“Niyə qadınların alt paltarına bənzər şort geyinməsinə etiraz edilmir, amma kişilərin…” - SOSİOLOQ
Son illər ölkəmizin bəzi regionlarında şort, qısa ətək və s. kimi geyimlərlə böllgə əhalisi arasında gəzən şəxslər ya sonda döyülür, bıçaqlanır, ən xoş halda isə tənqi edib, söyüb bölgədən qovurlar. Elə ötən gün Gəncədə də 54 yaşlı şəxs şortla məhəllədə gəzdiyi üçün sakinlər tərəfindən bıçaqlanıb, 43 yaşlı şəxs isə hadisəni törətməkdə şübhəli bilinərək saxlanılıb.
Bu məsələ ilə bağlı ölkənin ziyalı ictimaiyyəti illərdir bütün tərəflərlə maarifləndirmə işləri aparılsa da hələ də bu istiqamətdə heç bir irəliləyişə nail olunmayıb.
Bəs bu mövzuda balansı necə qorumaq olar? Əhalinin hansısa kəsiminə haqq qazandırmaq mümkündür? Ölkədə bu mövzuda hansı istiqamətdə maarifləndirmə işləri görülməlidir?
Bu suallarla bağlı sosioloq Lalə Mehralı Avtosfer.az saytına açıqlamasında deyib ki, bu cür münaqişələr geyimin əxlaq norması kimi qəbul edilib-edilməməsi ilə bağlı yaranır:
“Kiməsə görə geyim əxlaq normasıdır, kiməsə görə isə geyim əxlaq norması kimi qəbul edilməməlidir və bu sadəcə yaşayış tərzi, seçimdir. Mən hesb edirəm ki, harda yaşayırıqsa yaşayaq, həmin cəmiyyətin dəyərlərinə hörmətlə yanaşmalıyıq. Necə ki, məscidə girəndə qadınlar başını bağlamalı olur, müsəlman olsalar da, olmasalar da. Kilsəyə, başqa məbədlərə girəndə oranın qaydalarına əməl edirik. Cəmiyyət də elədir. Burada insanların psixologiyasında anlaşılmaz vəziyyət var. Niyə qadınların açıq-saçıq, alt paltarına bənzər şort geyinməsi kimdəsə qıcıq yaratmır, kimsə qadınların geyiminə fikir bildirmir, amma kişilər şort geyinən kimi əxlaq normaları ortaya atılır? Hamımıza məlumdur ki, kişilər qadınlar kimi cəzbedici, açıq-saçıq şort geyinmir, əksinə, dizdən aşağı və bədənə dar olmayan formada geyim seçirlər. Amma yenə də belə geyim belə etirazla qarşılanır”.
Sosioloq onu da vurğulayıb ki, bir çox təhsil müəssisələrində də eyni vəziyyətdir:
“Əksər universitetlərdə oğlanların saqqal məsələsi, geyim məsələsi problemlərə gətirib çıxarır. Amma qızların göbəyiaçıq, dar geyimi universitetdə mənfi reaksiya yaratmır və buna etiraz edilmir. Cəmiyyətimizdə “azadlıq” anlayışı səhv başa düşülür. “Nə istəsəm edərəm, nə istəsəm geyinərəm” düşüncəsi “azadlıq” kimi qavranılır. Azadlığı “nə istəsəm edərəm, nə istəsəm geyinərəm” düşüncəsi altında cılızlaşdırılmaq olmaz. Əhaliyə ümumilli dəyərlərə hörmət etməyi aşılamaq lazımdır. Azadlığın soyunmaq, çılpaqlanmaq kimi başa düşülməməsi ətrafında maarifləndirmə işlərinin görülməsinə ölkəmizdə ciddi ehtiyac yaranıb”.
Mövzu ilə əlaqədar psixoloq Nizami Orucov saytımıza müsahibəsində deyib ki, əvvəlcə insanlarda qəlibləşmiş, “sümükləşmiş” bəzi düşüncələr aydınlaşdırmalı və həll edilməlidir:
“Məsələn, şortik geyinən oğlanlara pis baxılması, ya da qadınlarda bəzi geyimlərin onların şəxsiyyəti ilə əlaqələndirilməsi halları məntiqə sığmır. Kənardan yaranan təəssürat hər kəs üçün fərqlidir və hər kəsin əxlaq, tərbiyə standartları özünəməxsusdur. Kiminsə qısa geyinməsi, şortik geyinməsi kiminsə standartları, dəyərləri ilə üst-üstə düşməyə bilər. Amma bu ona səbəb vermir ki, psixoloji-fiziki şiddətə yönəlsinlər. Buna heç kimin haqqı yoxdur. Çünki hər kəsin dəyəri, komfort anlayışı özünədir və bu əsas vermir ki, yaxını da olsa, yad da olsa belə sərt müdaxilələr edilsin və etiket yapışdırılsın. Bunların qarşısının alınması üçün beyinlərdəki o önyarğı və standart fikirlər üzərində aydınlaşdırma və düzgün maarifləndirmə işləri aparılmalıdır”.
Səfər