Özü də bu kvota yalnız neft həcmlərinə aiddir. Azərbaycan Energetika Nazirliyinin hasilatla bağlı açıqladığı son statistikaya əsasən isə 2023-cü ilin aprelində ölkədə gündəlik olaraq 512 min barel neft hasil edilmişdi.

Azərbaycanda neft hasilatı 2010-cu ilin üçüncü rübündən sonra azalmağa başlayıb və azala-azala da gedir, çünki yataqlarımız “qocalıq” dövrünü yaşayır.

Təbii ki, bunları OPEC+ çərçivəsində də bilirlər. Di gəl ki, istehlakçılar bir tərəf olmaqla neft qiymətlərinin üzüaşağı getməsində, istehsalçılar isə üzüyuxarı həddində maraqlıdırlar. Ona görə də hər deyiləni heç də həqiqət kimi qəbul etməyin. Reallıq, adətən, deyilənlərin ətrafında olur. Bu haqda bir qədər sonra daha ətaraflı danışacağam.

Yaşıl yanacaqlı ilk hava limanı

Bu həftə enerji bazarlarında daha bir maraqlı hadisə İsveçdə olub. Trollhettan-Vanersborq hava limanı dünyada təyyarələri ekoloji cəhətdən təmiz aviasiya yanacağı ilə təchiz edilən ilk hava limanı olacaq.

Təyyarələrdə iyunun sonundan adi aviasiya yanacağının 30-40 faizi nisbətində işlənmiş qida və heyvan yağı tullantılarından hazırlanmış qarışığından istifadə olunacaq. Bu, mənə lap təbii qazla hidrogenin qarışığı hesabına daha az karbon emissiyalı yanacaq təsiri bağışladı. Amma görünən odur ki, artıq praktiki addımlar atılır. Bir zamanlar Rusiya qazı olmadan Avropanın yaşayıb-yaratmaq imkanları da fantastik təsirlər bağışlayırdı. Eləcə də Rusiya enerjisinin Qərbdən Şərqə yönəldilməsi ideyasını da nağıla bənzədirdilər. Gerçəklik isə başqa şeylərdən xəbər verir.

Qərbdən Şərqə yönələn Rusiyanın enerjisi

Rusiya baş nazirinin müavini, yanacaq-energetika kompleksinə cavabdeh olan Aleksandr Novak “Enerji siyasəti” ictimai-işgüzar jurnalında dərc etdiyi “Rusiyanın Şərqə yönələn enerji siyasəti” məqaləsində 2050-ci ilə qədər olan dövr üçün Rusiyanın əsas enerji bazarının məhz Şərq ölkələri olacağını bəyan edib. Novak onu da vurğulayıb ki, təkcə ötən il Hindistana neft ixracı 19 dəfə, kömür ixracı üç dəfə, neft məhsulları satışı isə iki dəfə artıb. Rusiya həmçinin Çinə boru ilə qaz ixracı həcmlərinə görə ikinci yerə, bu ölkəyə maye qaz ixracına görə isə dördüncü yerə çıxıb. Gələcək hədəf isə birinciliyi əldə etməkdir.

Göründüyü kimi, Rusiya Asiyanın ən nəhəng iki bazarını göz altına alıb: Çin və Hindistan. Həmçinin Pakistanı da unutmur. Ona görə də strateji enerji siyasətini bu ölkələrə yönəltməkdə və bu ölkələr ətrafındakı enerji bazarlarının fəal oyunçusuna çevrilməkdə görür.

Elə bu həftə Türkmənistan və Pakistan hökumətləri də İslamabadda apardıqları danışıqlar zamanı hələ 2015-ci ildən tikintisinə start verilən TAPİ, yəni Türkmənistan-Əfqanıstan-Pakistan-Hindistan qaz kəmərinin çəkilişinin sürətləndirilməsi üçün birgə plan imzalayıblar.

Düzdür, bu sənəd çərçivəsində sürətin nə həddi, nə də tikinti işlərinin nə zaman başa çatdırılması ictimailəşdirilir. Amma görünən odur ki, nəsə hərəkət var. Özü də bu hərəkətverici qüvvə nə Türkmənistandadır, nə də digər iştirakçı ölkələrdə. Nəsə kənardan hansısa bir qüvvə onu sürətləndirməyə çalışır.

Qeyd edim ki, indiyə qədər astagəlliyinə görə Asiyanın NABUCCO-su adını qazanmış TAPİ kəmərinin ləngiməsinin iki başlıca səbəbi olub və qalmaqdadır: lazımi maliyyənin olmaması və təhlükəsizlik məsələlərinin həllini tapmaması.

Fikrimcə, Rusiyanın ötən ilin dekabrından Qazaxıstan və Özbəkistana təklif etdiyi qaz əməkdaşlığının əsas hədəfi heç də Çinə qazın ötürülməsi deyil. Çünki bu onilliyin sonuna qədər Rusiya Çinə iki yeni qaz kəmərini istismara verməklə bu məsələni həll edə bilər və bunun üçün Mərkəzi Asiya ölkələrinin dəstəyinə ehtiyacı da olmayacaq. Onlarla işbirliyi Çindən əsas qaz ixracatçısı qismində asılılığı azaltmaq arzusudur. Bunun üçün Rusiya öz qazını Pakistan və Hindistan bazarında görür, özü də tankerlərlə deyil, borularla daşımaq istəyindədir. Ümumən Rusiyanın yeni enerji strategiyasından sızan şüalar Azərbaycan üçün də məqbul ola bilər. Çünki şimal qonşumuz özünün enerjidaşıyıcılarının bazarı kimi yaxın və orta perspektivdə artıq Qərbdə ona yer olmadığını özü deyir. Bu isə Qərb enerji bazarlarında payını artıran Azərbaycan üçün daha əlverişli şəraitin yaranması deməkdir. 

İranın qaz mərkəzi yaratmaq istəyi

Rusiyanın hara və hansı bazarlara istiqamət götürməsini görən rəsmi Tehran isə təşvişə düşüb. Çünki son illər daimi təbliğatı Rusiya ilə işbirliyinin artırılması, əsasən də enerji siyasətində yeni dövrə qədəm qoyulması istiqamətində olsa da, bu bəyanatlarla praktikada atılan addımlar arasında hansısa nizam görünmürdü.

İran özünün enerji sektoruna nəinki “Qazprom” və “Rosneft” kimi dövlətə bağlı enerji nəhənglərini, heç özəl sektorun kiçik oyunçularını belə, cəlb edə bilməyib. Bu baxımdan da bu günlərdə İranın neft naziri Cavad Ovcinin qəfildən “İslam Respublikası Fars körfəzi sahillərində qaz qovşağı yaradır” deməsinə heç kənardan reaksiya da verilmədi.

Baxmayaraq ki, iranlı nazir öz qazlı bəyanatında bu ideyanın Rusiya, Türkmənistan və Qətər ilə gerçəkləşdirilməsinə toxunmuşdu. Doğrudan da, Tehranda bir söz deyəndə onun enerjisini heç hesaba almırlar. Axı Qətərin nəyinə lazımdır ki, öz qazını gətirib sənin ərazində satsın?

Onun qazı üçün alıcılar 20 il bundan sonraya növbəyə düzülüblər. Özü də fərq etməz, istər Şərqdə, istərsə də Qərbdə.

Rusiyaya gəldikdə isə... Qazı maye halına salıb alıcıya çatdırmaq üçün dünyada ən unikal təbii imkanlara məhz bu ölkə malikdir, çünki qazı maye halına keçirtmək üçün onu 160 dərəcəyədək soyutmaq lazımdır. Arktik şəraitdə isə havanın temperaturu mənfi 50-55 dərəcədir. Yəni onun maye halına gətirilməsi üçün minimal enerji tələbatı məhz Rusiyanın şimalındadır. Bu baxımdan da qızmar Günəş altında qazın mayeləşdirilməsi təklifinə rəsmi Moskvanın münasibəti gün kimi aydındır.

Türkmənistana gəldikdə, hamıya bəllidir ki, bu ölkə öz sərhədlərindən kənarda hələ enerji layihələrinə bir sent belə, sərmayə yatırmayıb və bundan sonrakı addımları da bəllidir. Elə isə qaz layihələrində tənha qalan Tehran nə demək istəyir?

Naxçıvanın enerji təhlükəsizliyi

Türkiyə üzərindən Naxçıvana magistral qaz kəmərinin çəkilməsi layihəsi get-gedə daha gerçək görünüş alır. Niyə? Axı 2005-ci ilin sonlarından Naxçıvan Muxtar Respublikasının qaz təchizatı İran üzərindən həyata keçirilirdi. Məgər Tehranda görmürlərmi ki, rəsmi Bakı İran layihəsi ilə vidalaşmağa hazırlaşır? Özü də bu məsələ bu gün ortaya çıxmayıb. Biz bu addımı o zaman əlacsızlıqdan atmağa məcbur olmuşduq, çünki alternativimiz yox idi.

Azərbaycanın əsas hissəsindən bizdən asılı olmayan səbəblərdən ayrı salınmış o torpaqlarda yaşayanların davamlı enerji təminatı vacib idi. Buna görə İran tərəfi özü üçün Astaradan göndərdiyimiz hər kubmetrin beşdəbiri qədər tranzit haqqı tələb etdi. Biz də verdik. Sonradan dəfələrlə bu şərtlərin yumşaldılmasını xahiş etsək də, buna əhəmiyyət vermədilər. İndi isə alternativ var. Özü də təkcə Türkiyədən Naxçıvana olmayacaq. O boru kəməri çəkiləcək. Zəngəzur dəhlizi həm də enerji dəhlizi olacaq. Onda Azərbaycandan həm Naxçıvana, həm də Türkiyəyə ən qısa yolla mavi yanacaq ötürmək imkanı olacaq.

Naxçıvanın enerji imkanları isə təkcə qaza və Araz çayına bağlanmır. Buranın zəngin Günəş enerjisi potensialı da mövcuddur. Artıq ilk xarici şirkətlə bu haqda sənəd də imzalanıb. İyunun 3-də “Bakı Enerji Həftəsi”nin son günündə Naxçıvanda keçirilən xüsusi sessiya zamanı Azərbaycan Energetika Nazirliyi ilə Fransanın neft-qaz nəhəngi “TotalEnergies” şirkəti arasında burada ümumi gücü 500 MVt olan külək və Günəş elektrik stansiyaları, habelə enerji saxlanc sistemləri layihələrinin qiymətləndirilməsi və həyata keçirilməsi fəaliyyəti üzrə əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb.

Eyni zamanda, özəl “Nobel Energy Management” şirkəti ilə Naxçıvan Muxtar Respublikasında 400 MVt gücündə Günəş elektrik stansiyasının tikintisi və istehsal ediləcək elektrik enerjisinin Türkiyəyə ixracı üzrə əməkdaşlığa dair Anlaşma Memorandumu da imzalanıb. Yəni bunlar ona görə edilir ki, Naxçıvanın enerji təhlükəsizliyi əldə edilsin və o diyarımız bundan sonra kimdənsə asılı olmasın. Məgər bunu başa düşmək belə çətindir?

Büdcənin artan gəlirləri

Ölkəmizin iqtisadiyyatı üçün daha önəmli bir xəbər var. Bu da ondan ibarətdir ki, ilin ilk dörd ayının nəticələri proqnoz edilən gəlirlərdən daha çox qazanc əldə edildiyini ortaya çıxarıb. Nəticədə isə Azərbaycan Respublikasının Prezidenti Milli Məclisə cari ilin dövlət büdcəsində dəyişikliklər edilməsi ilə bağlı qanun layihəsi təqdim edib. Ölkə büdcəsinin qazancının artımında isə əsas amil enerjidaşıyıcılarına bağlıdır.

Cari ilin büdcəsi neftin orta ixrac qiymətinin 50 dollardan olan qiyməti üzrə proqnoz edilmişdi. Amma ilin ilk dörd ayının yekunlarına görə, bu göstərici 82,5 dollar təşkil etmişdi. 2023-cü ilin yeni büdcə sənədləşməsində neftin qiymətinin 60 dollarla hesablanması təklif edilir.

Nəticədə neft sektoru üzrə büdcənin gəlirləri nəzərdə tutulduğundan daha çox vəsait əldə etməlidir. Hökumət 2023-cü ildə “Şahdəniz” layihəsindən 3 milyard 235 milyon manat məbləğində mənfəət vergisinin daxil olacağını gözləyir ki, bu da ilkin proqnozdan 360 milyon manat çoxdur.

“Azəri-Çıraq-Günəşli” neft yatağının işlənməsi layihəsi üzrə mənfəət vergisi ödənişləri 767 milyon manat məbləğində proqnozlaşdırılır ki, bu da əvvəlki qiymətləndirmədən 275 milyon manat çox artım deməkdir. Ümumilikdə Azərbaycan hökuməti 2023-cü ildə “Şahdəniz” və AÇG layihələrindən 4 milyard  manat məbləğində mənfəət vergisi gözləyir.

Müqayisə üçün deyim ki, 2023-cü ilin I rübündə “Şahdəniz”dən dövlət büdcəsinə 1 milyard 545,7 milyon manat, AÇG layihəsi üzrə isə 225,2 milyon manat mənfəət vergisi ödənilib. Yəni qazımızın şah layihəsi neftimizin flaqmanını büdcəyə gətirdiyi gəlir məsələsində nə az, nə çox - təqribən 6,9 dəfə üstələyib”.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh