Banner

Neftdən gələn gəlirlər iqtisadiyyatın vacib sahələrinə yönəldildi

Gündəm 30 Mart 2017 11:05 Oxunub 1651
Neftdən gələn gəlirlər iqtisadiyyatın vacib sahələrinə yönəldildi
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Heydər Əliyevin neft strategiyası Azərbaycanın dünya iqtisadi sisteminə inteqrasiyasında və müstəqilliyimizin möhkəmləndirilməsində həlledici rol oynadı

Azərbaycan müstəqillik əldə etdikdən sonra 90-cı illərin əvvəllərində bir çox çətinliklərlə üzləşdi. SSRİ-nin keçmiş respublikaları ilə Azərbaycan Respublikası arasında iqtisadi əlaqələrin qırılması, respublika ərazisində qeyri-sabitliyin mövcud olması, maliyyə və texniki təchizatın sıfra enməsi ölkə iqtisadiyyatını ağır böhran vəziyyətinə saldı. Bu vəziyyət isə çox ağır nəticələr verə bilərdi. Belə bir ağır vəziyyətdə xalq üzünü Heydər Əliyevə tutdu. İkinci dəfə hakimiyyətə gələn Heydər Əliyev yenə də dəmir iradəsini nümayiş etdirdi. Onun həyata keçirdiyi siyasətin ana xəttini və istinad nöqtəsini ölkənin daxili imkanlarının səfərbər olunması təşkil edirdi. "Respublika iqtisadiyyatı, demək olar ki, tamamilə dağılıb, xalqın rifah halı aşağı düşüb", - deyən Heydər Əliyev eyni zamanda bəyan edirdi ki, respublikanın böyük sosial-iqtisadi, elmi-texniki potensialı var: "Azərbaycanın coğrafi-siyasi vəziyyəti, onun təbii sərvətləri, uzun illər boyu yaranmış əsas fondları respublikanı bu ağır böhrandan çıxarmağa imkan verir. Dıgər tərəfdən, yeni islahatlar aparmaq yolu ilə bazar iqtisadiyyatına keçmək istiqamətində hərəkət etməliyik".

NEFT STRATEGİYASI

Müstəqillik tariximizin ilk illərində neft və qaz hasilatının artırılması ölkəmizin qarşılaşdığı iqtisadi və sosial çətinliklərin aradan qaldırılmasında əsas vasitələrdən biri hesab olunurdu. Belə bir şəraitdə maliyyə vəsaitinin məhdudluğu xarici şirkətlərin və investorların cəlb olunmasını zərurətə çevirmişdi. Çünki bütün bu çətinliklər maliyyə, texniki və digər problemlər aşkar edilmiş "Azəri", "Çıraq", "Günəşli" kimi yataqların işlənməsinə imkan vermirdi. Belə vəziyyətdə Heydər Əliyev "Neft Azərbaycanın milli sərvətidir" devizi ilə çıxış edərək, respublikanın neft sənayesinin bərpası və inkişafı ilə yaxından məşğul oldu. Neft sənayesində yaranmış çətin vəziyyətdən çıxmaq və ölkəmizin karbohidrogen ehtiyatlarının mənimsənilməsi üçün iki variantdan birini seçmək lazım idi. Ya 15-20 il ölkəmizin maliyyə-iqtisadi vəziyyətinin əlverişli olmasını gözləmək, ya da xarici neft şirkətlərini dəvət etmək lazım idi. Azərbaycan xalqının ümummilli lideri xarici iri neft şirkətlərini Azərbaycana dəvət etmək qərarına gəldi və "Yeni neft strategiyası" tez bir vaxtda işlənib hazırlandı. O dövrdə Azərbaycan Prezidentinin sərəncamı ilə Azəri-Çıraq-Günəşli (dərin sulu hissəsi) yataqlarının işlənməsi üzrə xarici şirkətlərlə danışıqlara başlandı. Elə ilk günlərdən ARDNŞ-in birinci vitse-prezidenti İlham Əliyev danışıqlar prosesinə cəlb edildi, yeni neft strategiyasının hazırlanmasının və uğurla həyata keçirilməsinin ən fəal iştirakçılarından oldu. 1994-cü ilin sentyabrın 20-də Azəri-Çıraq-Günəşli (dərin sulu hissəsi) yataqlarının işlənməsi üzrə dünyanın 7 ölkəsinin 11 məşhur neft şirkəti ilə "Məhsulun Pay Bölgüsü" sazişi - "Əsrin müqaviləsi" imzalandı. Bu müqavilə haqlı olaraq ölkənin iqtisadi siyasətinin əsasını təşkil etdi. Belə ki, bu sənəd respublikanın bütün iqtisadiyyatının inkişafına təkan verdi. Nüfuzlu neft şirkətləri ilə iş birliyinin qurulması Azərbaycan dövlətinin siyasi və iqtisadi müstəqilliyinin möhkəmləndirilməsinə, beynəlxalq aləmdə mövqeyinin güclənməsinə şərait yaratdı. "Əsrin müqaviləsi"ndən sonra inkişaf etmiş dünya dövlətlərinin Azərbaycana marağı artdı, iqtisadiyyata, xüsusilə də neft sektoruna çoxmilyardlı xarici investisiyaların axını başlandı. Beynəlxalq neft sazişlərinin imzalanması ilə neft sazişlərində iştirak edən şirkətlərlə səmərəli və qarşılıqlı faydalı əməkdaşlığın inkişafı üçün əsaslı təməl quruldu, ölkənin geosiyasi mövqeyinin daha da möhkəmlənməsi, dünya iqtisadiyyatına inteqrasiya prosesinin sürətlənməsi üçün şərait yarandı. Bunlar çoxvariantlı nəql sisteminin yaradılmasını gündəmə gətirdi. Neft strategiyasının mühüm tərkib hissəsini xarici şirkətlərlə birlikdə hasil olunan neftin və qazın irihəcmli nəqlini və xarici bazarlara ixracını təmin edəcək çoxvariantlı boru nəqliyyat infrastrukturunun yaradılması təşkil edirdi. Belə ki, neft strategiyasının həyata keçirilməsinin ilk illərində Bakı-Novorossiysk və Bakı-Supsa boru kəmərləri yenidən quruldu.

Neft strategiyasının reallaşması ölkədə köklü iqtisadi islahatların həyata keçirilməsi üçün də əlverişli zəmin yaratdı. 1995-ci ildən etibarən ölkə rəhbərliyinin təşəbbüsü və beynəlxalq təşkilatların, o cümlədən Beynəlxalq Valyuta Fondunun və Dünya Bankının dəstəyi ilə Azərbaycanda makroiqtisadi sabitliyin təmin edilməsi və iqtisadiyyatın liberallaşdırılması istiqamətində bir çox addımlar atıldı. 

Ümummilli lider Heydər Əliyev tərəfindən həyata keçirilən ardıcıl və məqsədyönlü siyasət nəticəsində ölkədə ictimai-siyasi sabitlik təmin olundu, istehsalatda yaranan geriləmənin qarşısı alındı. Bununla da Azərbaycanın iqtisadi inkişafında mahiyyətcə yeni mərhələnin təməli qoyuldu. Bu uğurun əsasında isə Heydər Əliyevin neft strategiyası dururdu.

NEFT FONDU

Gəlirlərin toplanması və səmərəli idarə edilməsi də mühüm əhəmiyyətə malik idi. Hasilatın pay bölgüsü sazişlərinin xarici şirkətlərlə imzalanması və bu sazişlərin təsdiqi prosesinin ictimaiyyətə açıq şəkildə çatdırılması neft sərvətlərinin idarə edilməsində şəffaflığın qurulması istiqamətində ilk addım oldu. Ulu öndərin qətiyyətli siyasəti nəticəsində dünya sisteminə uğurlu inteqrasiya neft gəlirlərinin idarə edilməsi sahəsində iqtisadiyyatda ən yaxşı təcrübələrin tətbiqinə yol açdı. Neft və qaz satışından əldə olunan gəlirlərin toplanaraq səmərəli idarə edilməsi, həmin vəsaitlərin müxtəlif sahələrin inkişafına və sosial-iqtisadi baxımdan mühüm əhəmiyyət kəsb edən layihələrin həyata keçirilməsinə yönəldilməsi gündəmə gəldi. Bu məqsədlə Heydər Əliyevin 29 dekabr 1999-cu il tarixli 240 nömrəli Fərmanı ilə Azərbaycan Respublikası Dövlət Neft Fondu təsis edildi. Neft Fondunun Əsasnaməsi Azərbaycan Respublikası Prezidentinin 29 dekabr 2000-ci il tarixli 434 nömrəli Fərmanı ilə təsdiq edildi. Bu Neft Fondunun yaradılması ümummilli lider Heydər Əliyev tərəfindən əsası qoyulmuş uğurlu Milli Neft Strategiyasının ayrılmaz hissəsi idi. Yaradılarkən 271 milyon ABŞ dollarına bərabər olan Neft Fondu əməli fəaliyyətə 2001-ci ilin iyul ayında Fondun vəsaitlərinin yerləşdirilməsi qaydalarının Prezident Fərmanı ilə təsdiq edilməsindən sonra başladı. Azərbaycan Respublikası Dövlət Neft Fondu haqqında Əsasnaməyə uyğun olaraq Neft Fondunun əsas vəzifəsi Azərbaycan Respublikası vətəndaşlarının bugünkü və gələcək nəsillərinin mənafeyi naminə neft və qaz ehtiyatlarının kəşfiyyatı və işlənməsi sahəsində bağlanmış sazişlərin həyata keçirilməsindən və Fondun öz fəaliyyətindən əldə olunan vəsaitlərin yığılmasını və səmərəli idarə olunmasını təmin etmək idi. Neft Fondunun fəaliyyəti ölkə qarşısındakı aşağıdakı mühüm vəzifələrin həllinə yönəldildi:

1. Böyük həcmdə xarici valyutanın daxil olması şəraitində ölkədə makroiqtisadi sabitliyin qorunması və fiskal intizamın təmin edilməsi, eyni zamanda, neft gəlirlərindən asılılığın azaldılması;

2. Neft və qazın bərpa edilməyən təbii ehtiyat olduğunu nəzərə alaraq, onlardan əldə edilən gəlirin nəsillər arasında bərabər bölüşdürülməsi və gələcək nəsillər üçün ehtiyat vəsaitin toplanması;

3. Ölkənin sosial-iqtisadi tərəqqisi naminə mühüm ümummilli layihələrin maliyyələşdirilməsi.

 

FOND MÜHÜM STRATEJİ LAYİHƏLƏRİ MALİYYƏLƏŞDİRİR

Yaradılarkən cəmi 271 milyon ABŞ dollarına bərabər olan Neft Fondu bu gün 34 milyard dollardan çox vəsaitə sahibdir. 2001-ci ildən bəri fopnda toplanan vəsait hesabına ölkəmiz üçün bir çox layihələr maliyyələşdirilib və maliyyələşdirilir. Bunlar Heydər Əliyevin uzaqgörənliyinin  nəticəsidir. Əgər vaxtında Neft Fondu yarıdılmasa idi, neft və qaz satışından əldə etdiyimiz gəlirləri sağa-sola xərcləsəydik bu günkü uğulara nail ola bilməzdik. Budur Heydər Əliyevin böyüklüyü. Bəli, onun uğulu siyasətinin nəticəsidir ki, DNF-nin vəsaiti hesabına ölkədə mühüm infrastruktur və sosialyönümlü layihələrin maliyyələşdirilməsi həyata keçirilib və keçirilir. Belə ki, ARDNF tərəfindən qaçqınların və məcburi köçkünlərin sosial-məişət vəziyyətinin yaxşılaşdırılması ilə bağlı tədbirlərin maliyyələşdirilməsi həyata keçirilib. 2001-2016-cı illər ərzində respublikanın 30-dan artıq şəhər və rayonunda Dövlət Neft Fondundan və digər mənbələrdən ayrılmış vəsait hesabına 3,2 milyon kvadrat metr sahəsi olan, bütün sosial-texniki infrastruktura malik 95 müasir qəsəbə salınıb. Bunun da 3,0 milyon kvadrat metr yaşayış sahəsinə malik  90-ı , yaxud 95 faizi son 13 ildə inşa edilib. Yeni yaşayış məntəqələrində 150 məktəb, 6 musiqi məktəbi, 1 incəsənət məktəbi, 1 mədəniyyət sarayı, 50 mədəniyyət mərkəzi, 59 uşaq bağçası, 58 tibb məntəqəsi, 2 olimpiya idman kompleksi tikilib, 718 kilometr yol, 960 kilometr su, 1605 kilometr hava elektrik, 442  kilometr qaz, 66 kilometr rabitə, 26 kilometr istilik, 89 kilometr kanalizasiya xətti, 163 kilometr drenaj şəbəkəsi çəkilib, 830 ədəd müxtəlif gücə malik elektrik transformatoru quraşdırılıb. Beləliklə, indiyədək 50 min ailə və ya 250 min nəfər qaçqın və məcburi köçkünün mənzil-məişət şəraiti yaxşılaşdırılıb. Fondun 2017-ci il üzrə büdcəsindən bu məqsədə 90 milyon manat ayrılıb.

Neft Fondun vəsaiti hesabına beynəlxalq əhəmiyyətli strateji infrastruktur layihələri də həyata keçirilib və keçirilir. Fondun maliyyələşdirdiyi Bakı-Tbilisi-Qars yeni dəmir yolu layihəsi Azərbaycanın regionda siyasi nüfuzunun güclənməsinə təkan verməklə bərabər, respublikamızın Qərbə doğru inteqrasiyasına, Azərbayan, Gürcüstan və Türkiyə arasında siyasi və iqtisadi münasibətlərin inkişafına şərait yaradacaq. Asiya ilə Avropanı birləşdirən nəqliyyat dəhlizinin reallaşması üçün bu il 165 milyon 825 min manat xərclənəcək.

Dövlət Neft Fondunun maliyyələşdirdiyi layihələr sırasında Bakının su təchizatı ilə bağlı problemlərin əsaslı şəkildə həllini təmin edəcək Oğuz-Qəbələ zonasından Bakı şəhərinə su kəmərinin çəkilməsi və Samur-Abşeron suvarma sisteminin yenidən qurulması layihələri də mühüm yer tutub. Bu iki iri su layihələrinin reallaşması Heydər Əliyevin milli neft strategiyasının məntiqi nəticələri sırasına daxildir. Belə ki, Strategiyanın ilk mərhələsində neftin ixracını təmin edəcək Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəməri inşa olundu, növbəti mərhələdə neftin ixracından əldə edilmiş gəlirlər hesabına su kəməri tikilməyə başlandı. Oğuz-Qəbələ-Bakı su kəməri layihəsi üzrə Azərbaycan Respublikası Dövlət Neft Fondundan ümumilikdə 779,6 mln. manat vəsait ayrılıb və layihənin maliyyələşdirilməsi başa çatıb. “Samur-Abşeron kanalı sistemi üzrə Uzunmüddətli Strategiya və Texniki-İqtisadi Əsaslandırma” 2004-cü ildə Yaponiyanın "Nippon Koei" və yerli "Sulako" şirkətləri tərəfindən hazırlanıb. 31 dekabr 2016-ci il tarixinə Dövlət Neft Fondundan layihənin maliyyələşdirilməsinə dair müqavilələr üzrə ümumilikdə 1 309,6 milyon manat, o cümlədən 2016-cı il ərzində 70 milyon manat vəsait istifadə olunub. Bu ilki büdcədən bu məqsədlə əvvəlki ildə olduğu kimi 70 milyon manat ayrılıb. Bundan başqa, neftdən əldə edilən gəlirlər hesabına hazırda ölkənin kadr potensialının artırılması istiqamətində də mühüm tədbirlər həyata keçirilir. Bu tədbirlərdən biri kimi, Prezident İlham Əliyev tərəfindən təsdiq edilmiş “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı”nın reallaşması nəticəsində ölkəmizdə müasir tələblərə cavab verən kadr potensialının yaradılmasına, gənc nəslin təhsil səviyyəsinin artırılmasına və beynəlxalq səviyyəyə çatdırılmasına şərait yaranıb. Proqramın, ilk növbədə ARDNF-in vəsaiti hesabına maliyyələşdirilməsi “qara qızılın insan kapitalına çevrilməsi” ideyasının reallaşmasına doğru atılmış strateji bir addımdır. Onun maliyyələşdirilməsinə Neft Fondundan 29 milyon 304 min manat ayrılıb.

Hazırda Font tərəfindən bir sıra layihələr də maliyyələşdirilir. Məsələn 2014-2016-cı illər ərzində Cənub Qaz Dəhlizi layihələrində Azərbaycanın iştirak payının maliyyələşdirilməsinə ARDNF-in büdcəsi çərçivəsində ümumilikdə 1 232,1 mln. dollar və yaxud 1 530,3 mln. manat  (o dövrün məzənnəsi ilə) vəsait yönəldilib.  Bu il isə bu məqsədə 496 milyon155 min manat nəzərdə tutulub. Bundan başqa, fondun vəsaiti hesabına Azərbaycan üçün mühüm siyasi, iqtisadi və strateji əhəmiyyətə malik olan Bakı-Tbilisi-Ceyhan əsas neft ixrac boru kəməri layihəsində Azərbaycan Respublikasının iştirak payının maliyyələşdirilməsi həyata keçirilib. Göründüyü kimi, ARDNF inkişaf fondu kimi çıxış edir. Fondun ölkə həyatında rolunu diqqətə çatdırmaq üçün iki rəqəmi də diqqətinizə çatdırmaqda fayda var. Layihələrin həyata keçirilməsində fonddan dövlət büdcəsinə transfert edilən 6 milyard 100 min manat, Azərbaycan Respublikasının Mərkəzi Bankına transfert ediləcək 7 milyard 500 min manat da rol oynayacaq. Ümumilikdə Neft Fondunun xərcləri bu il 14 milyard 483 milyon 856 min manat nəzərdə tutulub. DNF-in önəmli vəzifələrindən biri isə neft gəlirlərinin bir hissəsini gələcək nəsillərə saxlamaqdır. «Neft və qaz gəlirlərinin uzun müddətli istifadəsi strategiyası» adlı sənəddə neft gəlirlərinin 25 faizinin gələcək nəsillərə saxlanılması nəzərdə tutulur. Ümummilli lidermiz Heydər Əliyevin, «Mənim məqsədim Neft Fondunu Azərbaycanın gələcək nəsilləri üçün saxlamaqdır», ifadəsi bunu bir daha sübut edir. Bax budur Heydər Əliyeb böyüklüyünün nəticəsi.

 AZƏRBAYCANIN TƏCRÜBƏSİ DİGƏR ÖLKƏLƏR ÜÇÜN NÜMUNƏDİR

Yuxarıda qeyd etdiyimiz kimi ARDNF tərəfindən bir sıra layihələrin maliyyələşdirilməsinə böyük vəsait  ayrılır və onların xərclənməsi nəzarət tələb edir. Fonddan bildirildiyinə görə bütün layihələr üzrə sənədləşmələrin qanunvericiliyə uyğun aparılmasına nəzarət edilir. Eyni zamanda layihələrin icrası barədə, ayrılan vəsait haqqında məlumat Neft Fondunun internet səhifəsində yerləşdirilir, layihələrə ayrılan xərclər Neft Fondunun büdcəsinin xərc maddəsini təşkil etməklə, parlamentin müzakirəsinə çıxarılan icmal büdcəsinin xərclərinə daxil edilir və həmçinin Fondun Müşahidə Şurasında müzakirə olunur. Azərbaycan böyük neft gəlirlərinə malik bir ölkə kimi belə gəlirlərin şəffaflığının təmin edilməsində maraqlı olduğunu, buna çalışdığını və nail olduğunu bütün dünyaya nümayiş etdirir. Bu həm beynəlxalq maliyyə qurumları, həm də qərb biznes dairələri və investorlar üçün maraq doğuran bir məsələdir.

NƏTİCƏ

Neft Fondunun vəsaitini formalaşdıran mənbələrin qanunverici əsasını və iqtisadi bazasını 1994-cü il 20 sentyabr tarixində imzalanmış "Əsrin müqaviləsi" təşkil edib və bu tarix Azərbaycan xalqının yaddaşında müstəqil inkişafımızın ən əlamətdar və unudulmaz hadisəsi kimi yadda qalıb və qalacaq. Ümummilli lider Heydər Əliyev özünün düşünülmüş məqsədyönlü siyasətinin əsasını təşkil edən neft müqavilələrini ilk növbədə dünya siyasətinin aparıcı qüvvələri olan böyük dövlətlərlə bağlamaqla, qarşıya çıxan problemlərin həlli üçün əlverişli zəmin yaratdı. Ulu öndərin nəhəng dövlətçilik təcrübəsi, fitri idarəçilik qabiliyyəti, qətiyyətli siyasəti və müdrik qərarları ilə 1994-cü ildən başlayaraq yerli neft strategiyası Azərbaycanın dünya iqtisadi sisteminə inteqrasiyasında və ölkəyə xarici investisiyaların cəlb olunmasında həlledici rol oynadı, müstəqilliyimizi möhkəmləndirdı, iqtisadi tənəzzülün qarşısını aldı və onun inkişafına təkan verdi. Birsözlə neftdən gələn gəlirlər iqtisadiyyatın vacib sahələrinə səmərəli şəkildə yönəldildi

Bu gün həyatımızın elə bir sahəsi yoxdur ki, orda ümummilli liderimizin əlinin izi olmasın. Bu siyasi kursa Azərbaycanda alternativ yoxdur. İndi biz bu möhtəşəm strategiyanın real nəticələrinin və bəhrələrinin şahidiyik. Xalqımız xoşbəxtdir ki, ümummilli liderimizin siyasi kursu bu gün onun layiqli siyasi varisi ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən nəinki uğurla davam etdirilir, eyni zamanda daha da inkişaf etdirilir, zənginləşdirilir. İndi Azərbaycan iqtisadi inkişaf edir, əhəmiyyətli regional və beynəlxalq layihələrin təşəbbüskarı və iştirakçısıdır. Azərbaycanın nüfuzu gündən günə artmaqdadır. Budur  bu günün reallığı.

Namiq Musayev

Yazı İqtisadiyyat Nazirliyi tərəfindən KİV nümayəndələri arasında elan edilmiş yaradıcılıq müsabiqəsinə təqdim edilir

ŞƏRH YAZ
Ad

E-mail

Şərh