Reklam

Nazirliklər iqtisadi krizis dövrünə necə uyğunlaşacaq?

Gündəm 20 Oktyabr 2015 17:17 Oxunub 1271
Nazirliklər iqtisadi krizis dövrünə necə uyğunlaşacaq?
WhatsApp kanalımıza abunə ola bilərsiniz
"Xidməti avtomobillərin sayının azaldılması, normal hal kimi qəbul edilməlidir"

Yayılan məlumatlara görə, maaşdan əlavə “paket” alan bir sıra dövlət müəsisələrində artıq əlavə əməkhaqları ləğv edilib. Bundan başqa, məmurlara verilən xidməti avtomobillərin də azaldılacağı bildirilir. Araşdırmalara görə, 60 ədəd xidməti avtomobilin saxlanılmasına il ərzində təxminən 200 min manata yaxın vəsait tələb olunur. Özü də bura avtomobilin qiyməti daxil deyil. Məmurların xidməti avtomobillərinin qiyməti isə 70-200 min manat arasında dəyişir.  

Avtosfer.az xəbər verir ki, bu barədə musavat-a danışan politoloq Qabil Hüseynli bildirib ki, hazırkı dövrdə bu cür hallara diqqət edilməlidir: “Hər bir ölkə özünün anti-böhran tədbirlərini həyata keçirməlidir. Xidməti avtomobillərin sayının azaldılması,  normal hal kimi qəbul edilməlidir. Çünki  o maşınların qiyməti bir yana, onların saxlanılması da  xeyli əlavə xərclərə səbəb olur.  O avtomobillərin satışa çıxarılması, elə məmurların özünə satılması dövlət xəzinəsinə xeyli vəsaitin əlavə olunmasına səbəb olar.  Ölkədə yüksək əmək haqları da azaldılmalıdır. Məsələn, hüquq-mühafizə  orqanları sistemində maaşlar həddindən artıq yüksəkdir. Onları azaltmaq lazımdır. Durub, müəllimin maaşını azaltmayacaqlar ki? Anti-böhran tədbirləri elə həyata keçirilməlidir ki, bu əhalinin yoxsul təbəqəsinə ziyan vurmasın”. 

Mövzu ilə bağlı musavat.com-a açıqlamasında iqtisadi ekspert Rəşad Həsənov isə aşağıdakıları söyləyib: “Son on ildə ölkə idarəetməsində təsərüfat xərclərinin kəskin artımı müşahidə olunurdu. Bu mövcud iqtisadi vəziyyətdən yaranmış situasiya idi. Düşünürəm ki,  bundan sonrakı dövrdə maliyyə nazirliyini bununla bağlı sərt  tədbirlər görəcək. Demək olar ki, bu artıq 2016-cı ilin dövlət büdcəsində öz əksini tapıb. İdarəetmə xərcləri mümkün qədər azaldılıb. Belə olan halda mümkündür ki, nazirliklər özləri də əlavə israfçılığın qarşısını almaq məqsədi ilə müəyyən tədbirlər görsünlər.  Bahalı avtomobillərin alınması və onların  səmərəsiz şəkildə istifadə edilməsi, tez-tez dəyişilməsi , şöbə müdirlərinə verilməsi və digər bu kimi faktorların qarşısı alınacaq. Sonradan hansısa formada ölkə iqtisadiyyatında tarazlaşma baş verərkən, yenidən bu kimi halların  sayı arta bilər. Ona görə də hazırkı şəraitdə yaxşı olar ki,  xərclərin qarşısını almaqla paralel olaraq, bu istiqamətdə müəyyən hüquqi təminat da  formalaşdırılsın. Lazım olmadığı halda bu istiqamətdə xərclər mümkün qədər məhdudlaşdırılsın”.

Beləliklə də görünən odur ki, iqtisadi krizis getdikcə, nazirlikləri də “rəndələcəyək”.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh