Banner

Nazirlik cəbhədəki vəziyyətlə bağlı rəsmi məlumat yaydı - İki dinc sakin ölüb

Gündəm 5 İyul 2017 00:36 Oxunub 1113
Nazirlik cəbhədəki vəziyyətlə bağlı rəsmi məlumat yaydı - İki dinc sakin ölüb
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Hadisə ilə bağlı beynəlxalq qurumlar məlumatlandırılıb

Müdafiə Nazirliyi cəbhədə baş verən hadisələrlə bağlı rəsmi məlumat yayıb. Avtosfer.az xəbər verir ki, məlumatda deyilir: “İyulun 4-də saat 20:40 radələrində Ermənistan silahlı qüvvələri tərəfindən Füzuli rayonunun Alxanlı kəndi 82 və 120 millimetrlik minaatanlardan və dəzgahlı qumbaraatanlardan atəşə tutulub. Ermənistan tərəfinin bu təxribatı nəticəsində kənd sakinləri 1967-ci il təvəllüdlü Quliyeva Sahibə İdris qızı və 2015-ci il təvəllüdlü Quliyeva Zəhra Elnur qızı həlak olublar. Atəş nəticəsində qəlpə yarası alan 1965-ci il təvəllüdlü Quliyeva Sərvinaz İltifat qızı xəstəxanaya çatdırılaraq əməliyyata götürülüb.

Hadisə ilə bağlı beynəlxalq qurumlar məlumatlandırılıb. Silahlı Qüvvələrimizin bu istiqamətdə yerləşən bölmələri tərəfindən görülən adekvat cavab tədbirləri nəticəsində düşmən susdurulub.

Müdafiə Nazirliyi bildirir ki, baş vermiş qanlı təxribata görə bütün məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür”.

***

Cəbhədəki vəziyyət və Ermənistan silahlı qüvvələrinin hücumları nəticəsində mülki şəxslərin öldürülməsi və yaranlanması məsələsini XİN-nin Mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev şərh edib. Avtosfer.az XİN rəsmisinin açıqlamasını təqdim edir: “İyul ayının 4-də Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Füzuli rayonun Alxanlı kəndinin müki əhalisinin və mülki obyektlərinin hədəflənmiş şəkildə və qəsdən 80 və 102 millimetrlik minaatanlardan və dəzgahlı qumbaraatanlardan atəşə tutması nəticəsində 1967-ci il təvəllüdlü Quliyeva Sahibə və onun nəvəsi 2 yaşlı Quliyeva Zəhra həlak olublar. Digər mülki şəxs 1965-ci il təvəllüdlü Quliyeva Sərvinaz yaralanıb və mülki obyektlərə zərər yetirilib. Həlak olanların ailələrinə və yaxınlarına dərin hüznlə baş sağlığı verir və yaralanan mülki şəxsin tezliklə şəfa tapmasını diləyirik. Ermənistan silahlı qüvvələrinin bu təxribatı nəticəsində yaşlı qadın və onun 2 yaşlı nəvəsinin öldürülməsi, digər mülki şəxsin yaralanması və mülki obyektlərə ziyan vurulması vandalism aktı olaraq Ermənistan dövlətinin terrorçu mahiyyətini bir daha sübut edir.

Cəbhə xətti boyunca Ermənistan silahlı qüvvələri tərəfindən sıx məskunlaşmış ərazilərdə yaşayan, aralarında qadınlar, uşaqlar və ahılların olduğu mülki əhaliyə qarşı qəsdən və hədəflənən hücumların edilməsi sistematik xarakter daşıyır. Ermənistanın Azərbaycan mülki əhalisinə və mülki obyektlərə birbaşa və qəsdən hücumları, beynəlxalq humanitar hüququn və insan haqlarının, xüsusilə 1949-cı il Cenevrə konvensiyaları və ona 1 saylı Əlavə, həmçinin Uşaqların hüquqlarına və İnsan hüquqlarının müdafiəsi və fundamental azadlıqlara dair Konvensiyanın ciddi şəkildə pozulmasıdır.

ATƏT-in Minsk Qrupunun həmsədrlərinin regiona səfərdən sonra həmsədrlər və beynəlxalq təşkilatlar substantiv və ciddi danışıqlar yolu ilə status kvonun dəyişdirilməsinə çağırışlar etdiyi halda Ermənistan tərəfi mülki şəxslərin və uşaqların qəsdən öldürülməsinə yönəlmiş alçaq və şərəfsiz təxribatlara əl atır.

Azərbaycan Respublikası dəfələrlə bəyan edib ki, Ermənistan silahlı qüvvələrinin işğal edilmiş Azərbaycan ərazilərində qeyri-qanuni mövcudluğu münaqişə zonasında gərginliyin və insidentlərin yaranmasının əsas səbəbidir və münaqişənin siyasi həllinə başlıca maneədir.

Ermənistanın siyasi-hərbi rəhbərliyinin ATƏT-in Minsk Qrupunun həmsədrlərinin və beynəlxalq təşkilatların münaqişənin həlli üçün substantiv danışıqlara çağırışlarına mülki şəxslərin qəddar şəkildə öldürülməsi ilə cavabı bir daha onu sübut edir ki, həmsədrlər beynəlxalq hüququn norma və prinsipləri və beynəlxalq təşkilatların qərar və qətnamələrinə uyğun olaraq Ermənistandan öz qoşunlarının tezliklə Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılması və işğala əsaslanan status kvonun dəyişdirilməsini tələb etməlidirlər. Yaranmış vəziyyətə görə bütün məsuliyyət tam şəkildə Ermənistanın siyasi-hərbi rəhbərliyinin üzərinə düşür”.

***

“Ermənilər dəfələrlə bizim kəndimizi atəşə tutub. Bir neçə gün əvvəl də mərmi atmışdılar”. Bunu azvision.az-a açıqlamasında bu gün axşam saatlarında düşmən təxribatı nəticəsində həlak olan Füzuli rayonunun Alxanlı kənd sakini 2 yaşlı Zəhra Quliyevanın atası Elnur Quliyev deyib. O, eyni zamanda təxribatda anası, 1967-ci il təvəllüdlü Quliyeva Sahibə İdris qızını da itirib. Elnur Quliyev erməni işğalçılarından intiqam alacağını söyləyib: “Mən bu qanı yerdə qoymayacağam. Anamın da, qızımın da intiqamını alacağam”.

 

Emin

ŞƏRH YAZ
Ad

E-mail

Şərh