“O maaşa müəllimin məktəbdə enerji sərf etməsinə dəymir” – MÜTƏXƏSSİSDƏN AÇIQLAMA
Təhsil müəssisələrinin tətilə çıxması kursların, eləcə də fərdi müəllimlərin, repetitorların fəaliyyət bazasını genişləndirir. Yeniyetmələr və gənclər özünüinkişafın əsas istiqaməti olaraq xarici dil kurslarını seçir və bəziləri beynəlxalq sertifikat, bəziləri isə daha yaxşı iş əldə edə bilmək üçün bu yöndə yatırım edirlər. Lakin bu məqamda bəzi suallar ortaya çıxır. Necə olur ki, 11 il ərzində xarici dil təhsili verən məktəblər kursun, yaxud fərdi müəllimin şagird üzərindəki nəticəsindən daha aşağı göstəricilərə malik olur? Məktəbin 11 il ərzində öyrədə bilmədiyini kurs və ya repetitorlar 9 ay-1 il ərzində şagirdə 80-90% aşılaya bilir.
Mövzu ilə əlaqədar problemə mütəxəssislər də, keçmiş təhsil naziri Misir Mərdanov da dəfələrlə münasibət bildirib.
İngilis dili tədrisi üzrə repetitor Cəmil Heydərli Avtosfer.az-a açıqlamasında deyib ki, problemin kökündə dayanan bir neçə arqument var və onlar həll edilmədikdə xarici dil öyrənməyə çalışan şəxslər təhsil müəssisələrini yox, kurs və fərdi müəllimləri üstün tutacaq.
“Burada ən böyük faktor əmək haqqıdır. Məktəb müəllimlərinin maaşı çox aşağıdır. Doğrudur, elə kurslar var ki, onlarda da maaş aşağı olur, lakin belə kursların sayı, hətta fəaliyyət istiqaməti də azdır. Yüksək tədris imkanlarına sahib kurslarda müəllimlərin maaşları bir çox hallarda dördrəqəmlidir. Bu müəllimlərin dərs keçmək üçün motivasiyaları daha yüksək olur. Lakin məktəb müəllimlərinin maaşları o qədər aşağıdır ki, onların şagirdə dərs keçmək üçün motivasiyası olmur və o maaş qarşılığında məktəbliyə enerji sərf etməyə dəymir. Bununla yanaşı məktəb müəllimləri ilə kurs müəllimlərinin, eləcə də repetitorların iş yükü arasındakı fərq də bu problemə təsir edir. Müəllimlər məktəb rəhbərliyinin tapşırdığı onlarla sənədin yazılması, cədvəlin doldurulmasını həyata keçirməyə məcburdur. Hələ sinif rəhbəri olduqları zaman bu yük birə-beş artır. Bundan əlavə, məktəb müəllimləri həm də uşaqların tərbiyəsi mövzusunda da iş aparmalı olurlar. Məktəbdə hər psixologiyada şagird ya dərsin pozulması, ya da dərsə hazırlaşmamaq mövzusunda müəllimlərə kifayət qədər mane olurlar. Bütün bunlar müəllimlərin həm psixoloji, həm zehni, həm də fiziki mənada yorulmasına gətirib çıxarır. Lakin krus müəllimləri və repetitorların belə bir öhdəliyi yoxdur. Belə müəllimlər dərsə hazırlıqsız gələn, dərsin tədrisinə mane olan tələbələri məşğələlərdən uzaqlaşdıra da bilərlər. ”
Cəmil Heydərli həmçinin vurğulayıb ki, ən böyük problemlərdən biri müəllimlərin yaşları ilə bağlıdır.
“Məktəblərdə işləyən müəllimlər arasında yaşlı nəslin nümayəndələri həddindən artıq çoxdur. Bəzi hallarda verilən maaş səbəbilə ingilis dili müəllimliyi ixtisasını bitirən tələbələr gedib hansısa məktəbdə aşağı maaşa işləmək əvəzinə kursda, yaxud öz evində xarici dil tədrisi ilə məşğul olmağı üstün tuturlar. Yaşlı nəslin nümayəndəsi olan müəllimlərin əksəriyyəti özlərini inkişaf etdirməklə bağlı heç bir planları yoxdur. Onlar köhnə ədəbiyyatlar, materiallar əsasında xarici dil tədrislərinə davam edirlər. Repetitorlar və kurs müəllimləri isə vaxtaşırı öz ədəbiyyatlarını yeniləyirlər. Buna məcburdurlar. Çünki beynəlxalq sertifikatlar bütün yeniliklər əsasında imtahan edilərək əldə edilir, həmin müəllimlər bu yeniliklərə açıq olmadıqda yüksək nəticə göstərmək də çətinləşir”.
Məsələ ilə bağlı təhsil eksperti Elçin Əfəndi saytımıza açıqlamasında bildirib ki, bu problemin həlli istiqamətində görülən işlər qismən də olsa nəticəni müsbətə doğru dəyişməkdədir.
“Lakin paralelində 11 il ərzində şagird xarici dil öyrənir və yekunda həmin biliklər əsasında imtahan verib beynəlxalq dil sertifikatına sahiblənə bilmirsə, yaxud Dövlət İmtahan Mərkəzinin keçirdiyi buraxılış imtahanlarında uğurlu ola bilmirsə, bu, təbii ki, şagirdin ümumi hazırlıq prosesində, yaxud da bu fənni tədris edən şəxslərin keyfiyyət göstəricilərindən asılı olan prosesdir. Şagird qarşı tərəf, yəni təhsilverən ona istədiyi keyfiyyətli təhsili verə bilmir deyə həmin nəticəni əldə edir, ya da ki, şagirdin özündə bu istiqamətdə maraq yoxdur deyə belə bir mənzərə ortaya çıxır. Lakin biz son illərin göstəricilərinə diqqət etsək görərik ki, şagirdlər həm IX, həm də XI sinif imtahanlarında kifayət qədər müsbət nəticə əldə edə bilirlər. Bununla yanaşı beynəlxalq dil sertifikatlarına sahib ola bilmək üçün gənclərin üz tutduğu əsas istiqamət repetitorlar və kurslardır. Ümumilikdə ölkənin təhsil sistemində bu yöndə atılacaq əsas addım ondan ibarətdir ki, xarici dil üzrə fənləri tədris edən müəllimlər elə şəxslərdən seçilməlidir ki, onlar bu istiqamətdə şagirdlərə, yaxud tələbələrə yüksək nəticə qazandırmaqda maraqlı olsunlar”.
Xatırladaq ki, bir müddət əvvəl keçmiş təhsil naziri Misir Mərdanov açıqlamasında demişdi ki, 11 il məktəbdə rus dilini öyrətməyə çalışırıq, öyrədə bilmirik, gedib Rusiya bazarlarında 1-2 ay işlədikdən, 3 il əsgərlikdən sonra öyrənir.
Mütəxəssislərin sözlərinə görə, məktəblərdə xarici dil öyrətmək üçün dövlətlərin atmalı olduğu addımlar var ki, bunu bir çox inkişaf etmiş ölkələr, eləcə də onların nümunələrində inkişaf etməkdə olan ölkələr istifadə edirlər. Bütün hallarda ilkin təsir vasitəsi kimi müəllimlərin maaşlarının yüksək olması və onların psixoloji vəziyyətinin tədrisə uyğunluğu nəzərə alınmalıdır.
Qeyd: Material Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin (MEDİA) maliyyə dəstəyi ilə “Elmi-kütləvi, mədəni-maarif, təhsil proqramlarının hazırlanması” istiqaməti üzrə hazırlanıb.
Müəllif: Səfər Əlizadə