Niyə metronu ölüm yoluna çeviririk? - FOTO - VİDEO
Tədris ilinin başlamasından bəri metrodakı sıxlıq, izdihamla bağlı çoxsaylı videolar və məlumatlar görürük. Sərnişinlərin üzləşdiyi problemlər arasında növbə, metroya giriş və çıxışdakı sıxlıq əsas yer tutur. Son günlər isə metroda interval gecikmələri ilə əlaqədar tez-tez rəsmi məlumatlar paylaşılır.
Avtosfer.az qafqazinfo-ya istinadən xəbər verir ki, ötən həftə eyni gündə metroda baş verən iki bədbəxt hadisə cəmiyyətdə narahatlığa səbəb olub. Belə ki, oktyabrın 3-ü günorta saatlarında metronun “28 May” stansiyasında təxminən 50-55 yaşlarında kişi sərnişin stansiya yoluna düşüb. Sərnişin stansiya yolundan çıxarılsa da, vəfat edib. Baş verən hadisə metroda qatarların hərəkətində 17 dəqiqə yubanmaya da səbəb olub.
Axşam saatlarında isə oxşar hadisə metronun “Ulduz” stansiyasında qeydə alınıb. Belə ki, bu şəxs də stansiya yoluna düşüb. Nəticədə hadisə ilə bağlı intervaldan əlavə 24 dəqiqə yubanma yaranıb. Amma xoşbəxtlikdən onun həyatını xilas etmək mümkün olub.
Sərnişinin vəziyyəti ilə bağlı Kliniki Tibbi Mərkəzin mətbuat katibi Ruzbeh Məmməd sorumuza cavab olaraq bildirib ki, onun hər iki ayağı amputasiya olunub: “Hazırda reanimasiyada müalicəsi davam etdirilir. Yaxın günlərdə şöbəyə köçürülməsi nəzərdə tutulub. Vəziyyəti ağır stabil qiymətləndirilir”.
Hadisələrdən biri sıxlığın ən çox müşahidə olunduğu “28 May”, digəri isə tam əksinə olaraq daha az insan sayının rast gəlindiyi “Ulduz” stansiyasında qeydə alınıb.
Metrodakı bu bədbəxt hadisələrin səbəbi nə ola bilər? İntihar yoxsa, ehtiyatsızlıq?
Bu nəqliyyat növündən gündəlik istifadə edən sərnişinlərlə həmsöhbət olduqda deyirlər ki, bəzi stansiyalardakı sıxlıqlar insanın müvazinətini itirməyinə gətirib çıxara bilər. Hətta bir anlıq ehtiyatsızlıqla insan stansiya yoluna belə yıxıla bilər. Belə hallar daha çox qatar dayandıqdan sonra sərnişinlərin eniş və giriş vaxtı yaşanır. Çünki çoxu eniş edənlərin növbəsini gözləmədən minməyə çalışır. Bəziləri isə qatarda adam çoxluğunu nəzərə almadan qapını tutaraq çətinliklə özlərini içəri salırlar. Bu hadisələr həmişə hansısa sərnişinin qapı arasında qalması, yaxud qatar yoluna düşməsi ilə nəticələnməsə də, yaranan sıxlıq səhhətində problem olan şəxslər üçün dözülməz hala çevrilir. Statistikaya nəzər salsaq, metroda ürəktutmadan vəfat edənlərin də sayı az deyil.
Mövzu ilə bağlı fikirlərini öyrəndiyimiz psixoloq Fuad Əsədov deyir ki, bu hadisələrin baş vermə səbəbi hələ məlum olmasa da, intihar hadisələri ilə bağlı xəbərlər yazıldıqca və yayıldıqca onların sayı da çoxalır: “Hər iki hadisə ilə bağlı hələ ki, araşdırmalar gedir. Hadisələrin intihar, yoxsa ehtiyatsızlıq zəminində baş verdiyi məlum deyil. Amma bu hadisədən yola çıxaraq başqa bir şeyə diqqət çəkə bilərik. Bu da onunla bağlıdır ki, cəmiyyətdə intihar hadisələri ilə bağlı xəbərlər yazıldıqca və yayıldıqca intiharların sayı da çoxalır. Bu, həmişə belə olub. Psixologiyada bu “Werther fenomeni” adlanır. Bir neçə il əvvəl də belə hadisələr baş verirdi. Eyni zaman kəsiyində bir neçə gənc binadan özünü ataraq intihar edirdi. Ola bilər ki, indi baş verən hadisələr də belədir. Lakin bunu dəqiq deyə bilmərik, çünki istintaq davam edir. Hər halda belə hadisələrlə bağlı məlumat paylaşan şəxslər daha diqqətli olmalıdırlar, doğru cümlələrdən istifadə etməlidirlər. Bəzi şəxslər sosial şəbəkə hesablarında belə xəbərləri paylaşarkən intiharı sanki cəsarət nümayişiymiş kimi, ya da ona hansısa bədii, fəlsəfi don geydirərək paylaşmamağa diqqət etməlidirlər”.
Bu məqamda maraqlı sual ortaya çıxır: Ümumiyyətlə, ictimai yerlərdə belə addım atanların məqsədi nə ola bilər?
Psixoloq deyir ki, bu da həmin insanların diqqət mərkəzində olmaq arzusundan yaranır: “Təbii ki, intihar edən şəxslərin əsl istəyi ölməkdir. Lakin bəzi insanlar isterik xarakterli olurlar. Bu da o deməkdir ki, onlar diqqət çəkmək istəyirlər. Onlar ölərkən belə diqqət mərkəzində olmaq istəyirlər. Yaxud da bəzilərinin üsyanı olur... Onlar intihar etdiklərini göstərirlər”.
Metroda bu kimi hadisələrin baş verməməsi üçün hansı tədbirlər görülə bilər?
Təhlükəsizlik eksperti Orxan Musayev deyir ki, təhlükəsizlik baxımından intihar hallarının və platformaya düşmənin qarşısını almaq üçün Avropa ölkələrində hazırda istifadəsi geniş tətbiq olunan avtomatik platforma qapıları quraşdırılır: “Metro həqiqətən də yüksək təhlükə riski mövcud olan və insanların ən çox üz tutduğu, istifadə etdiyi nəqliyyat növlərindən biridir. Metronun əlçatanlığı və rahatlığı ilə bərabər, elementar təhlükəsizlik qaydalarına riayət olunmalıdır. Müasir dövrün tələblərinə uyğun olaraq təhlükəsizlik baxımından intihar hallarının və platformaya düşmənin qarşısını almaq üçün Avropa ölkələrində hazırda istifadəsi geniş tətbiq olunan avtomatik platforma qapıları quraşdırılır. Belə ki, bu avtomatik platforma qapıları metroda qatar dayanacağa yaxınlaşdıqda və tam yerləşdikdən sonra açılır, sərnişin qatara tam təhlükəsiz vəziyyətdə daxil olur. Belə platforma qapılarının ölkəmizdə də tətbiq olunması təhlükəsizlik baxımından əlverişli ola bilər.
Metrolarda baş verən hadisələr təkcə təhlükəsizlik qaydalarının pozulması ilə bağlı deyil, intihar halları ilə də bağlı olur. Bu cür hadisələrin qarşısını almağın yolu platforma qapılarının quraşdırılması və insanların təhlükəsizlik qaydalarına riayət etməsi mövzusunda məlumatlandırılmasıdır. Xüsusilə də azyaşlı uşaqlar metrodan istifadə edərkən valideyn nəzarəti olmalıdır. Metrolarda davranış qaydaları barədə məlumatlandırma keçirilməlidir. İnsanlar mütləq şəkildə metrolardakı təhlükəsizlik nişanlarının tələblərinə əməl etməlidirlər. Metroda işarələnmiş sarı xəttin sərhəddindən keçməməlidirlər. Bütün bu qaydalara riayət edilərsə, metro təhlükəsiz nəqliyyat vaistəsi hesab edilə bilər”.